Modern.az

Yeni doğulan körpə xəstəxanadan şəhid atasının üstünə aparıldı - FOTO+VİDEO

Yeni doğulan körpə xəstəxanadan şəhid atasının üstünə aparıldı - FOTO+VİDEO

31 Dekabr 2020, 13:45

Qubada şəhid baş gizir Şahin Allahyarovun onsuz doğulan oğlu Şahin Allahyarovun xəstəxanadan təntənəli surətdə çıxarılması mərasimi baş tutub.

 

Modern.az xəbər verir ki, dekabrın 28-də Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsində dünyaya gələn körpə atası Şahin Allahyarovun arzusuna görə Şahin adlandırılıb. Hələ doğulmamışdan şəhid atası Şahin verib bu adı ona. Qubalı igid şəhid Şahin Allahyarovun sosial şəbəkələrdə yayılan videosunda o həyat yoldaşı Kəmalədən oğlu olarsa, ona Şahin adını verməsini xahiş etmişdi. Artıq qəhrəman şəhidin arzusu reallaşıb.

 

Balaca Şahinin Qusar doğum şöbəsindən çıxarılması mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də iştirak edib. Pandemiya qanunlarına ciddi riayət edilən mərasimdə icra başçısı igid Şahinin xatirəsini daim yaşadacaq balaca oğlu Şahinin dünyaya gəlişi münasibətilə şəhidin xanımını və doğmalarını təbrik edib.

 

Z.Əliyev Qarabağ döyüşlərində xüsusi şücaət göstərmiş şəhid Şahinin adını daşıyacaq körpəsinin onun adına layiq övlad kimi böyüməyini arzu edib:

 

"İgid Şahinin oğlu Şahin Allahyarovun atası kimi igid olmağını arzu edirəm.Qubanın tarix yazan qəhrəman oğullarından olan Şahin cəbhədə xüsusi şücaət göstərib. Elə bu şücaətinə,qəhrəmanlığına görədir ki, Şahin Allahyarov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi Qəhrəmanı" adına layiq görülüb,"Vətən uğrunda"və "Şuşanın azad olunmadına görə"medalları ilə təltif edilib. Belə igid atanın oğlu da igid olacaq".

 

Rayon rəhbəri şəhidin həyat yoldaşı Kəmalə Allahyarovaya hədiyyələr və gül buketi təqdim edib, şəhid yadigarı olan körpənin sağlam böyüməsini arzu edib. Kəmalə Allahyarova və körpəsi bayramsayağı və Azərbaycanın dövlət atributları ilə bəzədilmiş avtomobilə yerləşdirilib.

 

TƏBİB-in Qusardakı Baş direktoru Mübariz Zeynalov ana və körpəsinin özlərini çox yaxşı hiss etdiyini bildirib və körpənin 3 kiloqram 600 qram çəkisində sağlam doğulduğunu deyib.

 

Sonra maşın karvanı Qubanın Zizik kəndinə yola düşüb. Zizik kəndinin girəcəyində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovla şəhid Şahin Allahyarovun plakatı vurulmuş lövhənin qarşısında balaca Şahinin adına qurban kəsilib.

 

Sonra yeni doğulan körpə şəhid atası Şahin Allahyarovun kənd qəbristanlığındakı məzarına aparılıb. Şəhidimizin ruhuna dualar oxunub, onun arzusunun yerinə yetdiyi, oğlunun özünün istədiyi kimi Şahin adlandırıldığı deyilib. Ruhun şad olsun, əziz şəhidim !!!

 

Oğlun Şahin sənin layiqli davamçın olacaq bundan sonra!

 

Aytəkin Alxaslı

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir