Modern.az

Rəsmi Bakı Kremlə narahatlığını çatdırdı: “Bu cür açıqlıq bir növ mesajdır”

Rəsmi Bakı Kremlə narahatlığını çatdırdı: “Bu cür açıqlıq bir növ mesajdır”

13 Avqust 2020, 18:00

Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

 

Telefon danışığı zamanı Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Eləcə də, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

 

Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığının sonrakı mərhələdə  necə cərəyan etməsi barədə Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov olduqca mühüm və  maraqlı hadisə baş verdiyini qeyd edib.

 

Tofiq Zülfüqarov  bu cür təmasların tez-tez baş verdiyini söyləsə də, məsələlərin mahiyyətinin ictimaiyyətə çatdırılmasının nadir hallardan olduğunu vurğulayıb: 

 

“Belə bir hal 2 il bundan qabaq Soçidə baş verib. Belə ki, həmin  görüşdə Rusiyadan olan üçüncü qüvvələr Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirmək siyasətinə söykənirdilər. İndiki mərhələdə  isə görülən odur ki, baş verənlər açıq formada ictimaiyyəti narahat edir. Hər halda telefon danışığında da belə ifadədən istifadə olunub. Eyni zamanda, Tovuz hadisələri zamanı ictimai rəyin özünü necə göstərdiyinin şahidi olduq. Həmrəylik yürüşü baş verdi və bu yürüş heç kəs tərəfindən təşkil edilməmişdi. Minlərlə insanlar orduya və dövlətə həmrəylik nümayiş etdirdilər. Ona görə də  ictimaiyyət məsələsi artıq gündəmdədir və çox böyük yer tutur”.

 

Sabiq xarici işlər nazirinin sözlərinə görə, Rusiya deyəndə  siyasi elitadakı qruplaşmaların mövcudluğunu qəbul etməliyik:

 

“Rusiya-Azərbaycan əlaqələrinə fərqli münasibətlərin və baxışların mövcud olduğunu görürük. Hesab edirəm ki, telefon danışığının ictimaiyyətə çatdırılması vacib məsələdir. Bu, bir çox məqamlara aydınlıq gətirməsinə xidmət edəcək”.

 

Tofiq Zülfüqarov  telefon danışığı zamanı verilən mesajın əhəmiyyətindən də söz açıb:

 

“Bu cür açıqlıq bir növ mesajdır. Bu mesaj təkcə Azərbaycan ictimaiyyətinə yox, həm də Ermənistana bir mesajdır. Bunun əsas ünvanının Ermənistan rəhbərliyi olduğunu nəzərə almalıyıq. Eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələrinin hərbi məsələlərdə sürətlə inkişafı da çox vacib məsələdir. Baş verən təlimlər də onu göstərir ki, Türkiyə Azərbaycana dəstək məsələsində israrlıdır. Hesab edirəm ki, bu hərbi əlaqələr yeni və vacib amil kimi sayıla bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!