Modern.az

Sərt karantin rejimin tətbiq olunduğu rayon və şəhərlərin deputatları DANIŞDI

Sərt karantin rejimin tətbiq olunduğu rayon və şəhərlərin deputatları DANIŞDI

6 İyun 2020, 17:40

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu gündən küçəyə çıxmaq qadağası tətbiq olunur. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir. Qərara əsasən, bu müddət ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

 

Mövcud vəziyyət haqqında Modern.az-a danışan bu şəhərlərin deputatları insanların karantin rejiminə riayət etdiyini diqqətə çatdırıblar.

 

50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadənin sözlərinə görə, dövlətin koronavirusla əlaqədar gördüyü işlər vətəndaşlar tərəfindən anlayışla qəbul edilir:

 

 

“Vətəndaşlar anlayır ki, dünən, bu gün, hətta zərurət olduğu zaman gələcəkdə tətbiq olunacaq qaydalar, deyiləcək tövsiyələr onların sağlamlığının yüksək səviyyədə qorunması üçündür. Tətbiq edilmiş xüsusi karantin rejimi, yumşalma və zərurətdən yaranan sərtləşmə prosesi təmkinlə qəbul edilir. Təmsil etdiyim 50 saylı Abşeron-Qobustan dairəsinə daxil olan ərazilərdə də koronavirusla mübarizə yüksək səviyyədə davam edir. Pandemiya və xüsusi karantin rejiminin elan edildiyi ilk günlərdən etibarən Abşeron və Qobustan ərazisində yüksək səviyyədə gigiyenik tədbirlər görülməyə başlanıb. Şəhər, kənd və qəsəbələrin daxilində olan yolların, ictimai iaşə obyektlərinin, dövlət qurumların mütəmadi dezinfeksiya edilməsi, xüsusi səsucaldan qurğularla təchiz edilmiş avtomobillər, polis və hərbiçilər tərəfindən ictimai məlumatlandırılma aparılıb. Həmçinin cənab Prezident İlham Əliyevin ilk çağırışlarından olan 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi üçün “Böyüklərimizi qoruyaq!” aksiyasına başlanılıb, Abşeron və Qobustan ərazisində “Könüllülər qərargahı” yaradılaraq 65 yaşdan yuxarı şəxslərə sosial xidmət göstərilib. Bundan əlavə dövlətimiz tərəfindən 190 AZN birdəfəlik ödəniş üçün müraciət prosesi ilə bağlı təlimatlandırma göstərilib”.

 

Ş. Seyidzadə onu da diqqətə çatdırıb ki, Qobustan rayonunda yerləşən Mərkəzi Xəstəxana da karantinin ilk günlərindən etibarən bütün tibbi heyəti və resursları ilə vətəndaşların sağlamlığı üçün səfərbər olub:

 

“Biz bu məsələ ilə bağlı mütəmadi olaraq xəstəxananın baş həkimi və personalı ilə əlaqə olmuşuq. Sözügedən xəstəxanada müalicə alan həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən yaradılan imkanlar, göstərilən qonaqpərvərlik və tibbi xidmətlə bağlı müsbət fikirlər səsləndirilib. Əlavə olaraq qeyd edim ki, Cənab Prezident İlham Əliyevin göstərişi ilə artıq seçki dairəmizə daxil olan Abşeron rayonunun Saray qəsəbəsində də modul tipli xəstəxana qısa müddətdə inşa edilmiş və yaxın günlərdə fəaliyyətə başlayacaq”.

 

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini Milli Məclisdə təmsil edən Naqif Həmzəyev vurğulayıb ki, Gəncə şəhərinə giriş və çıxış tamamilə məhddlaşdırılıb:

 

 

 

“Artıq uzun müddətdir, bu tətbiq edilirdi. Təlimata uyğun olaraq, şəhərdə vətəndaşların hərəkəti ümumiyyətlə dayandırılıb. Ancaq xüsusi icazəsi olan şəxslər və avtomobillər hərəkət edə bilir. Bu isə çox az müşahidə edilir. Şəhərin bütün küçələrində polis əməkdaşları karantin rejiminə əməl edilməsinə riayət edirlər. Səs gücləndiricilər vasitəsilə əhaliyə xəbərdarlıq edərək, evdə qalmağa çağırırlar. Mən özüm də evdən bayıra çıxmıram, eyvandan və pəncərədən müşahidələrimi aparıram. Görünür ki, bu gün hər kəs təlimatlara uymağa cəhd göstərir. İnanıram ki, yaxın günlərdə ciddi xəbərdarlığa ehtiyac olmadan vətəndaşlar karantin qaydalarına riayət edəcəklər. Bundan sonra yalnız karantin rejiminin müsbət nəticələrini izləmək qalır”.

 

75 saylı Lənkəran – Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə isə koronavirusa yoluxma halının nisbətən yüksək olduğu Lənkəran şəhərində vəziyyətin sabit olduğunu deyib:

 

 

“Bildiyiniz kimi, karantin rejiminin yumşaldılmasından sonra insanların qaydalara bir qədər laqeyd yanaşmasını müşahidə etdik. Qonaqlıqlara qatılmaq, ictimai məkanlarda sosial məsafəni gözləməmək, yas mərasimləri keçirmək, tədbirlərdə iştirak etmək kimi karantin pozuntularına yol verənlər oldu. Nəticədə Lənkəranın bəzi hissələrində koronavirusa yoluxma halları çox oldu. Amma sonradan bütün vəziyyət nəzarətə götürüldü. İndi durum yaxşıdır, hər kəs karantin rejiminin tələblərinə riayət etməyə çalışır. Yoluxma göstəriciləri isə çox olmasa da var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?