Modern.az

Ziyafət Əsgərov Jirinovskini kloun adlandırdı - AÇIQLAMA

Ziyafət Əsgərov Jirinovskini kloun adlandırdı - AÇIQLAMA

15 Sentyabr 2012, 15:46

Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski Azərbaycan və azərbaycanlılara qarşı növbəti hədyanlarla çıxış edib.

Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov Jirinovskiyə cavab verib.

Ziyafət Əsgərovun Modern.az saytına göndərdiyi açıqlamanı olduğu kimi oxuculara təqdim edirik: 

- Macarıstanda həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun məhkumların verilməsinə dair 1983-cü il Beynəlxalq Konvensiyasına müvafiq olaraq Azərbaycana ekstradisiyası və Azərbaycan Konstitusiyası əsasında əfv edilməsindən sonra bəzi siyasətçilər, dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın suveren hüquqlarını nəzərə almadan ona qarşı haqsız, ədalətsiz bəyanatlar verməkdədirlər. Bu zaman siyasi əxlaq qaydaları diqqətə alınmır və ədalətsiz fikirlər səsləndirilir.

Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovski dəfələrlə Azərbaycana və Türkiyəyə yönəlik  təhqiramiz ifadələr, bəyanatlar səsləndirib. Jirinovsikinin siyasi siması hamıya məlumdur. Bu təlxəyin fikirləri artıq heç kimdə təəccüb doğurmur. Lakin özünü “liberal demokrat” adlandıran bu maskalanmış hoqqabazın 14 sentyabrda Rusiyanın paytaxtı Moskva şəhərində “Rus-Erməni Birliyi”nin təşkilatçılığı ilə Ramil Səfərovun azad edilməsinə qarşı keçirilmiş aksiyada söylədiyi fikirlər onun əsl simasını üzə çıxarır və əndazəni aşdığını göstərir. Son hadisələr göstərir ki, Jirinovski artıq sadəcə hoqqabaz deyil, eyni zamanda insanların qanına susamış bir yırtıcıdır əslində.

Vladimir Jirinovski Moskvada keçirilən aksiyada Azərbaycan-Rusiya dostluğunun ruhuna zidd olan, Azərbaycana qarşı siyasətçiyə, dövlət adamına yaraşmayan mənəviyyatsız, əxlaqsız və məsuliyyətsiz bəyanatlar səsləndirmşdir.

Jirinovski kimdir? Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur hoqqabazı adını alanın biridir. Moskvada keçirilmiş aksiyada iştirak edən Jirinovski anadangəlmə məzhəkəçi istedadını bir daha nümayiş etdirərək təxminən 450 aksiya iştirakçısına yeni bir tragikomik tamaşa göstərmişdir.

Aksiyada çıxışında Jirinovski sadəcə Ermənistanı dəstəkləməmiş, eyni zamanda bəşəri problem olan terrorizmin yeni dalğalarının yaranmasına  çağırış etmişdir. Rusiyanın öz daxilində terrorizm probleminin aktual olduğu, bütün dünyanın terrorizmə qarşı mübarizə apardığı bir vaxtda Rusiya Dövlət Dumasının vitse-spikeri olmuş bu şəxs Ermənistanı Azərbaycana qarşı terrora təşviq etmişdir. Bu sərsəm siyasətçi nəinki terrora çağırır, hətta ermənilərə azərbaycanlıları nece öldürməyin “texonologiyasını” izah edir. Jirinovski regionun təhklükəsizliyini ciddi şəkildə təhdid edən Ermənistanı Rusiya dövlətinin silahlandırmasını, ona ən müasir silahlar olan S-300 və S-400 raketlerinin verməsini, Ermənistanı Cənubi Qafqazın ən böük və güclü orduya malik dövləti etməyi, Rusiyanın qondarma DQR-in müstəqilliyini tanımalı olduğunu bildirmişdir.

Rusiyada yaşayan digər milli azlıqlara qarşı düşmən münasibəti ilə tanınan Jirinovski terorizmə haqq qazandıran siyasətçi olduğunu bir daha təsdiqləmişdir.

Jirinovski aksiyadakı hoqqabazlığında “Mən erməni xalqına müraciət edirəm. Bu işi mitinqlərlə həll etmək olmaz. Erməni zabitini öldürəni sərbəst buraxan kimdirsə ona gərəkli cavab vermək lazımdır. Ermənistan xüsusi xidmət orqanları azərbaycanlıların bir daha belə etməmələri üçün bu sualı cavabsız qoymamalıdırlar...” fikirlərini səsləndirmişdir. Dünyada elə bir parlament tapmaq olarmı ki, onun üzvü mitinqdə hansısa millətin nümayəndələrini qətl etməyə dair açıq- aşkar çağırışlar etsin?

Jirinovski Gürcüstanın da ərazi bütövlüyünü təhdid edən fikirlər səsləndirir, Cavaxetiyadakı erməniləri öz torpaqları uğrunda mübarizə aparmağa səsləyir. Terrorçuluğu və separatizmi təşviq edən, müharibə çağırışları edən, dövlətlərin ərazi bütövlüyünə hörmət etməyən, humanistliyə zidd olan qorxunc fikirlər səsləndirən bu şəxsə Rusiya siyasi səhnəsində yer olmamalıdır.

Bu insan nə etdiyini anlamır? Moskvanın ortasında Azərbaycana və azərbaycanlılara qarşı terrora çağırış etməklə nəyə nail olmaq istəyir?

Əlbəttə ki, Rusiya-Azərbaycan dostluğu bu cür insanın ağılsız fikirləri ilə zədələnəcək deyil, lakin bu təlxəyin demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanaraq, öz axmaq fikirlərini sərbəst şəkildə ifadə etməsinə imkan vermək olmaz. Rusiya dövlətçiliyi belə insanlardan qat-qat yüksəkdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır