Modern.az

Fitrə çıxaran DEPUTATLAR

Fitrə çıxaran DEPUTATLAR

7 May 2021, 08:29

On bir ayın sultanı Ramazan ayını yaşayırıq. Bu müqəddəs  ay insanları Allahı sevməyə, təmiz, vicdanlı, xeyirxah, iradəli olmağa yönəldir. Ramazanda oruc tutub namaz qılmaq, Allaha şükr etmək vacib şərtlərdir. Eyni zamanda Ramazan ayının yekununda fitrə vermək də adətdir.


Ramazan bayramına (fitrə bayramı) sayılı günlər qalıb. Bu il bayram mayın 13-nə təsadüf edir. Hər il adəti üzrə bayram namazından öncə fitrə verilməlidir. Fitrə İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.

Fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir.

Hədislərdə bildirilir ki, fitrə verilməsə, oruc qəbul olunmaz. Özünü, ailəsini təmin edə bilən insanlar fitrə ödəməlidir. İmkanı çatmayanlara isə fitrə vacib deyil.

Fitrə 3 kiloqram arpa, buğda, düyü, xurma və s. növ ərzaqların dəyəri məbləğində ayrılır. Həmçinin, fitrəni o dəyərdə ərzaqla da əvəz etmək olar.


Fitrəni ehtiyaclı insanlara vermək lazımdır.

 

Bəs Milli Məclisin deputatları fitrə çıxaracaqlarmı?


Modern.az-ın əməkdaşı bu sualla bəzi deputatlara müraciət edib.  


Milli Məclisin 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən seçilmiş üzvü  Tahir Kərimli:

“Bir qayda olaraq müstəqillik illərindən üzü bəri həm ailəm, həm də özüm həmişə fitrə çıxarmışıq. Çalışırıq ki, miqdar dini qaydalara uyğun şəkildə olsun. Lakin əslində mən hər maaş alanda həm qonşuluğumda, həm seçildiyim  rayondan olan bəzi insanlar var ki, onlara hər ay mütləq şəkildə yardım göstərirəm. Bunun Ramazana aidiyyatının olub- olmamasını bilmirəm. Təbii ki, çalışırıq ki, aldığımız əmək haqqı özümüzə halal olsun. Çox ehtiyacı olana əlimizdən gəldiyi şəkildə yardım etməyə çalışırıq. Bu il də hər il olduğu kimi inşallah fitrə verəcəyik”.

 

92 saylı Zərdab-Ucar seçki dairəsindən seçilmiş üzvü Jalə Əliyeva:


“Milli, dini adət-ənənələrimizə uyğun olaraq hər il həyata keçirdiyimiz fəaliyyəti - fitrə zəkatın çıxarılmasını kimliyindən, imkanından aslı olmayaraq yenə də ailə olaraq hər bir azərbaycanlı edir.

Düşünürəm ki, məsələyə daha geniş yanaşmalıyıq. Ramazan bayramı yardımlaşma deməkdir. İnsanlar bu ayda bir-birilərinə daha çox mərhəmət, yardım göstərirlər. Düşünürəm ki, bunu etmək üçün sadəcə ildə bir dəfə Ramazan ayını gözləməyə ehtiyac yoxdur. Əgər köməyə ehtiyacı olan biri varsa, imkanın çatdığı qədər sən ona hər hansı bir şəkildə, istər maddi, istərsə də mənəvi dəstək ola bilirsənsə, bu elə Allah tərəfindən qəbul edilmiş fitrə zəkatdır. Mənim nəzərimdə bu belədir. Bu şəkildə qiymətləndirirəm”.

 

26 saylı Sabunçu birinci seçki dairəsinin deputatı Fazil Mustafa:

“Ramazan bayramında fitrə verilir. Zəkat başqa kateqoriyaya aid olan məsələdir. Lakin fitrə konkret Ramazan bayramı ilə bağlı verilən sədəqədir. O da hər il verildiyi kimi, bu il də veriləcək. Fitrə konkret insanlara verilir. Onun da miqdarı müəyyən olunur. Həmin miqdar civarından da ikiqat artıq ödəmək imkanı varsa, ödənilməlidir”.

 

75 saylı Lənkəran - Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə:


“Hər il orucluq qurtarandan sonra ailə üzvlərimiz fitrə verir. Biz əvvəldən buna öyrəşmiş, valideynlərimizdən bunu görmüşük. Orucluq bayramına bir gün qalmış gecə fitrə çıxarırıq. Orta hesabla miqdarı təyin olunur. Kimə çatacağı təyin olunur. Fitrə gəliri olmayan, xəstəsi olan, tam ehtiyaclı insanlara verilir. Mənə elə gəlir ki, ailə çərçivəsində imkansız qohum-əqraba varsa, fitrəni onlara vermək olar”.

 

52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov:

“Ramazan bayramı bütün İslam dünyasının müqəddəs bayramıdır. Azərbaycanda dinə, Ramazan bayramına kifayət qədər çox böyük hörmət edirlər. Bayramın həmişə dövlət səviyyəsində keçirilməsi üçün şərait yaradılır. Bu bayram çox önəmlidir, dualar oxunur, yardımlar edilir. Oruc tutan, dua edən hər kəsin ibadəti qəbul olunsun. İslam dünyasının belə bir bayramı yüksək səviyyədə keçirməsi, Azərbaycanın da buna diqqətlə yanaşması çox xoş haldır”.


47 saylı Mingəçevir seçki dairəsinin deputatı Aydın Mirzəzadə:


“Hər zaman fitrə-zəkat məsələsinə həsas yanaşmışam. Məxsusi olaraq nəyisə zəkat verəcəyimi heç vaxt düşünməmişəm. Sadəcə olaraq mənə müraciət edən imkansız ailələrə kömək etməyə çalışmışam. Bəzən maddi, ərzaq yardımı, dərman alınması da olub. Belə formada kömək etməyə çalışmışam. Bilmirəm bu zəkat kimi qəbul olunur, yoxsa yox”...


60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalı:


“Bizim ailəmizin üzvlərindən də oruc tutanlar var. Mən özüm səhhətimlə əlaqədar oruc tuta bilmədim. Bu, bizim müqəddəs kitabımız olan Qurani-Kərimdə də qadağandır. Əgər səhhətimiz imkan vermirsə, riayət etməmək olar. Digər şərtlərə, qaydalara əməl edirik. Bu il də hər il olduğu kimi fitrə çıxarılmasına əməl edəcəyik”.

 

21 saylı Nəsimi birinci seçki dairəsinin deputatı Məlahət İbrahimqızı:


“Bu məsələlər haqqında danışmaq düzgün deyil. Hər bir müsəlmanın, insanın öz üzərində müəyyən məsuliyyətli vəzifələri, hər bir dinin öz qaydaları və qanunları var. İslam dininin də özünəməxsus qayda- qanunları var. İnsan Allah, cəmiyyət, öz vicdanı qarşısında müəyyən mükələfiyyət daşıyır. Biz də o mükələfiyyətləri mütləq yerinə yetirməliyik. Bu mükələfiyyətləri yerinə yetirib- yetirə bilməmək insanın özünə aid olan bir məsələdir. Bunu ictimailəşdirmək o qədər də yaxşı deyil”.

 

4 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatı Eldar İbrahimov:

“Uşaqlarımızdan tutmuş nəvələrimizə qədər həmişə biz də fitrə-zəkat veririk. Kasıb, imkanı olmayan insanları tapır, xəstə uşaqların hesabına pul da köçürürük. Xalqımızın milli-mənəvi dəyərlərinə sadiq olaraq kasıba, imkansıza kömək etmək savabdı. Ramazan bayramının da məqsədi elə bundan ibarətdir. Biz də təbii ki, hamı kimi öz ailəmizi nəzərə alaraq hər adambaşına müəyyən miqdarda, bəlkə də ondan daha artıq fitrə çıxarırıq. Bu bizim borcumuzdur. Kimə köməklik etdiyimizi deməyə ehtiyac yoxdur. Bir məsəl var ki, sağ əlin verdiyini sol əl bilməməlidir”.


Milli Məclisin 75 saylı İmişli seçki dairəsindən deputatı Razi Nurullayev:


“Mən gözümü açandan, evimizdən fitrə-zəkat çıxarıldığını görmüşəm. Və o ənənə bizim bütün ailə üzvlərimizin hamısı  tərəfindən davam etdirilir. Bütün qardaşlarım, bacılarım hamısı buna əməl edirlər. Mənim də ailəmdə eyni şəkildə davam edir. Mütləq şəkildə biz fitrə-zəkatı evdən çıxarırıq, əvvəlcədən onu kənara qoyuruq. Əlavə olaraq gücümüz çatan qədər müxtəlif cür köməklik göstəririk. Bir dəfə də bu ənənəi qaçırmamışıq”. 


Nəzrin Vahid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi