Modern.az

Yeni dəyişikliklər ölkəmizdəki siyasi dialoqun inkişafına təkan verəcək

Yeni dəyişikliklər ölkəmizdəki siyasi dialoqun inkişafına təkan verəcək

Aktual

9 Mart 2021, 11:25

Yeni Azərbaycan Partiyasının yaranması, mütərəqqi Azərbaycan vətəndaşlarının Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşərək dövlət müstəqilliyimizin real məzmun alması, dövlət quruculuğu prosesinin başladılması üçün nə qədər tarixi əhəmiyyət daşıyırdısa,  YAP-ın VII qurultayı da öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan Respublikasının bugününə, gələcəyinə, ölkənin siyasi həyatına yeni, modern və konseptual baxış baxımından mühüm önəm kəsb edir.

 

Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 

 

Millət vəkili qeyd edib ki, YAP-ın VII qurultayı köhnə və yeni nəsil siyasətçilər arasında balansın qorunması, yeni dövrə ağrısız keçidin təmin edilməsi baxımından ideal düstur təqdim edə bildi, partiya yeniləndi, eyni zamanda qurucularla yeni nəsil arasında rabitə itirilmədi, Veteranlar Şurası yaradıldı: “Keçmişə, yaxın və uzaq tarixə münasibətdə sərgilənən bu yanaşma siyasi vərəsəlik prinsiplərinə yüksək sədaqət nümunəsi, nəsillərarası mənəvi körpülərin qorunub saxlanılmasıdır. Bu yanaşma, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə hesablanmış çox önəmli bir mesajdır”.

 

Azər Kərimli bəzi siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasının da ölkənin siyasi həyatında önəmli bir hadisə olduğunu bildirib: “Bu həm də Azərbaycan Prezidentinin yürütdüyü siyasət və həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin siyasi həyatında, fərqli siyasi baxışlara malik olan insanların dünyagörüşündə baş verən dəyişikliklərin, milli həmrəyliyin nümunəsidir. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirir”.

 

Millət vəkili bildirib ki, ölkənin hakim partiyasının – YAP-ın yenilənməsi ölkədə həyata keçirilən islahatların sürətlənməsinə xidmət edir: “Yeni Azərbaycan Partiyasının yenilənməsinin ölkənin siyasi həyatına müsbət dinamika gətirəcəyi şübhəsizdir. Baş verən dəyişikliklər ölkəmizdəki siyasi dialoqun konseptual platforma üzərindən inkişafına təkan verəcək, siyasi sistemin təkmilləşdirilməsində mühüm rol oynayacaqdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır