Modern.az

İlham Əliyevin Zəngəzurla bağlı mesajı – Deputat bunun kimə ünvanlandığını ŞƏRH ETDİ

İlham Əliyevin Zəngəzurla bağlı mesajı – Deputat bunun kimə ünvanlandığını ŞƏRH ETDİ

Parlament

22 Aprel 2021, 11:24

"Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.

“Zəngəzur dəhlizi”nin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.


Bu sözləri Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində deyib. Prezidentin bu sözlərindən sonra Ermənistanda narahatlıq başlayıb.


Modern.az
-a bu barədə öz fikrini bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu Zəngəzurun bizim üçün sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, həm də tarixi vətən olduğunu qeyd edib:


“Azərbaycan Prezidenti “Zəngəzur” dəhlizi haqqında danışarkən istər tarixi, istərsə də indiki strateji maraqlarımız kontekstində mühüm fikirlər səsləndirdi. Bir daha aydın oldu ki, bu dəhliz bizim üçün mühüm siyasi-iqtisadi əhəmiyyət daşımaqla bütövlükdə regionda inteqrasiya proseslərini stimullaşdıracaq. Əgər Ermənistan bunu istəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Yəni Ermənistan buna mane olmaq fikrinə düşəcəksə, Azərbaycan bu strateji kommunikasiyanın bərpa edilməsi üçün istənilən vasitədən, o cümlədən zor tətbiqetmə vasitəsindən də istifadə edəcək.

Bu qətiyyətli fikir Ermənistanda mövcud olan revanşist və radikal qruplara verilən mesaj olmaqla yanaşı, həm də onları bu və ya digər platformada dəstəkəyən ayrı-ayrı güc mərkəzlərinə verilən mesaj idi. Çünki bəzi regional və regiondankənar güclər var ki, onlar Cənubi Qafqazda sabitiliyin və əməkdaşlığın bərqərar olunmasında maraqlı deyillər.

Hər kəsə aydındır ki, Zəngəzur bizim üçün sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, həm də tarixi vətəndir. Belə olduqda bu coğrafiyanın milli və tarixi yaddaşımızda mühüm mənəvi tərəfi də var. Məhz bu tarixi reallıqdan çıxış edərək Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Yəni Zəngəzur hər nə qədər bizim dünənimizdirsə, bir o qədər də sabahımızdır. Sadəcə 101 il əvvəl ermənilərə verilib. Nə üçün və necə verildiyi də hamıya bəllidir”.



Deputat Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarından yarandığını bildirib:


“Biz 101 il bundan əvvəlki tariximizə qayıdaraq yaddaşımızı yeniləməli və Zəngəzurun nə üçün ermənilərə verildiyini bütün dünyaya çatdırmalıyıq. Qoy hamı bilsin ki, Azərbaycan öz milli davasında nə qədər haqlıdır və Azərbaycan Prezidenti həmişə öz çıxışlarında “Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına izin verməyəcəyik”- deyəndə nəyi nəzərdə tuturdu?

Yəni indiki Ermənistan 101 il əvvəl elə Zəngəzur da daxil olmaqla İrəvan, Göyçə, Zəngibasar, Vedibasar, Lori-Pəmbək ( Ağbaba-Şörəyil ), Dərələyəz və s.  kimi tarixi Azərbaycan torpaqlarından yaradılıb.

Doğurdan da, Azərbaycan Prezidenti Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına izn vermədi. Qarabağımız işğaldan qurtarıldı. Ancaq birinci erməni dövlətinə münasibətdə tarixi gerçəklik fakt olaraq qalmaqdadır. Ona görə də Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Bu milli tarixi yaddaşımıza səsləniş və mövcud reallığın obyektiv əsaslarda ədalətli qiymətləndirilməsi idi”.


Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı