Modern.az

Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ

Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ

8 Mart 2021, 15:32

Ağdərə istiqamətində ən ağır döyüş deyərdim ki, “530 yüksəkliyi”ndə oldu. Göyarx (xəritədə Levonarx gedir) istiqamətində gedən ağır döyüşlər səbəbsiz deyildi. Ağdərə şəhərinin açarı o yüksəklik idi. Yüksəklik Tərtər-Ağdərə yolunun üstündə yerləşir, ordan Ağdərə şəhərinə düpbə-düz yoldu...

Ağdərəyə hücum qabağı o yüksəklik mütləq götürülməli idi.

Tərtər briqadası bir necə dəfə öz bölmələri ilə cəhd etsə də, oranı götürə bilmədi, “530 yüksəkliyi” ilə bağlı alınmaz qala təsəvvürü yaranmışdı.

Ermənilər üçün olmazsa olmaz idi, ölüm-qalım məsələsi idi...

Yüksəklikdə ermənilərin çox möhkəm beton bunkeri var idi, 2 mərtəbəli bunkerdə nəfəsliklər var idi, həmən nəfəsliklərə TƏİR-lər və snayperlər yerləşdirmişdilər, ora texnika ilə yaxın düşmək mümkün deyildi.

50 texnika da çıxarsan, hamısı vurulacaqdı.

Yüksəkliyi ermənilərin 022 saylı xüsusi təyinatlı briqadasının bölmələri müdafiə edirdi.

Yüksəkliyin arxasında kəndin içində ermənilərin çox güclü minaatan bölmələri var idi, atışdan bilmək olur ki, otrada azı 3-4 batareya var.

Həmən yüksəkliyin götürülməsi tapşırığı 1-ci ordu korpusunun Əlahiddə Kəşfiyyat Taboruna tapşırılmışdı..

Hücumdan öncəki gecə polkovnik-leytenant Nəsimi Şıxəliyev və Həmlə taborunun komandiri Anar Şükürov (oktyabrın 16-da Anar o istiqamətdə şəhid oldu) əməliyyatla bağlı müzakirə edirdilər, ilk dəfə Anarla orda görüşdük.

Artilleriya atəşindən və TOS-1-i vurandan sonra Kəşfiyyat taborunun iki bölüyü Xüsusi təyinatlı bölük və kəşfiyyat bölüyünün qrupları yüksəkliyə sağdan və soldan sızdılar.

Çox gərgin döyüş başladı (ümumilikdə 35-40 nəfər), ermənilərin sözlə ifadə edilməyəcək müqaviməti var idi, snayperlər baş qaldırmağa imkan vermirdi.

Ermənilərin Ağdərə istiqamətindən böyük qüvvəsi - təqribən 10 maşın köməyə gəlirdi. Yüksəkliyin başında bölüyün dayaq məntəqəsi tərəfdə dolama yol var idi, artilleriyamız orda kalonu demək olar darmadağın etdi, o qüvvə gəlib çata bilmədi.

Bizimkilər yüksəkliyin üstündə idilər, qıra-qıra irəlliyirdilər.

Çox maraqlı hadisələr baş verirdi, artilleriya bunları vura-vura bir yerə sıxmaq istiyirdi ki, tam şəkildə məhv eləsin, qüvvələrimizə müqavimət dayansın.

Təqribən 70 nəfər bunkerlərdən çıxıb valın içi ilə bölük mərkəzinə qaçmağa başladı, bir anlıq qışqırıq, sevinc başladıkı ki, vəsalam, qaçdılar, yüksəkliyi aldıq..

Amma həmən qüvvə təzədən qayıdıb müqavimətə davam etməyə başladı, bizimkilər valın içində idilər, bunların arxasınca təqib etmək üçün irəlliyirdilər, qayıdan qüvvə valın içində bizimkilərlə qarşılaşdı.

Valın içində 15-20 metr məsafədə atışma gedirdi. Erməninin minamyotları özününkülər qarışıq hamını vururdu. Dayanmadan yağdırırdılar ki, nə olursa olsun, təki orda qüvvə qalmasın.

Hava qaraldı, döyüş səngidi, bizimkilərin yarısı səngərin içində, yarısı da yüksəkliyin başında səhəri açdılar.

Hava ışıqlaşan kimi döyüş təzədən başladı, səhər artilleriya atəşindən sonra düşmənin gecədən yığıb gətirdiyi qüvvə əks-hücuma keçdi.

Oranı təzədən düşmənə vermək şərəf məsələsi idi, Tərtər briqadasının bölmələri köməyə getməliydi, amma onların hərəkət marşrutunu ermənilər dayanmadan vurduqlarına görə hec cür irəlləyə bilmədilər.

Kəşfiyyat taboru tək qalmışdı yüksəklikdə...

Həm çox yaxın məsafədə döyüş gedirdi, həm də çox güclü artilleriya atışı... Ermənilər öz qüvvələri də qarışıq fərq qoymadan minamyot və toplardan atəş yağdırırdı..

Bizim artilleriya isə düşmənin həm artilleriyasını, həm də əks-hücuma keçən bölmələrinin qarşısın almağa çalışırdı...

Nəsimi Şıxəliyev PUA-dan olan görüntülərə baxa-baxa döyüşü idarə edirdi, mən onu indiyənə kimi bu qədər stressli, həyəcanlı görməmişdim...

Ratsiya əlində “Orxan, Orxan! qabağınızda sağdadı”, “Əlvan, Əlvan! snayper atır, qoruyun özünüzü”, “Lətif, səngərin dibində uzanıblar” deyə qışqırırdı...

Qışqırmaqdan yazığın səsi batmışdı, mənə dedi ki, “Tofiq, burda olmaq döyüşdə olmaqdan çətindi, mən özüm döyüşə girəndə hec bu qədər həyəcanlı, stressli olmuram”.

Korpusun kəşfiyyat şöbəsinin zabitləri də bir tərəfdən PUA görüntülərini çatdırırdılar uşaqlara..

Labirint səngərlər idi, içində də ermənilər...

Sahil, Anar, Pərvinin əməyi çox böyük idi.

Hər detalı uşaqlara rabitədə çatdırırdılar, xəbərdar edirdilər.

15 oktyabr axşam saat 7 olardı, düşmənin müqaviməti tam qırıldı demək olar, buna baxmayaraq minamyot dayanmırdı.

Bunkerin içində öldürülən ermənilərin geyimindən, bədən qurluşlarından bilinirdi ki, bunlar siravi əsgərlər deyil.

2-ci Qarabağ müharibəsində “530 yüksəkliyi”ndə ilk dəfə bir şeyi gördük, bəlkə də hardasa olub mən məlumatsızam. Bizim şəhidlərlə erməni leşləri bir-birinə qarışmışdı.

Valın içində üzbə-üz getmişdi atışma, şanlı Azərbaycan əsgəri canavar kimi şığımışdı ermənilərin üstünə.

Həmən döyüşdə ermənilər xeyli itki verdilər, bəlkə də az sayda olan əsgərlərimizin valın içində erməninin üstünə o cür getməsi onların müqavimətinin qırılmasında böyük təkan oldu. Şəhidlərimizi onların arasından götürdük.

Kəşfiyyat taboru 4 şəhid və 10-dan çox yaralı verməsinə baxmayaraq, mümkünsüz deyiləni bacardı və yüksəkliyi aldı.


Həmin döyüşlərdə səfərbərliklə gələn

Əsgər Musaoğlu Ataməli Seyidməhəmməd oğlu,

Əsgər Abdullayev Balazadə Rafət oğlu,

MAXE Kərimov Ülvi Rövşən oğlu,

MAXE Əmirov Emin Rafət oğlu şəhid oldular.


O döyüşlərdə

Mayor Orxan Adgözəlov,

Baş-leytenant Lətifov Lətif,

Baş-leytenant Ağayev Qəzənfər (Vətən müharibəsi qəhrəmanı),

Baş-leytenant Abaslı Cəsarət,

Gizir Nəbiyev Nəbi,

Gizir Şahbazov Şahbaz,

MAXE Xıdırov Orxan,

MAXE Şirinli Elşən,

Gizir Əhməd İsmayılov

Gizir Yunusov Seyfur böyük qəhrəmanlıq göstərdilər.


Tofiq Şahmuradov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi