Modern.az

Dünyanı dünyanın başına YIXACAQ(MI?)

Dünyanı dünyanın başına YIXACAQ(MI?)

21 Aprel 2021, 22:41

İbrahim Nəbioğlu

Rusiya və Çexiya tutaşdılar.


2014-də Çexiyanın Vrbetitsa şəhərində silah-sursat anbarı partladı. Çexlər bunu Rusiyanın xüsusi xidmət orqanlarının törətdiyini düşünürlər. İzlər gedib Petrov və Başirova çıxır - “Noviçok”la Skripalı zəhərləməyə təşəbbüs edən agentlər.


Fərasətsiz agentlərmiş, yoxsa silah anbarında səhv buraxmaz, Skripalın da işini bitirərdilər. Bəs deyirdiz kəşfiyyatçılarımız quşu göydə gözündən vururlar?


Yeddi il sonra çexlər boğaza yığılıb 18 rus diplomatını “persona non qrata” elan etdilər. Ölkədən çıxardılar, sonra da… Sonrası daha acı oldu. Çex höküməti “Rosatom”la 6 milyard dollarlıq sövdələşmədən vaz keçdi, “SputnikV” peyvəndini almaqdan imtina etdi.


Çexiya kiçik ölkədir, nə olacaq ki, deməyin. Təkcə çexlərləmi tutaşdılar?


Polşa da rus diplomatları ölkəsindən xaric etdi. Növbədə Bolqarıstan var. Polyaklar və çexlər ənənəvi olaraq “rusofob”durlar, bəs bolqarlar niyə, axı onlar Rusiya ilə hər zaman yaxşı olublar.


Slavyan ölkələrindəki yeni nəsil yaşlı nəslin arxaiq sovet dəyərlərini bölüşmür artıq. Siyasi isteblişment Qərbə meyl edir. Meyl etməklə də qalmır, məsələn, bolqarlar “Cənub axını” qaz kəmərindən imtina etdilər. Ucuz rus qazına umsunmadılar.


Ucuz atom enerjisindən vaz keçdi çexlər. Çünki ucuz olmayan dəyərləri seçdilər.


Moskvanın dostu sayılan Viktor Orban belə Macarıstanda Rusiyaya qarşı sanksiyalara səs verir.


Rusların ən sadiq müttəfiqi, canı bir, qanı bir Serbiyaya baxın. Rusiyaya arxa çevirib, Avropa İttifaqına girmək istəyir.


İngiltərə, Almaniya, Fransa, İtaliya və onların arxasınca gələn digər Avropa ölkələri də Rusiya ilə münasibətləri ən aşağı səviyyəyə endiriblər. Ruslardan çəkinirlər, təmasdan qaçırlar, əməkdaşlıqdan qaçırlar, dialoq istəmirlər.


Moskva Türkiyəyə də inanmır artıq. Rus mediası Ərdoğanı etibarsız sayır. Halbuki, bir ay əvvəl “sözünün ağasıdır” demişdi ölkə rəhbəri.


Ukraynanı birdəfəlik itirdilər. Bir tək Belarus qaldı. Hə, bir də Kuba, Nikaraqua və Venesuela. Bu gedişlə yaxında onlar da üz çevirəcəklər yəqin.


Kreml özünü təcrid etdi Qərbdən. Zəlzələ qaçılmazdır. Tektonik hərəkətlər uzağa deyil, yaxınlara təsir edəcək. Olan da o yaxınlara olacaq. Tarixin təkərrürürmü edəcək?


Yoxsa Şərqəmi döndərəcək üzünü? Ancaq orası da müəmmadır, axı orda da inanmırlar onlara. Geriyə qalır bircə yol – Dünyanı Dünyanın başına yıxmaq. Özü dilə gətirmişdi xalqa son müraciətində.


Yıxarmı sizcə? Məncə, yıxar. Münəccim deyiləm, ancaq 20-ci əsrdə tökülən qanlara baxın, yetər.


Yadıma “5 günə zərbəçi əməklə beşillik planı yerinə yetirək” anekdotu düşdü. Onu da sonra nəql edərəm. Zatən hər şeyi anekdot deyilmi artıq?

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır