Modern.az

Banklar kredit borcuna görə şəhid ailələrini və qaziləri NARAHAT EDİR

Banklar kredit borcuna görə şəhid ailələrini və qaziləri NARAHAT EDİR

İqtisadiyyat

2 Dekabr 2020, 11:00

Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdil olaraq şəhid, qazi, yaralı hərbçilərimizin, düşmən təxribatı nəticəsində zərər çəkmiş mülki vətəndaşlarımızın kredit borclarının bağışlanması, faizlərinin dondurulması ilə bağlı qərar açıqlasa da, ayrı-ayrı şəxslər tərəfindən narazılıqlar qalmaqdadır. Hətta hazırda cəbhədə olan şəxsərin ailələrinə kredit borcuna görə zənglər daxil olduğuna dair məlumatlar var.

 

“Qərar qüvvədədir”

 

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosasiyasının (ABA) prezidenti Zakir Nuriyev Modern.az-ın sorğusuna cavab olaraq, qərarın qüvvədə olduğunu deyib:

 

“Banklar Assosasiyası olaraq, bəyanat və qərar vermişdik ki, Vətən savaşında həlak olmuş şəhidlərimizin istehlak kreditləri üzrə borcları tam şəkildə banklar tərəfindən qarşılanacaq. Eyni zamanda, qazilərin ilkin olaraq, 27 sentyabrdan 31dekabradək olan dövr üçün hesablanmış faziləri bankların vəsaiti hesabına silinəcək. Həmçinin, həlak olmuş mülki vətəndaşlarımızın da banklara olan istehlak kredit borcları eyni qaydada silinəcək. Yaralanmış şəxslərin borclarının da bankların hesabına silinməsi həyata keçiriləcək. Bu qərarların icrası hazırda davam etdirilir”.

 

 

“Banklarda məlumat bazası yoxdur”

 

Z.Nuriyev deyib ki, bu gün banklarda, döyüşdə olan, şəhid, qazi, yaralılarla bağlı ümumi məlumat bazası yoxdur:

 

“Yəni hansı müştəri hazırda ordudadır, hansı şəhiddir, hansı qazidir və s. bu kimi ümumiləşdirilmiş məlumatlar mövcud deyil. Banklar bu barədə borcun ödəniş günü ailə üzvləri, yaxud şəxs özü bildirdiyi zaman məlumatlanır. Yalnız bu zaman bilirlər ki, bu şəxs hansı statusdadır və ona müvafiq olaraq da addımlar atılır.

Ailə üzvlərinə zəng edilməsi borcun tələb edilməsi üçün deyil, statusun müəyyən edilməsi üçündür. Yəni bank əməkdaşı şəxslərlə əlaqə saxlamadan onların statusa sahib olduğunu müəyyən edə bilməz. Müvafiq qeydlər götürülür və təkrar olaraq həmin şəxslərə zənglər edilmir. Gələcəkdə müvafiq məlumatlar bazaya daxil edildikdən sonra narazılıqlar da aradan qalxacaq və müvafiq olaraq qərarlar qəbul ediləcək”.

 

 

“Şəhid ailələrinin gözünün yaşı qurumayıb, yaralının yarası sağalmayıb...”

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a açıqlamasında deyib ki, hazırda cəbhədə xidmət edən, şəhid, yaxud qazi olan şəxslərin kredit borcları ilə bağlı güzəştlər nəzərdə tutulub:

 

“Borcların bir qismi bağışlanacaq, bir qisminin faizləri dondurulacaq və s. Deatallar qəbul edilmiş qərardan və ayrı-ayrı bankların imkanlarından asılıdır. İstənilən halda bizim cəmiyyət, dövlət olaraq o insanlara böyük borcumuz var. Onlar dövlətin ən yüksək imtiyazlarından istifadə etmək haqqına malikdirlər.

Ayrı-ayrı şəxslərə zənglərlə bağlı məlumatlar alırıq. Bu gün kreditin, yaxud borcun istənilməsi zamanı deyil. Məsləhət görərdim ki, banklar müəyyən qədər səbr etsinlər. Müəyyən məsləhətləşmələr aparılar, hökumətin də mövqeyi bilinər, daha sonra hansısa qərarlar verilər. Bu dəqiqə insanların çoxu döyüş meydanından qayıtmayıb, çoxusunun yarası sağalmayıb, çox şəhid ailəsinin gözünün yaşı qurumayıb, belə bir məqamda onlara zəng etmək və borc tələb etmək insanlıqdan kənar işlərdir”.

 

 

“Borc istəməyin yeri deyil”

 

Komitə sədri bank rəhbərlərinə çağırış edib:

“Xahiş edirəm ki, səbrli olsunlar, ölçülü-biçili hərəkətlər etsinlər. Yaxşı olardı ki, Banklar Assosasiyası, Azərbaycan Mərkəzi Bankı bu barədə daha xeyirxah addımlar atılmasını davam etdirsinlər və qısa müddətdə ictimaiyyətə informasiya versinlər. İstənilən halda borc elə bir şeydir ki, ya bağşlanılmalıdır, ya da ödənilməlidir. Amma bu saat bank kreditlərini tələb etməyin yeri deyil. Maksimum şəkildə insanlara kömək etməliyik, dəstək verməliyik”.

 

Xatırladaq ki, qərara əsasən:

 

 

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməlidir;

- Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməlidir;

- Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılmalıdır;

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilməlidir;

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilməlidir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır