Modern.az

Böyük Qələbəyə Aprel döyüşləri ilə yol açdıq

Böyük Qələbəyə Aprel döyüşləri ilə yol açdıq

2 Aprel 2021, 17:44

Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 5 il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Aprel döyüşləri 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsindəki Zəfərin başlanğıcı kimi qəbul olunur.


Bu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da təsdiq edib ki, Aprel döyüşləri 30 ildən sonra qazanılan qələbənin ilk cığırı idi:


“Azərbaycan xalqı məğlubiyyət hissini uzun müddət yaşadıqdan sonra yenidən öz dövlətçiliyinə qiymət verdi. Aprel döyüşlərində biz ordumuzun qüdrətini, əsgərlərimizin şücaətini, mərdliyini gördük. Bu döyüşlər sayəsində ermənilərə göz dağı verildi ki, işğalçılıq siyasətindən əl çəksinlər. Onlar məsələnin sülh yolu ilə həll olunmasını istəmədilər. Biz bir dövlət, xalq olaraq Aprel döyüşləri ilə fəxr etməliyik”.

Ermənilərin Aprel döyüşlər zamanı 650 nəfərdən çox itki verdiyini xatırladan sabiq nazir məlumatların sonradan üzə çıxdığını söyləyib:

“Onlar təxribata əl atan kimi Azərbaycan Ordusu hər zaman əks-hücuma keçirdi, bəzi əraziləri azad edirdi, amma itkilər daha az idi. Bu isə bizdə bir ümid, əminlik yaratdı və Vətən müharibəsində bu fakt özünü göstərdi.

Aprel döyüşlərində ermənilər düşünürdülər ki, Azərbaycan ordu quruculuğunu sınaqdan keçirir. Həqiqətən belə idi. Bu sınaq onu göstərdi ki, Azərbaycan düzgün yoldadır. İkinci Qarabağ müharibəsi də bunu təsdiq etdi”.


Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin sözlərinə görə, Aprel döyüşləri Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin başlanğıcıdır:


“Həmin döyüşlərdə iki yüksəklik azad olundu və əsgərlərimizin əhval-ruhiyyəsi daha da artdı. 44 günlük müharibə isə tamamilə fərqli, milli birliyin ən üst səviyyədə nümayiş olunduğu məqam idi. Müharibə zamanı qoca, cavan, qadın demədən - hamı Ali Baş Komandanın yanında oldu. Bu müharibə daha qürurverici idi. Bu qürurun da təməlində Aprel döyüşlərinin böyük payı var.

Aprel savaşının görünməyən tərəfləri də oldu. Onda əsgərlərimiz çox irəliləmişdi, amma siyasi müdaxilələr olduğu üçün bu əks-hücum əməliyyatı  yarımçıq qaldı. Buna baxmayaraq, 2016-cı ilin aprelində şanlı Ordumuzun nəyə qadir olduğunu bütün xalq gördü”.


Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Aprel döyüşlərinin  Azərbaycan üçün ən önəmli tarixi hadisə olduğunu vurğulayıb:


“Bu il Aprel döyüşlərinin 5-ci ildönümüdür. Aprel döyüşlərini Vətən müharibəsi üçün bir sınaq kimi qiymətləndirə bilərik. “Ohanyan xətti” deyə mif ortaya atılmışdı. Guya Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Qarabağda yaratdığı “müdafiə xətti” keçilməz sədd idi. Aprel döyüşləri göstərdi ki, Azərbaycan əsgəri üçün keçilməz sədd yoxdur.
Döyüşlərdən sonra cənab İlham Əliyev ermənilərə zərbə olan bu ifadələri işlətdi: “Azərbaycanla Ermənistanı döyüş meydanında təkbətək qoysalar, Azərbaycan Ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə qadirdir””.


Aprel döyüşləri ərəfəsində cəmiyyət və xalqın güclü sınaqdan keçdiyini vurğulayan ekspert düşünür ki, məhz o zaman vahid birliyi gördük:

“Bütün Azərbaycan xalqının prezidentimizin ətrafında birləşəcəyini Aprel döyüşləri sübut etdi. Gənclərimiz də sınaqdan keçdi. Bunların hər biri Aprel döyüşlərində əldə olunan real nəticələrdir. Qələbə gətirəcək addımlara Aprel döyüşləri ilə yol açdıq. Bu zəfər tarixindən geriyə baxanda Aprel hadisələrinin nə qədər önəmli olduğunu görürük”.


Aysel ASLAN

Mehri QURBAN

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi