Modern.az

Zizikin ŞAHİN zirvəsi - Qubalı ŞƏHİD

Zizikin ŞAHİN zirvəsi - Qubalı ŞƏHİD

20 Noyabr 2020, 13:07

Həyatımın 20 ildən yuxarı keçən dövrünü sırf elmi-tədqiqat işlərinə sərf edən bir ziyalı kimi deyə bilərəm ki, nəvaxtsa belə məsuliyyətli, duyğu yüklü, vətən uğrunda canından keçmiş bir azərbaycanlı qəhrəman haqqında publisistik məqalə yacacağımı gözləmirdim. Amma bu baş verdi və nə yaxşı ki, Qubamın ali dərəcəyə yüksələn şəhidi, kəşfiyyatçı Şahin Allahyarov haqqında kiçikdə olsa bir yazı hazırladım. Bilmirəm buna nə dərəcədə nail ola bildim, yazdım və modern.az saytının dəyərli oxuyucularına təqdim edirəm. 


Tarixi e.ə. I minilliyə qədər uzanan, vətənimin cənnət guşəsi, Qubanın Qudyal çayının sağ sahili boyu uzanan və yüksək qayalar üzərində qərar tutan Zizik kəndi füsünkar təbiəti, ziyalı, marifpərvər və xeyriyyəçi nəsilləri ilə hələ 70 illik sovet dövründə şöhrət qazanmışdır. Səfalı Zizik çoxəsrlik tarixi kurqanları, təsərrüfat həyatı, qədir bilən sakinləri, yazıçı, şair və alimləri ilə Azərbaycanın hüdudlarından kənarda, postsovet məkanında tanınmışdır. Türk mənşəli Zizik toponiminin daşıyıcısı olan qədim kənd ötən 200 il ərzində tarixin sərt sınaqları ilə üz-üzə qalmış, XX əsrin əvvəllərində, 1918-ci ilin Quba soyqırımı zamanı çarizmin və onların nökərləri erməni daşnak, bolşevik dəstələrinin vandal əməllərindən əziyyət çəkmişdir. Keçən əsrin əvvəllərində baş vermiş Vətən mübarizəsində Zizik kəndinin dəyərli oğlu, yüksək hərbi təhsilli, polkovnik Əlibəy Zizikski (1876-1929) Qubanın və Bakının müdafiə olunması uğrunda aparılan döyüşlərdə özünün ərsəyə gətirdiyi dəstələrlə azğın daşnaklara divan tutmuş və torpağı uğrunda edam edilərək, şəhidlik məqamına yüksəlmişdir. Düşmənin məkirli siyasəti müasir dövrə qədər davam etmiş, havadarlarının ciddi dəstəyi ilə 30 il Qarabağı işğal altında saxlayan mənfur düşmən rəşadətli, yüksək döyüş qabiliyyətli Azərbaycan ordusunun gücü ilə darmadağın edilərək, torpaqlarımız suverenliyinə qovuşmuşdur. Zizikin şöhrətini dünyaya  yayan aydınlar və fikir insanları ilə yanaşı bu müqəddəs Vətən torpağı indi də şəhidləri ilə  şöhrətlənir.


“Vətən üçün yaşayanlar yaşadırlar vətəni” – görkəmli tarixçi, akademik Yaqub Mahmudovun bu müdrik kəlamı qələmə aldığım yazıya stimul verən çox dəyərli devizdir. Həqiqətən də belədir, ön və arxa cəbhələrdə vətən üçün çalışanlar, səngərlərdə, əldə silah yuxusuz gecələr keçirən əsgərlərimiz bunu tarixi qələbə ilə sübut etdilər, yaşadılar və yaşatdılar. Bu səbəbdən, 2020-ci ilin “44 günlük Vətən müharibəsi” Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması istiqamətində aparılan həlledici hərbi əməliyyat oldu. Müqəddəs döyüşlərdə Azərbaycanın hər tərəfindən olduğu kimi, Qubadan  da onlarla əsgər və zabit yaxından iştirak edərək qəhrəmanlıq dastanları yazdılar. Çox qürurverici haldır ki, belə igid vətən oğulları arasında, düşmən hərbçilərini bir həmlədə məhv edən, döyüş yoldaşlarının, Əlibəy Zizikski kimi vətən övladlarının qisasını alaraq, ölümün gözünə dik baxan, şəhadəti ilə ölümsüzlüyü əbədiləşdirən zizikli kəşfiyyatçı, gizir Allahyarov Şahin Hüseynbala oğlu da var.


Düz 28 il bundan əvvəl, qarlı qış günündə (29.01.1993) Qubanın Zizik kəndində dünyaya göz açan Şahin kənd orta məktəbində təhsil almışdır. Məktəb illərində hərb işi ilə maraqlanmış və hər bir azərbaycanlı kimi, Vətən torpağına göz dikən, quldur ermənilərin işğal siyasəti onu da dərindən sarsıtmışdır. Hərbiyə olan yüksək maraq və torpaqlarımızın bir qisminin işğal altında qalması Şahini məhz hərbi təhsil almağa səsləyir və o, gizir məktəbində hərbi sirrlərə yiyələnir, ardından “N” saylı hərbi hissədə xidmətə başlayır. Yurdun bir çox qaynar bölgələrində, bəzən yanında sevib əzizlədiyi ailəsi ilə birlikdə, ayıq-sayıq vətənin keşiyini çəkir və Azərbaycanın alınmaz qalası, mədəniyyət beşiyi Şuaşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq haqqa qovuşur, yüksək məqama yüksəlir...

 

Şəhadətin 20-ci günü...

 

Şahinin şəhadətə ucalmasından nə az, nə çox, düz 20 gün ötür...  Xəbər kəntdə, daha sonra bütün respublikada, sosial şəbəkələrdə bir göz qırpımında yayılır, həm də qələbənin bir addımlığında – 1 noyabr 2020-ci ildə. Şahin yüksək zirvəyə –  şəhidlik məqamına ucalarkən, geridə onunla qürur duyacaq ailəsini, qohumlarını, 11 il bir parta arxasında əyləşdiyi məktəb yoldaşlarını, hərbi məktəbdə təhsil aldığı kursant yoldaşlarını, yaman gündə ona dayaq olan döyüş dostlarını və böyük bir xalqı qoyub, sonsuzluğa ucaldı. İgid övladını həyatı qədər sevən Nərgiz ananı, Hüseynbala atanı, həyat yoldaşı Kəmaləni, körpə qızı Aksananı və hələ doğulmayan oğlunu özündən sonra bir iz, bir nişanə olaraq yadigar qoyub sevənlərinin qəlbində özünə əbədi taxt qurdu. İndi Allahyarovlar ailəsini ziyarətə gələnlərin ardı-arası kəsilmir, hər kəs, böyükdən kiçiyinə qədər əbədiyyətə qovuşan Şahinin ailəsinə baş çəkir, təskinlik verir bu evi, bu ocağı müqəddəs vətən torpağından bir parça bilir, onu əziz tutur və şəhidin pak ruhuna dualar oxuyur. Döyüş yoldaşları qəhrəman Şahin haqqında kövrək xatirələrini dilə gətirir, onun erməni quldurları ilə apardığı mübarizəsini şərh edir, çevikliyi, kəşyiyyatçı kimi disiplinli və sərrast atıcı kimi hədəfi dəqiq nişan aldığını qeyd edirlər. İgid Azərbaycan oğlunun döyüş xatirələrini canlandırır, hər daim diri tutmağa çalışırlar. Ali məqamlardan olan, zirvəyə ucalan Şahini artıq bir qəhrəman Azərbaycan oğlu kimi hər kəs, bütün soydaşlarımız tanıyır və onunla fəxr edirlər. Şəhidimizin valideynlərinə, ailəsinə qaynar döyüş bölgəsindən ünvanladığı sonuncu video müraciət onun vətəninə, torpağına nə qədər sıx bağlı olduğunu, ailə dəyərlərinə necə sadiq qaldığını və haqqında deyilənləri açıq şəkildə göstərir: “...Anam, atam qurban sizə, mən bir ömür həmişə, bəlkə demişəm, deməmişəm bilmirəm, bir ömür həmişə istəmişəm ki, siz mənimlə fəxr edəsiniz. Fəxr etməyinizi istəmişəm ki, mənim kimi oğlunuz var.... bütün ailəmdən, qohum qardaşımdan axırıncı xahişim budur ki, həmişə başınızı dik saxlayın, qurban olaram sizə, həmişə başınızı dik saxlayın, ağlamayın, heç vaxt ağlamayın... çün ki, mən başınız dik olsun deyə gedirəm... qaçıb gizlənə bilərəm, amma gizlənməyəcəyəm... çün ki, anamın, atamın mənə verdiyi tərbiyə,... qiryət, namus, məni o yola sövq etmirki qaçıb gizlənim... Siz bilin ki, Şahin haqq yoluna gedir, sizi qorumağa gedir, öpürəm sizi. Ailəm – anam, atam sizdən xahiş edirəm, məni necə istəyirsinizsə, mənim ailəmi də övladlarımı da yoldaşımı da elə istəyin... ”. Bəli, Şahin haqq uğrunda, vətən uğrunda getdi, getdi ki, xalqı yaşasın və şəhadətə ucalan şəhidlərini yaşatsın. Bizlər, hər bir azərbaycanlı, vətənin müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidlərimizlə fəxr edir, döyüşlərdə qəhrəmancasına yaralanaraq haqqa qovuşmuş Şahinlə fəxr və fəxarət hisslərini yaşayırıq. Əzizlərinə ünvanladığı bu sözlər igid Azərbaycan oğlu Şahinin tarixə düşən, dərin mənalı və duyğu yükül sözlər olaraq, dünya durduqca hər zaman xatırlanacaq.


Şəhidin valideynləri və həyat yoldaşı Baku TV-yə müsahibələrində oğullarının yüksək döyüş hazırlığı və arzuları haqqında danışmışlar. Anası Nərgiz xanım Şahinin vətənpərvər ruhda böyüdüyünü belə dəyərləndirir: “Dedi düşmənə heç vaxt arxa çevirib kürəyimdən vurulmaram ki, deməsin ki, erməni vurdu. “Anam, sinəmi verərəm, güllə sinəmə dəysin”, gəlib ürəyindən dəyib... necəki kasetdə deyib ki,”ölədə bilərdim, qaçada bilərdim, ancaq qaçmadım, vətənim üçün, torpağım üçün, valideynlərim üçün”, necə ki, valideynlərim tərbiyə verib, mən o tərbiyə ilə getdim...”  Daha sonra qəhrəman kəşfiyyatçının atası Hüseynbala müəllim övladının arzularını dilə gətirir: “Arzuları çox idi onun... axırıncı bayrağı da sancmaq istəyirdi... demişdi ki, “bir yer qalıb onuda alaq, ondan sonra hər şey yaxşı olacaq”... on gün saxlanmalı idi, beşinci gün hospitaldan qaçaraq, “məndə vuruşmalıyam deyib”. Komandir deyib nəyə görə gedirsən, dayan, deyib “əgər yoldaşlarım vuruşursa məndə vuruşmalıyam”. Deyiblər ki, heç olmasa bir gün dincəl, inanın Allaha mənə deyirdilər ki, ...”o vaxt dincələcəyəm ki, vətənim torpaqlarım azad olsun”. Əziz Şahin! Sənin, vətənin müstəqilliyi ilə bağlı arzuların gerçəkləşdi, dinc uyu yurdumun igid övladı, səni və sənin timsalında bütün Azərbaycan şəhidlərini təbrik edirik. Şahinin həyat yoldaşı Kəmalə xanımın qəhrəmanımızla bağlı söylədikləri qəlbimizi bir qədər də kövrəltdi və şəhid ailəsi olmağın nə qədər qürürverici olduğunu göstərdi. Kəmalə xanım Şahin haqqında səmimi hisslərini ifadə edərək deyir: “O, xidmət etdiyi bölgələrdə, hansı rayonda xidmət edibsə onun yanında daima mən olmuşam, yəni ürəy sözünü mənə deyirdi. Biz həmişə onunla məsləhətləşirdik, nə iş görməliydiksə məsləhətləşib edirdik, yəni o, çox yaxşı insan idi, çox ürəyi təmiz idi, heç kimin pisliyini istəməzdi. Uşaqla uşaq, böyüklə böyük idi. Yəni bunu, hansı rayonda yaşamışamsa bütün qonşularım deyirdi. Həmişə deyirdi ki,”hərənin bir peşəsi var, hərə bir cür Azərbaycana, vətəninə xidmət edir, biz də bu cür xidmət edirik...”. Bəli, hər kəs sahib olduğu peşəsi, amalı ilə Vətənə xidmət etməlidir. Şahin də bu müqəddəs yol ilə getdi, dövlətini və ailəsini nə qədər sevdiyini əməli ilə sübut etdi. Gözəl ailə başçısı, uşaq və böyüklərlə də müdrik davranardı, o, hər şeyi gözə alıb Vətəni seçdi, seçdi ki, Azərbaycan yaşasın, dövlətinin gələcəyi olan körpə balası onunla bir ömür fəxr etsin. Döyüş rəşadəti nəticəsində şəhadət şərbətini içən Şahinə bu müqəddəs missiyanı yerinə yetirməsinə heç kəs mane ola bilmədi. Çün ki, onu, bütün arzuların, dəyərlərin fövqündə dayanan Vətən çağırırdı...


Şəhidlərin ölmədiyini, onların əslində diri olduqlarını bəşəriyyətin uca, ilahi kəlamı Quran hələ XIV əsr bundan əvvəl xəbr vermişdir – “Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz” (Bəqərə 154) buyurulur. Şahin də ölümsüzlüyü ilə tarix yazan Azərbaycanın igid oğullarındandır. Nə qədər ki, Azərbaycan dövləti və onun müdrik xalqı var, şəhidlərimiz – milli qəhrəmanlarımız, şəhadəti ilə Vətəni yaşadanlar və onların sırasında adı kimi özü də Şahin olub düşmənə qan udduran oğullarımız var olacaq.


Şəhadəti ilə Vətən torpağına can verən Qubamın şəhidi, elinin, obasının – Zizikin ŞAHİN zirvəsi olaraq qalacaq! 



Aqil P.ƏHMƏDOV
Dosent, tarix üzrə fəlsəfə doktoru                                 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!