Modern.az

Ali Baş Komandan və Ordumuz “Qordi düyünü”nü birdəfəlik kəsib atır!

Ali Baş Komandan və Ordumuz “Qordi düyünü”nü birdəfəlik kəsib atır!

Aktual

21 Oktyabr 2020, 02:43

Məni yaxından tanıyanlar yaxşı bilir ki, heç vaxt sidq-ürəkdən, qəlbən inanmadığım bir sözü dilimə gətirməmişəm. Obrazlı desəm, heç bir zaman xora qoşulub oxuyanlardan olmamışam. Əgər solo oxuya bilməsəm, ən azından susmağı üstün tutmuşam.

Mənim tələbəlik illərim Qarabağ probleminin başlanması dövrünə təsadüf edib. Erməni qaniçənlərinin dalbadal başımıza gətirdiyi dəhşətli faciələr, torpaqlarımızın işğalı, hər gün gələn şəhid tabutları... hardasa içimdə bir məğlubiyyət sindromu yaratmışdı. Yadımdadı, 90-cı illərin əvvəllərində cəbhədə şəhid olan döyüşçülərin tabutları "Azadlıq Meydanı"nda qoyulur, ordan da böyük insan selinin müşayiəti ilə şaxsey-vaxsey deyə-deyə Şəhidlər Xiyabanına gətirilərək dəfn edilirdi. O vaxt hər gün gördüyümüz bu dəhşətli mənzərəni böyük ürək ağrısı və həm də xəcalət hissi ilə seyr edərdik. Düşmən qarşısındakı məğlubiyyət acısından doğan xəcalət hissi ilə!

Məhz o zamanlar qəlbimin dərinliyində qəribə bir fikir, daha doğrusu arzu baş qaldırdı. Arzu etdim ki, nə vaxtsa, hansısa dövlət rəhbərimiz, Ali Baş Komandan zaman-zaman başımıza bəla olan bu problemə son qoya bilsə, torpaqlarımızı işğaldan azad etsə, həmin insana Azadlıq Meydanında möhtəşəm abidə ucaldılsın. Və sonralar hər il arta-arta gedən işğal tarixləri və bu fonda mənasız sülh danışıqları bu problemin nə vaxtsa həll olunacağına olan inamımı sarsıtmışdı.

Həmişə içimdə bir dərd gəzdirirdim-məğlub ölkənin vətəndaşı olmaq dərdini! Xəcalət çəkirdim ki, biz və bizdən əvvəlki nəsillər gələcəyə torpağını itirmiş Azərbaycan qoyub gedir.

Amma şükür Allaha ki, bu gün rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin dönməz qətiyyəti və mətin iradəsi ilə torpaqlarımızı işğaldan azad edir. Artıq 30 ilə yaxındır ki, işğal tarixlərini qeyd edən bir millət bu gün ard-arda qələbə xəbərlərini alır, torpaqlarımızın azad olunması sevincini yaşayır. Bu gün Qalibiyyət dastanının şərəfli səhifələri, Zəfər marşının yeni-yeni notları yazılır yurdumuzda. Görünən odur ki, Ali Baş Komandan İlham Əliyev və rəşadətli Ordumuz öz iti qılıncı ilə uzun illərdir açılmayan məşum "Qordi düyünü" nü birdəfəlik kəsib atır! Azərbaycan xalqı bir millət olaraq yenidən doğulur, qalib ölkənin vətəndaşı olmaq qürurunu yaşayır!

İndi illər əvvəl qəlbimdə boy verən o arzuya qayıdıb təklif edirəm ki, bütün torpaqlarımız işğaldan tam azad olunduqdan sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə ən ali hərbi rütbə və Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilsin. Azadlıq Meydanında həmin hərbi geyimdə möhtəşəm heykəli ucaldılsın!

O ki qaldı qüdrətli Ordumuzun siravi əsgərdən generala qədər hər bir üzvünün xidmətlərinə, göstərdikləri döyüş şücaətinə, yaralı hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığına, bunu xalqımız, dövlətimiz, şəxsən Ali Baş Komandan ən yüksək səviyyədə və layiqincə qiymətləndirəcək.


İlham Zeynallı

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI