Modern.az

Komitə sədri: “Parlamentə dünənki hücum arxadan vurulan xəyanətkar zərbəsi idi”

Komitə sədri: “Parlamentə dünənki hücum arxadan vurulan xəyanətkar zərbəsi idi”

Aktual

15 İyul 2020, 17:20

“Ermənistanın Azərbaycana qarşı 12 iyul 2020-ci ildə dövlət sərhədinin Tovuz rayonu istiqamətində məkrli hərbi təxribatı işğalçının mahiyyətini bir daha aydın şəkildə göstərdi. Dövlət sərhədində toplardan qəflətən atəş açaraq Azərbaycan sərhədçilərini öldürən Ermənistan hərbi-siyasi rəhbərliyi hərbi cinayət törətdi”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

 

Komitə sədri bildirib ki, təhlükənin genişlənməsinin qarşısını alaraq Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirərək sərhədimizi, mülki əhalini qorudu və şəhidlərimizin qisasını aldı:

 

“Azərbaycan gəncləri ölkənin müxtəlif bölgələrində Orduya dəstəyi nümayiş etdirən yürüşlər həyata keçirdilər. Karantin rejiminə baxmayaraq, hüquq-mühafizə orqanları bu həmrəylik yürüşlərinə anlayışla yanaşdı və dəstək verdi. Lakin iyulun 14-dən 15-ə keçən gecə bir qrup təxribatçının təhriki ilə Milli Məclisin binasına hücum edərək vandalizm aktının törədilməsi Azərbaycan dövlətinə, xalqina və qəhrəman əsgərinə xəyanət idi. Bu, arxadan vurulan xəyanətkar zərbəsi idi. Hesab edirik ki, bu xəyanəti təşkil edənlər və onu həyata keçirənlər dərhal müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu, xalqın tələbidir! Heç bir qüvvə xalq-iqtidar birliyini poza bilməz!”

 

Bəxtiyar Əliyevin sözlərinə görə, bu təxribatı təşkil edən xarici qüvvələr və onların daxilimizdə olan rezidentləri bir daha qarşılarında güclü müstəqil Azərbaycan dövlətini gördülər:

 

“Bu, onların son uğursuz cəhdləri idi. 1990-cı illərdə də düşmənlərimiz eyni ssenari ilə təxribatlar törədərək ərazimizin 20 faizini işğal etdi. O zaman yaranmış hərc-mərclik və iflic vəziyyətində olan dövlət qurumları buna şərait yaradırdı. Amma indi güclü dövlətimiz, iqtisadiyyatımız, ordumuz var. Beynəlxalq aləmdə böyük nüfuz qazanmış dövlətik. Azərbaycanın müstəqilliyinə əl uzadanlar bilməlidir ki, xalq və ordu onun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə o əlləri birdəfəlik kəsib atacaq! Torpaqlarımızı işğaldan azad edəcək! Biz birlikdə güclüyük!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır