Modern.az

Nursan, təbəssümsən, BAŞ LEYTENANT!

Nursan, təbəssümsən, BAŞ LEYTENANT!

Mədəni̇yyət

17 Noyabr 2020, 16:55

(Hesabatmı, nur üzlü Şəhidimin qeydlərimi?)

Milli Ordumuzun baş leytenantı, əzizimiz Cavid bəy!

Vətən sevgisi, döyüş ruhu qəlbinə hakim idi. Kim bilir, bəkə elə ona görə bu peşəni seçmişdin?!  Nə deyim?!  Böyük və tarixi qələbəmizin sevincli günlərində Şəhidlik zirvəsinə qovuşma xəbərin yayıldı. Doğman kimi üzüldük. Rəsmi məlumata kimi atan Xalıq müəllimə, anan Xatirə xanıma, qardaşın Şahinə, bacın Şərqiyəyə təsəlli verdik. Baban, el ağsaqqalı, müdrik Babalı kişinin təmkininə, ailədaxili nizam-intizamına hamı alqış dedi...

...Sənə sevimli dostlarından danışım, Cavid! Döyüş və tələbə yoldaşlarından, tələbəykən qatıldığın "Sevimlilər" qrupundan. 28 illik ömrünün bu payızında Səni yenidən kəşf etdim. Sevdim və öpüb bağrıma basdım. "Sevimlilər" heç dözmürdülər, şəklini, tələbəlik statuslarını, döyüş yolunu, xatirələrini bölüşüb, şəhadətinə mübarək sözlər deyirdilər. Xahiş etdim ki, tələsməyək, müharibə üçün qoyulmuş qaydalara riayət edək. Sağ olsunlar, anlaşdıq! Elə bir gün olmadı ki, Emin, Rəna, Vüsal, Aygün, Günay, Fidan, Xətai, Ruslan, Aynur, Uramil, Gülü, Lalə, Ramil, Mehriban dostların Cavid qardaşımız deyin sızıldamasın! Çiyindaşların düşmənə necə qan uddurduğunu, cəsurluğunu iftixarla, böyük məhəbbətlə dilə gətirdilər.

17 noyabr 2020 ci il. Gecə rəsmi məlumat təsddiqləndi:  Milli Ordumuzun Baş Leytenantı, 1992-ci il təvəllüdlü Səfərli Cavid Xalıq oğlu 2-ci Vətən müharibəsində düşmənlə üzbəüz döyüşdə onların xeyli canlı qüvvəsini və texnikasını məhv edərək, qəhrəmancasına həlak olub.

Allah Sənə rəhmət eləsin, ŞƏHİDİM! Ruhun şad olsun!

Elə gecədən Sənsizliyi yaşayırıq. Xatirələrin dilə gəlir. Ayrı-ayrı məqam və mərasimlərdə dilindən səslənən şerlər, çıxışlar və tələbəlik statusların ürəyimizi dağlayır. Dilində səslənən sevimli Xalq şairimiz Nəriman Həsənzadənin         

"Azərbaycan" şeri iç dünyana bir ayna deyilmi?!

 

Od ürəkli, od nəfəsli diyarımsan

Ocağına canım qurban, Azərbaycan!

Əzilsən də, əyilməyən vüqarımsan

Bu çağına canım qurban, Azərbaycan!

 

 

Savaşlardan alnıaçıq çıxan zaman

Tarixlərə bağışladın neçə qurban.

Hər qonşuda bir parçası əsir qalan

Torpağına canım qurban, Azərbaycan!

 

Neçə gizli sərvət yatır qucağında,

Neçə ölkə od aparır ocağından.

Azadlığın al rəmzi var bayrağında

Bayrağına canım qurban, Azərbaycan!

 

Sənsizliyin ilk gecəsi bəzi qeydlərini də əldə etdik.

̶  Yaşıma böyük gəldi ömrüm.

̶  Qəmgin gözlərin əsrarəngiz gülüşü.

̶  Bir qıza güvən verə bilmirsənsə, ona çiçək verməyin nə mənası?

̶  Məni gözəl xatırla, sənə unudulmaz gecələr buraxdım. Sənə ən yorğun sabahlar, gülüşümü, gözlərimi, sonra səsimi buraxdım.

̶  Sizə demişəm, Xankəndindən status paylaşacam.

̶  Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onu parıldayan gözləri desin.

̶  Yuxuya getməyim üçün mənə bir mahnı oxu. Bir xəyal gördüm, onu unudum.

̶  Bir gün mən olmayanda, adım çəkilən yerdə üzlərdə təbəssüm yaratsın xatirələrim...


...Artıq sabah açılır. El-oba, dostlar, bütün Cavidsevərlər Şəhid övladını yola salmaq üçün Aranın müdrik ağsaqqalı Babalı babanın həyətinə toplaşır...

.
.."Sevimlilər"in nümayəndələri mərasimdə iştirak etsə də, zəngləri ara vermir. Hər kəs öz sevgisini, öz istəyini, öz məhəbbətini bildirir...

  


Səxavət Tağlar, Əməkdar müəllim.

17.11.2020

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır