Modern.az

“Özü də, filimləri də tamaşaçıların qəlbində yaşayacaq” - Eldar Quliyevlə bağlı XATİRƏLƏR

“Özü də, filimləri də tamaşaçıların qəlbində yaşayacaq” - Eldar Quliyevlə bağlı XATİRƏLƏR

16 Aprel 2021, 17:14

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib.

Onun sənət dostları Modern.az-a xalq artisti  haqda xatirələrini danışıblar.

Tanınmış aktyor-rejissor, Xalq artisti Ənvər Həsənov  deyib ki, Eldar Quliyevlə 1966-cı ildə bir yerdə oxuyublar :


“O vaxtı Eldarın bir diplom işi var idi. Bakıda film çəkməyə başlayanda mənə təklif etdi ki, onunla  birgə rejissor işləyərəmmi?  Mən də cavabımda “hə” dedim, filmin adı isə “Biri vardı, biri yoxdu...” idi. Eldarla bizim dostluğumuz da elə 1966-cı ildən başladı. Eldar diplom işini həll etdi,  qayıtdı. Azərbaycanda yenidən fəaliyyətə başladı və onun filmləri tamaşaçıların rəğbətini qazandı.

Sonra onun daha bir filmində 2-ci dərəcəli rolda oynadım.  Filmin adi isə ”Səmt küləyi” idi.

Eldar çox mərifətli, mülayim insan idi. “Babək” filmini çəkəndə də o, məni dəvət etdi və Tərxan rolunu oynadım.

Axır vaxtlar səhhəti ilə bağlı çox görüşə bilmirdik. Amma bu, bizim dostluğumuza əngəl deyildi.  Eldarın atası Azərbaycanın dahi bəstəkarlarından olub. Eldar da atasının yoluyla getdi və böyük uğurlara imza atd. Tamaşaçıların xatirəsində özü də, filimləri də yaşayacaq. Allah rəhmət etsin. Qəbri nurla dolsun”.


Xalq artisti Afaq Bəşirqızı qısaca olaraq üzüldüyünü qeyd edib:

“Onun “Girov” filmində rol almışam . Çox gözəl rejissor idi. Allah o dünyasını versin. Allah rəhmət etsin!”.


Eldar Tofiq oğlu Quliyev 1941-ci ilin yanvarın 18-i Bakıda anadan olub. 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb.

Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir.

1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkib. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.

Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan E.Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidenti idi.

Bəstəkar T.Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.


Humay İsgəndərova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?