Modern.az

O günləri yada salan bir FOTO

O günləri yada salan bir FOTO

Ədəbi̇yyat

9 İyun 2020, 12:44

Abid Tahirli


1987-ci il dekabr ayının 28-də Bakı Filarmoniyasında Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyətinin (“Vətən” Cəmiyyətinin) təsis konfransı keçirilmiş,  Xalq yazıçısı Elçin Cəmiyyətin Rəyasət heyətinin Sədri, respublikanın 76  nəfər görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimi  Cəmiyyətin Şurasına, 26 nəfər isə Rəyasət  heyətinə üzv seçilmişdir.  30 nəfərə yaxın əməkdaşın çalışdığı  Cəmiyyətin bir neçə şöbəsi,  üç əlifba ilə  iki həftədən bir nəşr olunan  tirajı 250 mindən çox olan “Odlar yurdu” qəzeti fəaliyyət göstərirdi. Böyük tarixi və milli missiyanı üzərinə götürən Cəmiyyətin əməkdaşları  ilk günlərdən bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər oldu, geniş miqyaslı fəaliyyətə başladı. Təkcə bir faktı demək kifayətdir ki, 1988-ci il ərzində həmvətənlərdən 1000-dən çox məktub alınmış, onların ünvanına 10-minlərlə ədəd kitab, qəzet, albom, digər elmi-kütləvi nəşrlər göndərilmişdir. Həmin il 18 nəfər  həmvətənimiz, o cümlədən   London Universitetinin professoru Turxan Gənceyi, “Ana dili” qəzetinin (Bonn)  redaktoru Nurəddin Qərəvi, “Xəzər” jurnalının (İstanbul) baş redaktoru Həmid Turan, şöhrətli rəssam Əkbər Behkəlam (Berlin), tələbə Səid Rəfipur (Almaniya), Fransa Müqavimət Hərəkatının iştirakçısı İbadulla Əzimzadə “Vətən” Cəmiyyətinin dəvəti ilə Azərbaycanda olmuş, ölkəmizdə və xaricdə çox sayda irimiqyaslı ədəbi-mədəni tədbirlər həyata keçirilmişdir.

     
Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi münasibəti ilə “Vətən” Cəmiyyətində xaricdən dəvət olunmuş elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən görüş (31 oktyabr, 1988) taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın tarixdə ilk müştərək toplantısı idi. “Vətən” Cəmiyyəti Rəyasət heyətinin  sədri Elçinin açdığı və geniş nitq söylədiyi  tədbirdə  İren Melikoff, Turxan Gənceyi, Əbdüllətif Bəndəroğlu,  Sərvər Tanilli, Qulamrza Təbrizi, İlbər Ortaylı, Şapur Ənsari, Canpyero Bellinceri,  Əli Yavuz Akpinar, Şirin Melikoff, İldırım Dağyeli, Yusif Gədikli, Əyyub və Davud İmdadian qardaşları, Rza Diqqəti, Bəxtiyar Vahabzadə, Anar, Polad Bülbüloğlu, Lütfiyar İmanov, Fərhad Xəlilov, Vilayət Quliyev, Nazim İbrahimov iştirak və çıxış etmişlər.

    
  Bu günlərdə şəxsi arxivimi saf-çürük edərkən  həmin tarixi tədbirə şahidlik edən fotolardan biri  ilə rastlaşdım. Dövrünün sayılıb seçilən istedadlı  fotoqrafı Rasim Sadıqovın kadrında Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi münasibəti ilə “Vətən” Cəmiyyətində keçirilən görüşün iştirakçılarının bəziləri əks olunmuşdur. Görünür, o vaxtkı texniki imkanlar,  aparatura, eyni zamanda zalın quruluşu,  masaların düzülüşü Rasimə görüş iştirakçılarının hamısını eyni vaxtda obyektivə yerləşdirmək imkanı verməmişdir.

    
 Bu fotoda digər bir cəhətdən də maraq doğurur. Həmin vaxtlarda ölkəmizdə  vidiokamera çox az miqdarda, bəlkə də 5-10 ədəd idi. Həmvətənlərimizdən biri Cəmiyyətə Panasonic videokamerası bağışlamışdı, operator ştatı isə yox idi. Mən o vaxt “Odlar yurdu” qəzetində çalışır, eyni zamanda Cəmiyyətdə keçirilən bəzi tədbirləri də lentə alırdım. Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi münasibəti ilə keçirilən görüşü çəkmək də mənə nəsib olmuşdu.


08.06.2020

 


Şəkildə (solda, birinci sıradan): Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri Nazim İbrahimov, yazıçı, filologiya elmləri doktoru, professor  Əzizə Cəfərzadə, Xalq şairi Bəxtiyar Vahabzadə, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, professor İlbər Ortaylı, Xalq yazıçısı Anar, professor Yusif Gədikli, Fatma xanım və onun həyat yoldaşı professor Əli Yavuz Akpinar, professor İlham  Rəhimli, naşir İldırım Dağyeli, azərbaycanşünas alim Canpyero Bellinceri, (ikinci sıra, sağdan) Xalq rəssamı Fərhad Xəlilov,  tanınmış rəssam Davud İmdadian, şərqşünas alim Şirin Melikof, “Vətən” Cəmiyyətinin əməkdaşı Sabir İslam, (arxa planda, ayaqüstə) Abid Tahirli.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir