Modern.az

Şəhid şəhər

Şəhid şəhər

22 Noyabr 2020, 22:38

Sevindik...Çox sevindik...

 

Uzun illər hər gün xəyalını qurduğumuz arzumuz gerçək oldu. Qarabağın incisi Ağdam azad edildi.

Amma... Amma əslində azad olunan Ağdamın məzarı idi.  Şəhid Ağdamın məzarı...  

 

Erməni cəlladları Ağdamı məhv edib, daşını daş üstə qoymayıb.  Həm də çox əzabla öldürülüb, hər gün bir az daha ölüb Ağdam. Düşmən bir gün məşhur Çay Evini yağmalayıb məhv edib, başqa bir gün Çörək Muzeyini, bir digər gün musiqi məktəbini, teatr binasını... 

Bir vaxtlar yalnız Qarabağa yox, bütün Azərbaycana yaraşıq olan binalar bu gün şəhid Ağdamın başdaşılarına çevrilib. Yüzlərlə bina içərisində  yalnız Cümə məscidi qismən salamat qala bilib. Sanki ölmüş Ağdamın ruhuna dua oxuyur...

Hələ 2000-ci illərdə “Lonely Planet” jurnalı Ağdama “Qafqazın Hirosiması” adını vermişdi. Bəlkə də çoxumuz o vaxt bu bənzətməni çox şişirdilmiş hesab edirdik. Amma indi o dəhşətli mənzərə gözlərimiz  önündədir və məlum bənzətmənin bu günkü Ağdamın boyuna biçildiyinə  yəqin ki, artıq kimsənin  şübhəsi yoxdur.

 

Heyif səndən Ağdam! Nə yazıq ki, bəxtimizə çox şərəfsiz düşmən yazılıb. Yalnız insanlara yox, daşa, divara da qənim kəsilən bir düşmən.  Amma biz yenə sənə gəldik Ağdam.  Sənə edilənlərin qisası da alınacaq, düşmənin burnundan gələcək səndən talayıb yedikləri. Hamısının əvəzi bircə-bircə ödənəcək. Ağdamlılar beynəlxalq məhkəmələrdə hər dağılan evin, hər məhv edilən binanın, hər kəsilən ağacın haqqını tələb edəcəklər və tələb etməlidirlər. Ağdamın ruhu yalnız o zaman bizi bağışlayar!

 

Azadə Balayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır