Modern.az

Baş redaktorlar 3-cü jurnalist binasından DANIŞDILAR: “Bizdə heç 200 keyfiyyətli evsiz jurnalist qalmayıb”

Baş redaktorlar 3-cü jurnalist binasından DANIŞDILAR: “Bizdə heç 200 keyfiyyətli evsiz jurnalist qalmayıb”

10 İyun 2020, 12:40

İyul ayının 22-də Azərbaycan Mətbuatının 145 yaşı tamam olur. Bu il mətbuat nümayəndələri üçün əhəmiyyətli tədbirlərdən birinin – jurnalistlərin üçüncü binasının istifadəyə verilməsinin də reallaşacağı güman edilir.

Artıq mətbuat nümayəndələri də sosial şəbəkələrdə məsələni müzakirə edir, təkliflər səsləndirirlər.

Bəs maraqlıdır, redaksiyaların daxilində də bu söhbətlər aparılıbmı? Bu il hansı redaksiyadan kimlər ev üçün namizəd olacaq?


Modern.az
-ın əməkdaşı bir sıra media orqanlarının rəhbərlərini bu məsələ ilə bağlı danışdırıb.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müzakirələr üçün hələ tez olduğunu hesab edir:


“Bizim millətə “çay gəlməmiş çırmanmaq” xasdır. Jurnalist binaları ilə bağlı əlaqəli qurum hələ qərar verməyib. Şərtlər müəyyən olmadan, irəli çıxmaq milli xarakterimizdəki zəifliyin əlamətidir.

Jurnalist evləri ilə bağlı isə son zamanlar sosial şəbəkələrdə və mətbuatda fikirlər səsləndirilir. Bir-iki neqativ məqamı götürüb, bütün proseslərə qarşı mənfi rəy yaratmaq, qaralamaq istəyən adamlar var. Bu evlərin tikintisi Azərbaycan prezidentinin Azərbaycan jurnalistləri üçün böyük hədiyyəsi, jestidir. Prezident özü də çıxışında qeyd etmişdi ki, jurnalistlərin əməkhaqqı aşağıdır və onunla ev ala bilmirlər. İndiyə qədər həmin binalardan mənzil alan 500-ə yaxın jurnalistin içərisində 30-40 nəfər qaydalara uyğun gəlməyən olubsa, bu o demək deyil ki, proses başdan ayağa qeyri-düzgündür. Yeni tikilən üçüncü binadan 200-dən çox jurnalist mənzil alacaq. Mən hesab etmirəm ki, ölkəmizdə 200 keyfiyyətli jurnalist var. Heç kim tələsməsin, normal obyektiv qərar qəbul olunacaq və yerdə qalan ehtiyacı və haqqı olan jurnalistlərə ev veriləcək”.

“Yeni Müsavat” qəzetinin və “musavat.com” saytının rəhbəri Rauf Arifoğlu bildirib ki, bu barədə redaksiyada rəsmi və ya qeyri-rəsmi - heç bir müzakirə aparılmayıb:


“Hesab edirəm ki, bu müzakirələrin heç bir əhəmiyyəti olmayacaq. Çünki şərtlər elan olunmayıb. Redaksiyada evə ehtiyacı olan xeyli əməkdaş var. Təbii ki, mən onların hər birinə ev verilməsinin tərəfindəyəm. Amma şərtləri mən müəyyən etmirəm. Hər şey açıqlandıqdan sonra bununla bağlı müzakirə olunacaq, demokratik qaydada namizədlər irəli sürüləcək. Şərtlərə uyğun olan əməkdaşlar iddiaçı qismində çıxış edəcək”.  

“Türküstan” qəzetinin və “turkustan.info” saytının rəhbəri Aqil Camal isə redaksiyada ilkin müzakirələrin aparıldığını söyləyib:


“Bu müzakirələr başqa redaksiyalarda olduğu kimi, bizdə də aparılıb. “Türküstan” qəzeti və “türküstan.info” saytı olaraq mənzillə bağlı bir əməkdaşımızın adını təqdim edəcəyik. Növbəti jurnalistlər binası ətrafında müzakirələr və iddiaçılar çoxdur, ona görə də reallıqdan çıxış edərək düşünürük ki, mediada iş stajı, əməyi və mənzilə ehtiyacı olan bir əməkdaşımızın adını təqdim edək. Biz 1-ci və 2-ci binalara da bir namizəd vermişdik. Amma 2-ci binada məqsədli şəkildə bizim  əməkdaşa mənzil verilmədi. Baxmayaraq ki, bütün kriteriyalara cavab verirdi, mənzil ehtiyacı vardı. Bizə çatdırılan qeyri-rəsmi əsaslandırma bu oldu ki, “sizin qəzetə 1-ci binada ev verilib”.

Ona görə bu dəfə başqa bir əməkdaşımızın – Bəxtiyar Səlimovun adını təqdim edəcəyik. Bəxtiyar 20 ilə yaxındır mediadadır – qəzetlərdə, televiziyalarda aparıcı jurnalist kimi çalışıb. 4 nəfərlik ailəsi ilə kirayədə yaşayır. Hesab edirik ki, mediada tanınan və ehtiyac kriteriyalarına cavab verən bir əməkdaşımızın adını vermək doğru addım olar”.

 “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı da namizədlərin müəyyənləşdirilmədiyini söyləyib:


“Hesab edirəm ki, redaksiyalardan öncə məsələ KİVDF rəhbərliyində müzakirə olunmalıdır. Çünki köhnə qaydalarla ədalətli qərar vermək çətin olacaq. Əvvəlki şərtlər uzun illər Azərbaycan mediasında çalışmış və həqiqətən ehtiyacı olan insanların ev almasına ciddi əngəllər yaradırdı. Məsələn, saytımızın redaktoru, uzun illər mətbuatda olan Qurban Yaquboğlu əvvəlki illərdə bu prosesdən kənarda qalıb. Bizdə kollektiv böyük olmasına baxmayaraq, bir saytdan yalnız 3 nəfərin namizədliyini verə bilirik. Ona görə, şərtlərə yenidən baxılmasına ehtiyac var”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə sualımızı bu cür cavablandırıb:


“Üçüncü jurnalist binası ilə bağlı yalnız sosial şəbəkələrdəki müzakirələri müşahidə edirik. Amma hələlik “Ədalət” qəzetində heç bir müzakirə aparılmayıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu