Modern.az

Kərim müəllimin soyunmaqlığı

Kərim müəllimin soyunmaqlığı

Ədəbi̇yyat

16 Mart 2021, 11:35

Akif Cabbarlı

 
(hekayə)

 


Mətbuatda hələ o qədər də tanınmamış və özünü təsdiqləmək üçün gecə-gündüz əlləşən Kərim Kərimlinski çoxdan idi ki, işlədiyi qəzet redaksiyasına baş çəkmirdi. Yaşı ötdüyünə və mövcud qaydalara görə redaktor gəlib-getmək məsələsini Kərim müəllimin öz boynuna qoymuş, “ürəyin nə vaxt istəsə, gəl, istəməsən də gəlmə, səndən umub-küsən yoxdur. Maaşını da vaxtında verəcəyik, narahat-zad olma”, - demişdi.


Günlərin birində Kərim müəllim çoxdan yazıb başa çatdırdığı məqaləsinin əlyazmasını da qoltuğuna vurub iş yerinə getməyi qərarlaşdırdı. Üzünü təraş elədi, şifoneri açıb ağ köynəyini, çoxdan əyninə almadığı kostyumunu çıxardı. Kostyuma düşən qalstuku da boynuna keçirib qapıdan çıxmaq istəyirdi ki, xanımı Səriyyə ilə burun-buruna gəldi. Arvadı nahar fasiləsində mütləq evə baş çəkər, ərinin yemək-içməyi, səhhəti ilə maraqlanardı. Necə də olsa, qırx beş il eldə-obada deyildiyi kimi bir yastığa baş qoymuşdular axı.


Nə isə. Səriyyə xanım ərinin əyin-başını, sir-sifətini sanki mikroskop altındakı kimi diqqətlə izlədi, əlini uzadıb kişinin kələ-kötür sifətini bir xeyli əlləşdirdi və qeyzlə dilləndi:


-A kişi, nədir, belə bəzənib-düzənib hara şortursan günün bu çağında? Yoxsa cavanlığın yadına düşüb, hə?..


-Səriyyə, redaksiyaya gedirəm. Aparım yazını kompüterdə yığdırım, müdirlə də görüşüm, çoxdandır üzünü görmürəm.


-Hə, nədir, kompüterdə işləyən qız kimdir ki, yadına düşüb yoxsa?..


-Nə qız, nə kompüter, cavan oğlan var, yazımı yığır, korrekturasını edir, ötürür katibliyə. Sən də nə qoyub, nə axtarırsan.


-Yaxşı-yaxşı, sən Allah, çıx get, qayıdan günün olmasın.


Kərim müəllim getdi, amma olduqca qanıqara vəziyyətdə getdi. Yol boyu ha fikirləşdisə, arvadının bu cür davranışından heç baş aça bilmədi.


Redaksiyada tünlük idi. Əməkdaşlar ora-bura qaçır, qəzetin növbəti nömrəsini hazırlayırdılar. Dəhlizdə yad adamlar da vardı. “Görünür, ştatdankənar müxbirlərdir”, - deyə Kərim müəllim ürəyindən keçirdi.


Redaktor onu olduqca səmimi qarşıladı:


-Boy, cənab Kərimlinski, xoş gəlmisən, nədir, xarici diplomatlar kimi geyinib-keçinmisən. Nə yaxşı, bəlkə işə dəyib, sonra da...


Redaktor sözünün dalını deməsə də, Kərim onun nəyə işarə elədiyini dərhal anladı.


-Yox, müəllim, bu yaşda nə ora, nə bura.


-Yox, yenə də...


Dəhlizdə məktublar şöbəsinin ölüb-itməz müdiri Validə xanımla rastlaşdı. Bu xanım nə az-nə çox, düz qırx il idi ki, bu şöbəyə başçılıq edirdi. İşinin öhdəsindən layiqincə gəldiyindən rəhbərlik ara-sıra dəyişsə də, onu kiminləsə əvəzləmək istəmirdilər. Kərimi başdan-ayağa süzüb sürməli qaş-gözünü süzdürən Validənin sözləri hekayəmizin qəhrəmanını lap cin atına mindirdi.


-Hə, nədir, hansı bəxtəvərlə görüşəcəksən? Redaksiya adına evdən çıxmısan, Allah bilir hansı ləçərin yanına gedəcəksən, Kərimçik. Vallah, Səriyyəyə yazığım gəlir, gör, ömrünü-gününü kiminlə çürüdür.


Bununla qurtarmadı. Kərim evə necə qayıtdısa, sözlə təsvir etmək bu sətirlərin müəllifi üçün də olduqca çətindir. Amma axıradək deməliyəm. Kərim müəllimi binanın giriş qapısında qarşılayan qonşusu İmdad kişi ucadan səsləndi:


-Kərim, qardaş, xeyirli olsun, sən öl, iki variantın var. Birincisi odur ki, arvadın gözünü oğurlayıb o söz. İkincisi də odur ki, yəqin sənə təzə vəzifə boyun olublar, amma kimdir sənə bu yaşda yaxşı iş verən? Çox güman ki, bir əfəldən-zaddan, boşanmışdan-tullanmışdan birini kələkləyib ələ keçirmisən. Yoxsa bu gün belə geyinməzdin.


Kərim dinmədi. Daha doğrusu deməyə söz tapmadı. Liftlə on dördüncü mərtəbəyə qalxdı. Mənzilinin qarşısında nə fikirləşdisə, ayaq saxladı. Sonra kostyumunu, köynəyini səliqə ilə soyunub qapının ağzındakı boş banka yeşiklərinin üstünə qoydu. Təptəzə ayaqqabılarını da çıxarıb paltarının böyrünə atdı. Sonra qapının zəngini açdı. Qapı açıldı və Səriyyədən bəlkə də hələ xoruz səsi eşitməmiş bir qışqırtı çıxdı:


-Ay camaat, kömək edin, kişini soyublar, soyundurublar. Evim yıxıldı, olan-qalanını apardılar. Öl, kasıb, öl, canın çıxsın elə.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?