Modern.az

Ümid sənədir ancaq, AZƏRBAYCAN ƏSGƏRİ!

Ümid sənədir ancaq, AZƏRBAYCAN ƏSGƏRİ!

Ədəbi̇yyat

22 Oktyabr 2020, 12:12

24 fevral 2001-ci ildə Milli Məclisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələnin müzakirəsinə həsr olunmuş iclasında Xalq şairi Qabilin çıxışı:

 

- Hörmətli Murtuz müəllim!

Məni buraya dəvət etdiyinizə görə qələm dostlarım adından Sizə təşəkkür edirəm. Mən Sizdən iki yaş böyüyəm. Ona görə də mənə iki dəqiqə əlavə vaxt verin.

Möhtərəm Prezidentimiz Heydər müəllim. Sizin bütün çıxışlarınızda konkretlik vardır. Sizin dünənki çıxışınızda mən Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi ruhunu gördüm. O çıxış mənə neçə il bundan əvvəl oktyabr ayında xalqı Prezident sarayının ətrafına topladığınız vaxtı xatırlatdı. “Neyləyək, yardım edin. Əli Kərimov, buyurun” – mənim Əliyə böyük hörmətim var, yaxşı oğlandır -  “gedin iş görün, kömək edin”.

Cənab Prezident, dünənki çıxışınız məni çox həyəcanlandırdı və bu çıxışın təsirindən 1996-cı ildə yazdığım “Ümid sənədir ancaq” şeirini oxumaq istəyirəm. Bu şeir müəyyən qədər bugünkü söhbətə aiddir.

 

Uzanır danışıqlar,
İmzalanır sənədlər.
Xəritədə aləmə
Göstərilir sərhədlər....
Səsimizə səs verir
Dünya başbilənləri;
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

 

Dəyirmi masalarda
İzi var dirsəklərin...
Ağla sığan söhbəti,
Sözü var dəstəklərin,
Yardım bağlamasında
Özü var dəstəklərin.
Lap lə’l-cavahir olsun
Hər yardımın dəyəri...
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

 

Diplomat cənabların
Hər biri hörmətlidir.
Bu məqamda ölkəmə
Təşrifi qiymətlidir.
Rəyi təqdirə layiq,
Rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan
Kimdir ki, bu işləri?
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

 

İşğal altında qalır
Torpağımız-daşımız,
Nələr görmür gözümüz,
Nələr çəkmir başımız.
Qarışıb bir-birinə
Baharımız-qışımız.
Çadır göstərmək olub
Hər çatana peşəmiz...
Sərgi olmasın deyə
Bu Mil-Muğan düzləri
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

 

Ali qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək yanır, göz dolur
Şəhid qəbirlərindən...
Düşünüb daşınıram
Özlüyümdə dərindən:
İntiqam ala bilməz,
Qana qan ola bilməz
Məzarları bəzəyən
Ehtiram çiçəkləri...
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

 

Söhbətlər çözələnir,
Bir şey görünmür hələ,
Heyətlər təzələnir,
Bir şey görünmür hələ.
Müddətlər təzələnir,
Bir şey görünmür hələ.
Açılmır ki, açılmır
Düyünü bu torpağın.
Qov alışa bilərmi,
Od saçmasa çaxmağın?
İldırımlardan belə
Umma bu zərrələri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

 

Sülhə qurban kəsərəm,
Mən də qan istəmirəm.
Təzə-tər qərənfilli
Xiyaban istəmirəm.
Tükənir səbrim fəqət,
Sazişlər,
Qətnamələr,
Bəyanətlər
Kifayət!

Ziyafətlər

Kifayət!
Ziyafət dumanında
Nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan
Biyaban istəmirəm!

 

Yellənsin sülh bayrağı,
Bu bayrağa kəm baxan,
Həm baxmayan,
Həm baxan
Bədgüman istəmirəm,
Sevindirsin milləti
Qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!
Azərbaycan prezidenti!
Azərbaycan xalqı!

 

24 fevral 2001-ci il.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub