Modern.az

Milli Qəhrəmanın qardaşı: “Ordumuzun bu gün Samidə çox ehtiyacı var” - MÜSAHİBƏ

Milli Qəhrəmanın qardaşı: “Ordumuzun bu gün Samidə çox ehtiyacı var” - MÜSAHİBƏ

Mədəni̇yyət

14 Oktyabr 2020, 13:12

14 oktyabr tarixi Xüsusi Təyinatlı Qüvvələrin  şəhid mayoru, 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına həlak olan və ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülən Samid İmanovun doğum günüdür.

Milli Qəhrəmanımızın qardaşı Sadiq İmanov  Modern.az-ın suallarını cavablandırıb.


- Sadiq bəy, bu gün qardaşınız Samid İmanovun doğum günüdür. Hər bir azərbaycanlı onu qürurla yad edir. Siz qardaşınızı  necə xatırlayırsınız?

- Yaşasaydı, bu gün 39 yaşı olacaqdı. Ancaq o, vətən uğrunda şəhidlik zirvəsinə ucalmağı seçdi. Azərbaycan xalqının bu gün Samidə çox ehtiyacı var.  Çünki  o, Türkiyə, Rumıniya, İsveçrə, Pakistanda hərbi kurslara yiyələnmişdi. Bu kurslarda mükəmməl  nəticələr əldə etmişdi. Öz hərbi hissəsində bildiklərini gizir və əsgər heyətinə öyrədirdi. Hətta onun iş yoldaşları da qeyd edir ki, indi Samidə çox ehtiyacımız var. Samid yatanda da kitab oxuyurdu.  Həddən artıq savadlı idi. Aprel döyüşlərində qərargah rəisi olaraq hər şeyi öz öhdəsinə götürmüş və itkisiz olaraq Talış yüksəkliyini ermənilərdən təmizləmişdilər.


- Samid İmanov sağ olsaydı  yenə də eyni şücaətlə ikinci Qarabağ  savaşında iştirak edəcəkdi. Buna şübhə etmirik...

- Biz də ailəsi olaraq buna şübhə etmirik. Bu gün  zabit yoldaşları Samidi öz aralarında  görə bilməməkdən dərin təəssüf hissi keçirirlər.  Biz də ailəsi olaraq bunu başa düşürük.  Samid  hərbi akademiyada oxuyurdu və 2017-ci ildə oranı bitirməli idi. Təəssüf ki, qismət olmadı.

-  Ailəsi olaraq güman ki, sizdə də bu günlərdə bir ruh yüksəkliyi var. Çünki şəhidlərimizin qanı yerdə qalmır...

- Təbii ki, qanları yerdə qalmır. Biz də istəyirik ki, torpaqlarımız geri alınsın. Mən özüm də bu gün döyüşə getməyə  razıyam. Şəhid olum, amma bilim ki, düşməndən torpaqlarımızı almışıq. Vətən bizim üçün hər şeydir. Mənim qardaşımın da ruhu şaddır. Çünki qisası alınır.  Biz onları görməsək də, şəhidlərimiz bizi görür. Ancaq xidmət yoldaşları hər zaman qeyd edirlər ki, Samid qisasını alıb.


- Samid İmanovun övladları atalarını xatırlaya bilirmi?


- Qızı Fidan 2014-cü il, oğlu Turan isə 2016-cı il il təvəllüdlüdür. Samid şəhid olanda hər ikisi azyaşlı idi və heç nəyi dərk etməmişdilər.


 - Artıq atalarının şəhidlik zirvəsinə yüksəlməsindən 4-5 il keçib.  Övladları ataları barədə nəsə soruşurmu?

- Bəli soruşurlar. Sadəcə izah edirik ki, atanız  mərd, qürurlu, saf, təmiz insan idi və sizi canından da çox sevirdi.  Bildikləri bir şey də var. Onların atası qəhrəmandır.


Mehri QURBAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi