Modern.az

Ülvi Quliyev: “Düşməni ən çox narahat edən xalq və hakimiyyət birliyidir”

Ülvi Quliyev: “Düşməni ən çox narahat edən xalq və hakimiyyət birliyidir”

Parlament

15 İyul 2020, 16:11

“İşğalçı Ermənistan növbəti dəfə təxribata əl atdı. Dəyərli qardaşlarımızı, övladlarımızı itirdik, şəhidlər verdik. Allahdan onlara rəhmət diləyirik, doğmalarına, bütövlükdə xalqımıza başsağlığı verirəm. Yaralılarımızın tezliklə şəfa tapmasını arzu edirəm”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

 

O qeyd edib ki, dünən xalqımızın, Azərbaycan gəncinin nümayiş etdirdiyi həmrəylik həm düşmənimizə, həm də onun havadarlarına açıq və qəzəbli iradənin haqlı nümayişi idi.

 

“Gəlin unutmayaq ki, düşmənimiz hiyləgər və xaindir, bu xislətdən doğan məkirli niyyət və əməllərinin arxasında tək deyil, illər boyu müşahidə etdiyimiz kimi indi də idarə olunur. Dünən xalqımızın, onminlərlə Azərbaycan gəncinin nümayiş etdirdiyi Ali Baş Komandanımız, Ordumuzla həmrəylik nümayişi həm düşmənimizə, həm də onun havadarlarına açıq və qəzəbli iradənin haqlı nümayişi idi. Lakin təəssüf ki, həmin düşmən heç vaxt bizimlə mərdi-mərdanə mübarizə aparmayıb. Bu düşmən və onun havadarları o qədər hiyləgərdir ki, təəssüf ki, bəzən bizlərin vətənpərvər emosiya və hislərindən də istifadə etməyə nail ola bilirlər. Bunu təkcə içərimizdə olan uzantıları vasitəsilə törətmirlər. Əsas gücü sosial şəbəkələrə verirlər. Hər bir müharibənin nəticəsini təmin edən həm də informasiya, daha doğrusu dezinformasiya savaşıdır. Bu məqsədlə düşmən sosial şəbəkələrdən fəal istifadə edir, saxta məlumat və videolar paylaşır”.

 

Deputat onu da vurğulayıb ki, bu gün düşmənimizi ən çox narahat edən məsələlərdən biri də ölkəmizdəki ictimai sabitlik, vətəndaş-dövlət, xalq və hakimiyyət birliyidir.

 

“Bu səbəbdən onun əsas hədəfi ölkəmizdə sabitliyi pozmaq, xaos yaratmaq dövlət qurumlarına qarşı inamsızlıq toxumunu cücərtməkdir. Çünki düşmən 2016-cı ilin aprelindən sonra əyani şəkildə əmin oldu ki, Azərbaycan Ordusu 28 il əvvəl üzləşdiyi hərbi quruplaşmalar deyil. Əmin oldu ki, Ordumuz yalnız qələbəyə köklənib və bunun üçün həm hərbi təchizatı, həm də sonadək döyüşmək əzmi ruhunda yetişdirilib, rəhbərliyində də İlham Əliyev kimi qətiyyətli Ali Baş Komandan var. Düşmən bu illər ərzində onu da görür ki, artıq Azərbaycan cəmiyyəti də fərqlidir, kifayət qədər yetkindir, Dövlətinə, Prezidentinə və Ordusuna güvənir, onların arxasındadır. Belə bir durumda düşmən öz havadarlarının imkanlarından köməyindən istifadə edərək ölkəmizin içində disbalans yaratmaq cəhdlərindən əl çəkmir. Dediyim kimi, bu məqədlə sosial şəbəkələrdən aktiv istifadə edir. Çox təəssüf ki, Ali Baş Komandana və Ordumuza dünənki dəstək mitinqinin sonunda bir qrup gənci düşünülmüş təxribatın alətinə çevirə bildilər. O da ola bilsin ki, bu qrupda olanların bir çoxu heç bunun fərqinə də varmadılar, kimlərinsə məkirli oyununda məharətlə istifadə olunduqlarını anlamadılar. Həmin qrup Milli Məclisin binasına daxil oldu, ora ziyan vurdu, Polis avtomobilini aşırdı. Bu, açıq təxribatdır, düşmənin və əlaltılarının düzənlədiyi provokasiyadır. Xalqımızın Ali Baş Komandana və Ordumuza dəstək nümayişinə, Qarabağı işğaldan azad etmək həmrəyliyinə kölgə salmaq cəhdidir”.

 

Gənclərə müraciət edən Ü.Quliyev onları ilk növbədə ayıq-sayıq olmağa çağırıb:

 

“Emosiyarımızdan, vətənpərvərlik hislərimizdən, kimlərinsə, o cümlədən açıq və gizli düşmənlərin istifadə etmələrinə imkan verməməliyik, təxribatını dərhal özümüz ifşa etməliyik. Unutmamalıyıq ki, Qarabağımızın işğal olunmasının ən əsas səbəblərindən biri keçmişdə bu cür təxribatlara imkan verməyimiz olub. Ərazilərimizin bir çoxu Qarabağ şüarları altında əslində isə hakimiyyət uğrunda aparılan iyrənc oyunların qurbanı olub. Lakin düşmən, onun açıq və gizli havadarları, orda-burda məkirli ssenarilər yazıb onu Azərbaycanda həyata keçirmək istəyənlər bilsinlər ki, onların bu cür oyunları və niyyətləri əbəsdir, məhvə və ən sərt cəzaya məhkumdur. Çünki bu dövlətin başında cənab İlham Əliyev onun arxasında isə Azərbaycan Xalqı var. Qarabağın azadlığına aparan yol yalnız bu birlikdən keçir. Onlar nə bu birliyə, nə də Qarabağın azad edilməsinə mane ola bilməyəcəklər, qisas isə amansız olacaq!”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi