Modern.az

General niyə özünü GÜLLƏLƏMƏDİ…

General niyə özünü GÜLLƏLƏMƏDİ…

26 May 2020, 09:08

Zabit ömrü, general şərəfi... Bu ifadələr özünü hərbçi peşəsinə həsr etmiş şəxslər üçün həmişə böyük anlam daşıyıb. “Hərbçilərin yazılmamış qanunları”na görə, əsl zabit, əsl general şəxsinə qarşı hansısa aşağılanmanı, rütbəsinin geri alınmasını, rüşvət və korrupsiyada ittiham olunmasını öz şərəfinə sığışdırmamalıdır.

Əsl general müharibə şəraitində heç vaxt təslim olmamalı, əsir düşməməlidir, ya sonacan vuruşub həlak olmalı, ya da əsir düşməmək üçün özünü güllələməlidir. Tarixdə belə faktlar kifayət qədərdi… Rütbəsini və daşıdığı hərbi geyimi hər şeydən uca tutan yüksək çinli zabitlər bu kimi hallarda intiharı üstün tutublar.

Generallar biabır olmamaq üçün intihar yolunu seçərkən özlərini zəhərləmirlər, yaxud da asmırlar...

Generallar özlərinin tabel silahlarını gicgahlarına dirəyib, sadəcə bircə atəş açırlar. Vəssalam.

General rütbəsinə qədər, uzun illər boyu qazandıqları şərəfi buraxdıqları səhvə qurban verməmək üçün, günahlarını gülləylə yuyurlar. Və elə general kimi də dünyadan köçürlər. Sonradan heç bir prokuror təqdimatı, məhkəmə qərarı onları bu general rütbəsindən məhrum edə bilmir.

Çox uzağa getməyək: bir neçə il öncə Türkiyədə adı “Ergenekon” və “Balyoz işi”ndə hallanan xeyli yüksək rütbəli zabit vəzifədən alınmasına və rütbəsinin aşağı salınmasına etiraz əlaməti olaraq intihar etmişdi.

Onlar bu addımla zabit şərəfini üstün tutub məhkəməyə çıxmaqdan imtina etdiklərini göstərmişdilər.

General olmaq çox çətin, şərəfli bir işdir. Bu rütbəyə çatana qədər uzun, məşəqqətli bir yol keçməlisən.


Generallar buraxdıqları hansısa səhvlərə görə (istər sülh dövrü olsun, istərsə də müharibə şəraiti) ona görə özlərini güllələyirlər ki, uzun illər qazandıqları şərəf, namus, vicdan, heysiyyatlarının alçaldılmasını görməsinlər.

Bu o deməkdir ki, əsl general etdiyi günahı özü yumalıdır. Sadəcə, öz silahıyla və bircə gülləylə.  

Son illər Azərbaycanda xeyli yüksək çinli zabit - general həbs olunub, vəzifədən qovulub...

Azərbaycan təcrübəsi göstərdi ki, generallar müxtəlifdir. Var əsl generallar, bir də var general forması geyinib adı general çağrılanlar. Faktlar sübut etdi ki, bizdəkilər general forması geyinib adı general çağrılanlar imiş...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rüşvət və korrupsiyaya bulaşmış məşhur generallarının vəzifədən çıxarılmaqları və ya həbs olunmaqları heç kimin yadından çıxmayıb…

MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov, MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov,  MTN Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova… Hələ MTN-nin adı qara-qura işlərdə hallanan polkovnikləri, polkovnik-leytenantları, digər zabitlərini demirik... Onların bir qismi vəzifədən çıxarıldı, bir qismi həbs olundu, bəzilərinin rütbələri geri alındı...

Bu olaylar zamanı gözləmək olardı ki, general şərəfini ləkələyən həmin zabitlər arasında kimlərsə intihar edəcək... Amma biz bu generallardan heç birinin intihar etməyinə şahidlik edə bilmədik... Nə tabel silahını öz gicgahına dirəyən oldu, nə də boğazına kəndir dolayan... 

Generalı da həbs edərlərmi?.. Bu ağlasığmaz bir şeydir. Amma Azərbaycanda generallar həbs edilir... Etdikləri günahlara görə... General da korrupsiyaya bulaşarmı?.. Təəssüf ki, bizimkilər arasında bulaşanlar var...

Onlar general şərəfini ləkələyib, zabit nüfuzuna xələl gətirdilər, heç “uf” da demədilər... O ki qala intihar etsinlər...


Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...