Modern.az

Mübariz Qurbanlı: “Biz müxalifəti daha da zəiflətmək istəyirik”

Mübariz Qurbanlı: “Biz müxalifəti daha da zəiflətmək istəyirik”

Təhsil

27 Avqust 2012, 16:05

Ötən həftə yadda qalan siyasi proseslərdən biri də 16 siyasi partiyanın biraraya gələrək yeni birlik yaratması oldu. 2013-cü ilin prezident seçkiləri ərəfəsində müxalifət təmsilçiləri Demokratik Qüvvələrin Məşvərət Məclisi adlı yeni birlik təsis etdilər.

Məclisin yaradılmasında əsas səbəb kimi müxalifət qüvvələri arasında əməkdaşlığın daha da genişləndirilməsi və müzakirələrin davamlılığını təmin etmək göstərilib. Siyasi partiyaların gözlənilməz qərarı cəmiyyətdə birmənalı qarşılanmadı. Çoxları AXCP və Müsavatın qoşulmadığı Məşvərət Məclisinin əhəmiyyətsiz olduğunu hesab edirlər.

Bəs iqtidar təmsilçiləri bu birliyi necə qiymətləndirirlər? Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Modern.az-ın əməkdaşı ilə söhbət zamanı hadisəyə münasibət bildirib.

YAP rəsmisi müxalifətin yeni yaradılan birliyinin də digərləri kimi uğursuzluğa düçar olacağını bildirib. Deputatın sözlərinə görə, hazırki durumda müxalifət qüvvələrinin Məşvətə Məclisi yaratması bir o qədər də əhəmiyyətli deyil:

“İlk dəfə deyil ki, müxalifət partiyaları belə birliklər, məclislər təşkil edirlər. Dəyişən heç nə yoxdur. Bu onların öz işləridir, biz buna qarışmırıq. İstədikləri adda blok, təşkilat yarada bilərlər.

Sadəcə olaraq onu deyə bilərəm ki, bizim üçün onlar rəqibdirlər. Bu baxımdan biz onlarla mübarizə aparacağıq. Yəqin bu birlik də digərləri kimi uğursuz olacaq. Ümid etmirəm ki, Məşvərət Məclisi hansısa uğur qazana bilsin”.

M.Qurbanlı həmçinin onu da bildirib ki, iqtidar rəqib olduqları üçün müxalifət partiyalarını daha da zəiflətmək niyyətindədir.

“Özləri bilərlər. Biz heç kimə deyə bilmərik ki, niyə birləşmisiniz. Onsuz da bu da davamlı olmayacaq. Bunun da təbii ki, əsas səbəbi cəmiyyətdə onlara olan inamsızlıqdan irəli gəlir. Onlar bir araya gələndə araşdırmalıdırlar ki, nə üçün uğur qazanmırlar. Biz də rəqib olaraq onları zəif görmək və zəiflətmək istəyərik”, - deyə YAP rəsmisi vurğulayıb.

Ötən həftə 16 siyasi partiyanın iştirakı ilə müxalifət qüvvələrini özündə birləşdirən Demokratik Qüvvələrin Məşvərət Məclisi yaradılıb. Həmin toplantıda AMİP, DBP, ALP, Aydınlar Partiyası, ADP, ACP, BAP, Azadlıq Partiyası, KXCP, Yaşıllar Partiyası, ALDP, VHP, Ümid Partiyası, VAMBP, Azad Azərbaycan Partiyası və Demokratik İslam Partiyasının nümayəndələri iştirak ediblər.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü