Modern.az

15 azərbaycanlı jurnalist Türkiyədə - Pandemiya dövründə İLK

15 azərbaycanlı jurnalist Türkiyədə - Pandemiya dövründə İLK

Media

15 Fevral 2021, 09:22

Hazırda dünyada COVID-19 təhlükəsi davam etməkdədir. Pandemiya səbəbindən dünya ölkələrinə əvvəlki qaydada axın yoxdur.

 

Koronavirus bütün dünyada turizm sektoruna daha cox ziyan vursa da, Türkiyə bu məsələdə işini qura bilib və az zərərlə turizm sahəsini ayaqda saxlaya bilib. 

 

Modern.az xəbər verir ki, Türkiyə dövləti yaranmış xoşagəlməz şəraitə daha çevik reaksiya verərək, pandemiyanın turizm sekrotoruna vura biləcəyi ciddi zərərlərin qarşısını qismən də olsa, ala bilib.

 

Turistlər Türkiyədə tam sərbəst şəkildə gəzə və ürəkləri istəyən səfərləri gerçəkləşdirə bilirlər

 

Hazırda pandemiya səbəbindən ölkə əhalisinə bir sıra qadağalar tətbiq olunub. Amma bu qadağalar turistlər üçün keçərli deyil. Turistlər Türkiyədə tam sərbəst şəkildə gəzə və ürəkləri istəyən səfərləri gerçəkləşdirə bilirlər.

 

Maraqlı bir nüans da diqqət çəkdi. Əhaliyə tətbiq olunan həftə sonları küçəyə çıxmaq qadağasının turistlərə aidiyyəti yoxdur. Turistlər əvvəlki illərdən fərqli olaraq, insanların seyrək olduğu küçələrdə rahatlıqla gəzə  bilərlər. Təbii ki, tibbi maska taxaraq gigiyenik qaydalara əməl etməklə.

 

Turizm sektoru Türkiyə iqtisadiyyatının demək olar ki, ana xəttini təşkil etdiyindən, ölkənin bir sıra rəsmi və qeyri-rəsmi qurumları tərəfindən bu sahənin tamamilə tənəzzülə uğramaması üçün bir sıra proqramlar həyata keçirilir. Bu məqsədlə “#SafeTorism”, “#SafeToursmTürkiye”, “#ReadyAndaSafeTürkiye” proqramları icra edilir, o cümlədən bir sıra ölkələrdən olan jurnalistlərin Türkiyəyə səfərləri təşkil olunur. Məhz bu proqramlar nəticəsində Türkiyənin turizm sektorunu ayaqda saxlamaq mümkün olub.

 

 

15 azərbaycanlı jurnalist Türkiyədə

 

Bu tədbirlər çərçivəsində Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycandan da bir qrup jurnalist ölkəyə dəvət olunub. Səfər çərçivəsində jurnalistlər Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində olacaq, turizm potensiallı məkanlarını ziyarət edəcəklər.

 

Səfərin ilk günündə İstanbulda Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyində azərbaycanlı jurnalistlər üçün mətbuat konfransı keçirilib. Pandemiya şəraitində Türkiyənin turizm sahəsində görülən işlərdən danışılıb, həmçinin jurnalistləri maraqlandıran sualları cavablandırılıb.

 

Bildirilib ki, Türkiyə hökuməti bu sahədə proqramların icrasına ötən ilin birinci yarısından, daha dəqiq, 4 may tarixindən başlayıb. 2020-ci ilin aprel ayından başalayaraq, Türkiyənin Turizm və Mədəniyyət, Xarici İşlər, Səhiyyə, Daxili İşlər və digər nazirliklərinin birgə iştirakı ilə, turzim sektorunun pandemiya dövrünün tələblərinə uyğun fəaliyyət proqramı hazırlanıb. Həmin proqramlar artıq bir ilə yaxındır ki, icra olunur. Bu məqsədlə ölkəyə gələn turistlərin sağlamlığının və təhlükəsiziliyinin təmin edilməsi üçün ciddi tədbirlər görülüb. Ölkədə fəaliyyət göstərən otellər, turistik məkanlar pandemiya şəraitinin tələblərinə uyğun formada qurulub. Məhz görülən tədbirlərin nəticəsi olaraq, Türkiyəyə pandemiya dönəmində 16 milyon turist səfər edib. Baxmayaraq ki, Avropa Birliyi, o cümlədən bir sıra ölkələr öz vətəndaşlarının Türkiyəyə səfər etməsinə müəyyən üsullarla mane olmağa çalışıb. Ancaq heç bir süni əngəl turistlərin Türkiyəyə səfər etməsinə mane ola bilməyib. Xarici ölkə vətəndaşlarının Türkiyəni seçməsi də təsadüfi deyil, çünki Türkiyə turizm sektorunda ən yüksək keyfiyyətli xidmət göstərən ölkələrin önündə gedir. Türkiyədə fəaliyyət göstərən otellər Avropa ölkələrindəki otellərdən qat-qat yüksək keyfiyyətli xidmət göstərir. Ona görə də avropalı turist istirahət üçün məhz Türkiyəni seçir.

 

Qeyd olunub ki, Türkiyə artıq növbəti turizm sezonuna hazırlıq işlərinə də başlayıb. Bu gün bütün turzim sektoru pandemiyanın şərtlərinə uyğun şəkildə fəaliyyət göstərmək üçün hazır vəziyyətdədir. Burada turistin ölkəyə daxil olduğu andan, istirahət edəcəyi məkana və geri dönüşünə qədər bütün xırda detallar öz əksini tapıb. Türkiyəyə gələn turistin pandemiya şərtləri daxilində sağlam və təhlükəsiz istirahəti üçün zəruri bütün addımlar atılıb. Turizm sektoru növbəti sezonda ötən illə müqayisədə qat-qat artıq turistin ölkəyə gəlməsi və onlara keyfiyyətli xidmət göstərilməsi, xüsusən də sağlamlıqlarının, təhlükəsizliklərinin təmin olunması istiqamətində gərəkli tədbirlər həyata keçirilib.

 

O da vurğulanıb ki, Türkiyəyə gələn turistlərin COVID sığortası və "Otel konaklama" sığortası etdirmələri məsləhət görülür. Hazırda Türkiyənin 81 əyalətində pandemiya xəstələri üçün ayrılmış 563 xüsusi xəstəxana fəaliyyət göstərir. Xəstəxanaların əksəriyyəti turizm bölgələrindədir. Türkiyəyə gələn turistlər koronavirus pandemiyasına yoluxacağı təqdirdə belə, əgər xəstəliyi yüngül keçirərlərsə, oteldə karantin müddətini əlavə ödəniş etmədən keçirə bilərlər. Bunun üçün Türkiyəyə gəlmədən öncə otel konaklama sığortasını etdirmələri mütləqdir. Virusu ağır keçirəcəkləri təqdirdə isə xəstəxana şəraitində ödənişsiz müalicə olunmaq imkanı əldə edəcəklər. Bunun üçün isə mütləq ölkəyə gəlməzdən əvvəl COVID sığortası olunmalıdırlar. Hər iki sığortanı etdirmək üçün elə də böyük məbləğdə vəsait tələb olunmur. Turistlərin koronavirusa yoluxacaqaları təqdirdə əlavə xərcə düşməmələri üçün hər iki sığorta məsləhətdir”.

 

Bununla yanaşı, Türkiyənin daha çox turist cəlb etməsi üçün bir sıra yeni addımlar da atılmaqdadır. Ölkəyə səfər edən qonaqlar yeni mövsümdə həmin yeniliklərin şahidi ola biləcəklər.

 

Azərbaycanlı jurnalistlər səfərin ilk günü Qalata qülləsi, İstiqlal küçəsi və Taksim meydanını ziyarət ediblər.

 

 

Növbəti dayanacaq: Ankara, İzmir

 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərkibində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin əməkdaşının dediyinə görə, dünyanın ən qədim tarixi abidələrindən hesab edilən Qalata 528-ci ildə Bizans imperatoru Anastasius tərəfindən gəmilər üçün fənər qülləsi olaraq inşa edilib. 1204-cü ildə IV Səlib yürüşü zamanı ağır zərbələr alan qüllə 1348-ci ildə Cenevizlilər tərəfindən “İsa Qalası” adı ilə bərpa olunub. 1445-1446-cı illərdə burada qüllə ucaldılıb.

 

TİA-nın əməkdaşının açıqlamasına görə, İstanbulun Osmanlılar tərəfindən işğalından sonra - 1453-cü il mayın 29-da Qalata qülləsinin açarı Cenevizlilər tərəfindən Fatih Sultan Mehmetə təqdim edilib. Həmin il iyunun 1-də isə qüllə tamamilə Osmanlı İmperatorluğuna təslim olunub. 

 

"Qüllə 1509-cu ildə baş verən və osmanlılar tərəfindən “kiçik qiyamət” adlandırılan zəlzələ zamanı ciddi zərər görüb. Lakin o zamanın tanınmış memarlarından biri olan Hayreddin tərəfindən yenidən qurulub. Osmanlı Sultanı III Muradın dövründən 1579-cu ilədək qüllə rəsədxana kimi fəaliyyət göstərib. XVI əsrdə isə İstanbulun Kasımpaşa limanında işləyən xristian müharibə əsirlərinin sığınacağı olub".

 

1717-ci ildə İstanbulda tez-tez baş verən yanğınlar səbəbindən Qalata yanğına nəzarət qülləsi olaraq istifadə olunmağa başlayıb. Buna baxmayaraq, XVII əsrin ortalarında və 1831-ci ildə qüllədə baş verən iki yanğın nəticəsində o, ciddi zərər görür. 1875-ci ildə İstanbulda baş vermiş güclü fırtına isə qüllənin üst hissəsini tamamilə dağıdır. 1965-1967-ci illərdə tikilinin dağılmış hissəsi yenidən inşa edilir və Qalata qülləsi hazırkı görünüşünü alır.

 

Əzəməti ilə seçilən qüllənin hündürlüyü 67 metrdir. Qüllənin zirzəmisində yerləşən çuxurlarda aparılan araşdırmalar zamanı burada insan sümüklərinə rast gəlinib. Bu da bir vaxtlar qüllənin zirzəmisinin zindan kimi istifadə edildiyini göstərir. Aparılan hesablamalara görə, bu tarixi tikilinin çəkisi 10 min tondur.

 

TİA-nın əməkdaşı Qalata qülləsi ilə bağlı bir çox rəvayətlərin olduğunu da bildirib. Onlardan biri Qalata qülləsinə  çıxan iki sevgilinin qarşılarına çıxacaq bütün çətinliklərə baxmayaraq, evlənmələridir. Lakin əfsanəyə görə, sevgililərdən biri qülləyə daha əvvəl çıxıbsa, onda bu tilsim pozulur.

 

Bu tarixi tikilinin əzəməti odur ki, ən yüksək nöqtəsindən İstanbul sahili başda olmaqla, Haliç bölgəsi və boğaza gözəl mənzərə açılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?