Modern.az

YAP-ın qurultayı regiondakı yeni reallıqlarla bağlıdır - Çingiz Qənizadə

YAP-ın qurultayı regiondakı yeni reallıqlarla bağlıdır - Çingiz Qənizadə

Aktual

6 Mart 2021, 20:26

Nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi Azərbaycanda və regionda yaranmış yeni reallıqlardır.

 

Modern.az xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

 

Çingiz Qənizadə qeyd edib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayının keçirilməsinin zərurətini doğuran səbəblərdən ətraflı danışdı. Dövlətimizin başçısı bildirdi ki, yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.

 

Hüquq müdafiəçisi bildirib ki, qurultayda qəbul edilən önəmli qərarlardan biri də 6 siyasi partiyanın öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı oldu. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Bu partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi YAP-ın, sözün əsl mənasında, xalq partiyası olduğunu bir daha sübut edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Azərbaycanın gücünün, qüdrətinin artması, xüsusilə də 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası Azərbaycanın dünyada nüfuzunu daha da yüksəltdi, mövqelərini möhkəmləndirdi. Təbii ki, bütün bunlar Azərbaycanın bütün vətəndaşları kimi, siyasi partiyalar tərəfindən də dəstəklənir. Siyasi partiyaların mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyərək ölkəmizdə milli birliyin və həmrəyliyin təmin olunmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçirildi və bu islahatlar nəticəsində ölkəmizin siyasi sistemində keyfiyyətcə yeni, konstruktiv dialoq və plüralist əməkdaşlıq mərhələsi başlandı. Vətən müharibəsində 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan etdi, eyni zamanda, müxtəlif regional və beynəlxalq təşkilatlara müraciətlər göndərdi və beləliklə, Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu göstərdi. Dövlətimizin başçısı qurultayda bu məsələyə toxunaraq bildirdi: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan”. Azərbaycan Prezidenti, həmçinin dedi: “Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur”.

 

“Beləliklə, 6 partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması Azərbaycanda milli birliyin, həmrəyliyin artmasına, YAP-ın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addımdır. YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasının göstəricisidir. Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından xəbər verir. Altı siyasi partiyanın YAP-a qoşulması həm də iqtidar partiyasına olan etibar və inamdan irəli gəlir”, - deyə Çingiz Qənizadə vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir