Modern.az

Qarabağa görə özünü qurban verən Abakar - FOTO

Qarabağa görə özünü qurban verən Abakar - FOTO

30 Noyabr 2020, 18:32

Ermənistan üzərində tarixi qələbəmizi elə-belə qazanmamışıq! Silahlı Qüvvələrin Ali Baş Komandanı ali cənab İlham Əliyevin polad kimi güclü iradəsi və qətiyyəti, Müzəffər Ordumuzun misilsiz şücaəti sayəsində qazanmışıq bu qələbəni! Şəhidlərimizin qanı, canı bahasına geri aldıq Qarabağı.

 

Haqqında danışacağım Abakar Hacıyev də bizə 30 ildən sonra  qələbənin nə qədər şirin olduğunu göstərən ölməz Şəhidlərimizdən biridir. Zaqatalanın Dardoqqaz kəndində anadan olmuş  Abakar Hacıyev Müdafiə Nazirliyinin Qusardakı hərbi hissə komandirinin siyasi işlər üzrə müavini - "zampolit" idi. 1996-2000-ci illərdə keçmiş Bakı Ali Dənizçilik Hərbi Akademiyasında - indiki Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alan Hacıyev leytenant kimi xidmətə başlayıb. 24 il nazirliyin Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrində çalışıb. Sonuncu xidmət yeri Qusar olub. 2017-ci ilin noyabrında Qusarda "zampolit" kimi fəaliyyətə başlayıb.

 

 

Peşə fəaliyyətimlə bağlı bu qəhrəman insan -  Abakar Hacıyevi yaxşı tanımışam. Sadənin sadəsi, zəhmətkeş, hər zaman əsgərin qeydinə qalan, özünü reklamdan kənar,  bir hərbçi, Vətən oğlu idi!  Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəsmisi Vaqif Dərgahlının vasitəsilə Abakar müəllimdən hərbi hissədə keçirilən müxtəlif tədbirlər barədə bir neçə dəfə məlumat almışam. Düz adam idi. Heç vaxt hərbi qaydaları pozub özü müstəqil məlumat verməyi sevməzdi. Peşəmin özəlliklərindən çıxış edərək söyləmək istəyirəm ki, insanlıq heç də informasiyanı verib verməməklə ölçülmür. Abakar Hacıyev Qusarda işlədiyi 3 il ərzində hamının hörmərini qazana bilmişdi. Qeyri-adi sadəliyi və hamının hiss elədiyi insanlığı ilə.

 

Abakar Hacıyevlə bir neçə dəfə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anım mərasimlərində  görüşmüşəm. Bacardığı köməyi edərdi. Həlim xasiyyətli, amma polad iradəli, sərt görkəmli Abakar Hacıyevi əsgərləri indi çox hörmətlə, ürək ağrısı ilə xatırlayır. Vaxtilə əsgəri olmuş bir gəncin Abakarın qardaşı Arifə yazdığı mesajı olduğu kimi təqdim edirəm:

 

 

"Salam, sizin qarşınızda baş əyirəm, bir şeyi deye bilərəm ki, hərbi hissədə artıq bir il yarımdır ki,mən Cənab Mayor Abakarı tanıyırdım, onun kimi adam olmuyub olmuyacaq da, ömru boyu qarışqanı belə incitməzdi. Onun işi arxa cəbhədə idi, amma həmişə qabağa gəlirdi bizim yanmıza bizə dəstey olurdu."  Təsirli mesajdır. Abakar Hacıyevin keçmiş və indiki əsgərlərinin hamısı onun haqda bu fikirdədir.

 

Mərhum Abakar Hacıyev  Qusardan Vətən  müharibəsinin  ilk saatlarında - sentyabrın 27-si səhər saat 6-da çıxıb. Ailəsinə təlimə gedəcəyini deyib. Sonuncu dəfə evə oktyabrın 26-sı səhər saatlarında zəng edib. Həyat yoldaşı Arzu xanıma deyib ki:

 

 

“Mən qabağa gedirəm, iki gün telefonum bağlı olsa narahat olmayın. Uşaqlardan muğayat ol, möhkəm ol". Dediyi  düz çıxıb, ondan sonra Abakara zəng çatmayıb. O elə həmin gün - oktyabrın 26-da Şuşa ətrafında - Qırmızıbazar qəsəbəsinin girişində qəhrəmancasına həlak olub, şəhadətə qovuşub. Doğulduğu Zaqatala rayonunun Dardoqqaz kənq qəbristanlığında dəfn edilib. Eşidən kimi Qusardan onun dəfninə gedən Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov deyir ki, ölməli adam  deyildi, sadəlik timsalı idi bu insan. Qusarın bütün tədbirlərinə həvəslə qatılırdı. Böyük təşkilatçılıq qabiliyyəti vardı. Rayonda hərbi hissə ilə bağlı nə lazım olsa hamı Abakarı axtarırdı". Mən də Abakarı  axtarırdım Qusarda hərbi hissədə "Açıq qapı" və ya tədbir olanda...Çox heyf!

 

Avar xalqının nümayəndəsi idi Abakar Hacıyev. Atası Məhəmmədi 2004-cü ildə itirmişdi. Ailədə 1 bacı, 3 qardaş olublar. Abakar ailənin böyüyü idi. Üç övladı ondan yadigar qaldı: Hacının 12, Elviranın 10, Eldarın 4 yaşı var. Qusarda ailəsilə hərbi şəhərcikdə xidməti evdə  yaşayıb. Amma şəxsi evi yoxdur. Sadə, zəhmətkeş rütbəliləri həmişə belə gördüm: evsiz, və ya natamam evsiz. Kiçik qardaşı Arif deyir ki, "Abakar ana nənəmizin yurdu olan Çökək kəndində  nənəmin həyətində özünə ev tikirdi. Çünki dayım rəhmətə gedəndə nənəm evini Abakara vəsiyyət eləmişdi. Ev köhnə olduğundan Abakar təzə ev tikdirirdi... evi də yarımçıq qalıb..."  Ömrü kimi, özü kimi.

 

 

Arif Hacıyevin sözlərinə görə, Zaqatala İH başçısı Mübariz Əhmədzadə söz verib ki, Abakarın yarımçıq evini tikib ailəsinə təhvil verəcək. Ona da ümid edirik  ki, həmişə hərbçisinin yanında olan Müdafiə naziri Zakir Həsənov  Qarabağ müharibəsində  öz qəhrəmanlığı ilə həyatından keçmiş digər Şəhidlərimiz kimi, polkovnik-leytenant Abakar Hacıyevin də  ailəsinin yanında olacaq.

 

Qusardan Qarabağa ezam olunmuş hərbçilər iki aydan sonra, noyabrın 25-dən başlayaraq, öz daimi dislokasiya yerinə geri qayıtmağa başladılar. Amma dəstənin əvvəlində gedən  polkovnik-leytenant Abakar Hacıyev geri qayıtmadı. Çox təəssüf! Amma təsəlli yerimiz var. Ali Baş Komandanımız ali cənab İlham Əliyevin qətiyyətindən güc alan igid hərbçilərimiz 30 ildir erməni işğalında fəryad edən Qarabağı azad etdilər, məcburi köçkünlükdən bezən insanlara qaytardılar. Bax, təsəllimiz, sevincimiz budur. Məhz Abakar kimi qeyrətli igidlərimiz  bizə qələbənin tamını dadızdırdılar. Ruhları həmişə bizimlədir. Mən Abakarın anası Pirdas xanıma, həyat yoldaşı Arzu xanıma, bir sözlə, bütün Hacıyevlərə başsağlığı verirəm. Başınızı dik tutun: axı sizlərin, bizlərin, hamımızın Abakar Hacıyev kimi yüksək örnək və daim qürur mənbəyimiz var.

 

 

Aytəkin Alxaslı

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi