Paşa BABAKƏRLİ
Səni illərdən bəri
Bu torpaq gözləyirdi.
Zirvələrdə yer tutan
Bu bayraq gözləyirdi.
Yarasından qan daman
Qarabağ gözləyirdi;
Hürr gətirdin bu yurda,
Hürr, xilaskar əsgərim!
***
Buraxma, qurban sənə,
Peşini bu yağının.
Əz yurduna kəc baxan
Başını bu yağının.
Qurda-quşa yem eylə
Leşini bu yağının;
Namərdin divanını
Qur, xilaskar əsgərim!
***
Qızmar gündən, sazaqdan,
Qırovdan gəlir səsin.
Nəfəsin od püskürür,
Alovdan gəlir səsin.
Səsinə qurban kəsim,
Murovdan gəlir səsin;
Sən orda Tur dağımsan,
Tur, xilaskar əsgərim!
***
Bu Vətən dağlar görüb,
Özü boyda dağdı bu.
Dünyaya nur paylayan
Bir yanar çıraqdı bu.
Haqq yolunun yolçusu,
Müqəddəs ocaqdı bu;
Keşikdə ayıq-sayıq
Dur, xilaskar əsgərim!
***
Qaçır bu nankor yağı,
Qılıncdan keçir onu.
Bu cür şərəfsizlərin
Ucuz ölümdür sonu.
Al Xankəndi, Şuşanı,
Qələbə raportunu
Ali Baş Komandana
Ver, xilaskar əsgərim!
***
Düşmüşdü düyünlərə
İşi Azərbaycanın.
Gülür bu gün torpağı,
Daşı Azərbaycanın.
Qalib ol, qoy ucalsın
Başı Azərbaycanın;
Qələbə təbilini
Vur, xilaskar əsgərim!..