Modern.az

Deputat: “Pandemiyaya baxmayaraq parlamentin işində boşluq yaranmadı”

Deputat: “Pandemiyaya baxmayaraq parlamentin işində boşluq yaranmadı”

Aktual

2 İyul 2020, 10:37

Altıncı cağırış Milli Məclisin ilk sessiyasının yekunlarını çox müsbət və yüksək qiymətləndirirəm. Bu sessiyanı həm də Azərbaycan parlamenti tarixində yeni mərhələnin başlanğıcı saymaq olar”.

 

Bu fikirləri Modern.az-a  açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib.

Komissiya sədrinin sözlərinə görə, altıncı çağırış parlament yeni tərkibli, yeni ruhlu, ölkədə aparılan islahatlar prosesinin ruhuna uyğun olan bir parlamentdir:

“Bildiyiniz kimi, altıncı çağırış Milli Məclis bu ilin martın 10-da fəaliyyətə başladı. İlk açılış iclasında cənab Prezident İlham Əliyev iştirak edərək, parlamentarilər qarşısında geniş və dərin məzmunlu nitq söylədi, qarşıdakı hədəfləri dilə gətirdi, deputatlar qarşısında bir sıra mühüm tapşırıqlar və vəzifələr qoydu. Eyni zamanda, parlamentin yeni rəhbərliyi, komitə və komissiyaların yeni tərkibləri, yeni sədr və sədr müavinləri seçildi. Həmçinin, 28 ildən sonra daha bir ilkə, yeniliyə imza atılaraq, Azərbaycan parlamentinə xanım siyasətçi sədr seçildi. Bizim çox dəyərli həmkarımız, professor Sahibə xanım Qafarova MM-in yeni sədri seçilərək, fəaliyyətinə başladı. Fəaliyyətinin ilk gündən də parlamenti çox demokratik və plüralist şəkildə idarə etməyə başladı. İstər cari məsələlərin, istərsə də qanun layihələrinin hərtərəfli və ətraflı müzakirələrində iştirak və çıxış etmək, irad və təkliflərini bildirmək üçün bütün millət vəkillərinə, siyasi kimliyindən və siyasi mənsubiyyətindən olmayaraq, hər kəsə bərabər şərait və imkanlar yaratdı.

 

Xüsusilə də, parlamentə ilk dəfə seçilmiş və gənc millət vəkillərinə özlərini ifadə etmələri, fəallıq göstərmələri üçün hərtərəfli dəstəyini nümayiş etdirdi. Bütün fikirlərə hörmətlə, ehtiramla yanaşdı, səbr, təmkin, əsl siyasi mədəniyyət nümayiş etdirdi. Heç kimin çıxışını yarımçıq kəsmədi, dayandırmadı, hər kəsə öz fikrini sonacan ifadə etmək imkanı, şansı yaratdı. Bununla yanaşı, biz də İntizam komissiyası olaraq, öz üzərimizə düşən işləri görməyə çalışdıq. İntizam məsələləri, etik davranış qaydalarına əməl edilməsi ilə bağlı bir daha müzakirələrimiz, deputatlarla söhbətlərimiz oldu. Parlament tarixində ilk dəfə olaraq, Komissiyamızın geniş tərkibdə iclasını keçirdik, orada çox məsələlər ətrafında faydalı müzakirələrimiz oldu, bəzi məsələlərin yaxın dönəmdə qanunvericilik səviyyəsində tənzimlənməsi ilə bağlı müəyyən qərarlar alındı və inşallah, onları da qarşıdan gələn payız sessiyasında həll etməyi, reallaşdırmağı nəzərdə tuturuq”.

 

Eldar İbrahimov sessiya ərzində nəzərdə tutulmuş bütün qanun layihələrini, müxtəlif qanunlara və məcəllələrə dəyişiklikləri özündə ehtiva edən qanunvericilik aktlarını qəbul etdiklərini də qeyd edi:

“Ağır və çətin pandemiya şəraitinə baxmayaraq, 4 ay ərzində istər parlamentin, istərsə də komitələrin işində, fəaliyyətində fasilələr, boşluq yaranmadı. Hökumətin, Ombudsmanın, bələdiyyələrin, Hesablama Palatasının və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatları dinlənildi. Eyni zamanda, millət vəkilləri 3 dəfə testdən, müayinədən keçirildi. Bundan savayı, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın çağırışına cavab və dəstək olaraq, Sahibə xanımın təşəbbüsü və iştirakı ilə MM-də qanvermə aksiyası təşkil olundu. İnsanların, vətəndaşların pandemiya ilə bağlı xüsusi karantin rejiminin tələblərinə və şərtlərinə əməl etməsi ilə bağlı bir neçə dəfə parlament rəhbərliyi və millət vəkilləri səviyyəsində çağırışlar edildi. Bununla bağlı həm də qanunvericiliyə-İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər olundu.

Xüsusi vurğulanmalı məqamlardan biri də odur ki, Sahibə xanımın təşəbbüsü və birbaşa rəhbərliyi ilə parlamentin Aparatında kökülü dəyişikliklər, kadr və struktur islahatları həyata keçirildi, bəzi şöbələr ləğv edildi, bəzi birləşdirildi, daha bacarıqlı və qabiliyyətli şəxslər önə çəkildi. Ona görə də hesab edirəm ki, 6-cı çağırış MM-in ilk sessiyası, 4 aylıq fəaliyyəti çox effektli, çox müsbət və çox məhsuldar oldu. Bunu birmənal şəkildə MM tarixində yeni dövrün, yeni mərhələnin başlanğıcı saymaq olar. Bütün bu işlərə görə də parlamentimizin sədri Sahibə xanım Qafarovaya minnətdarlıq edir, ona uğurlar arzulayıram. Hesab edirəm ki, bundan sonrakı dönəmdə də estafet məhz bu cür davam etdiriləcək”-deyə, E. İbrahimov sözlərinə əlavə edib”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar