Modern.az

XİN rəsmisi: “Xankəndidə hava limanının istifadəsi qeyri-qanunidir”

XİN rəsmisi: “Xankəndidə hava limanının istifadəsi qeyri-qanunidir”

27 Sentyabr 2012, 18:28

Xarici İşlər Nazirliyi Xankəndi hava limanının yaxın günlərdə istifadəyə veriləcəyi haqda erməni tərəfinin yaydığı xəbərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az-a bildirib ki, belə bir xəbərin yayılması əsassızdır:
“Bu, tamamilə qanunsuz bir addımdır, Ermənistanın işğalçı siyasətini, statusunu möhkəmləndirməyə yönəlib. Azərbaycanın müvafiq təşkilatları, Azərbaycanın Milli Aviasiyası, eyni zamanda, Xarici İşlər Nazirliyi, həmsədr ölkələr tərəfindən dəfələrlə bu məsələ qaldırılıb və tədbirlər görülüb”.

E.Abdullayev qeyd edib ki, bu məsələ yenə də  beynəlxalq ictimaiyyət tərəfindən çox ciddi reaksiya və təpkiyə məruz qalmalıdır:

“Ermənistan tərəfindən atılan bu cür addımlar sülh prosesinə böyük bir zərbə vurur. Ermənistan rəhbərliyinin münaqişənin həllində maraqlı olmadığını və Ermənistan rəhbərliyində siyasi iradənin olmadığını nümayiş etdirir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, xüsusilə həmsədr ölkələri sakitlik nümayiş etdirirlər və Ermənistan tərəfinə hər hansı bir irad və etiraz bildirmirlər”.

E.Abdullayevanın sözlərinə görə, belə bir addımın atılması beynəlxalq hüquq  normalarının nəinki sözdə, hətta əməldə kobud bir şəkildə pozulmasıdır:

“Ümumiyyətlə, bu hava limanın inşası, istifadəsi qeyri-qanunidir. Ermənistanın heç bir ixtiyarı yoxdur ki, beynəlxalq qanunu və onun müvafiq prinsip və normalarını bu cür kobud şəkildə pozsun. Burada təəccüb doğuran bir məsələ var ki, beynəlxalq ictimaiyyət yenə də hər hansı bir mövqe bildirmir. Bu, Azərbaycanın hava məkanıdır və bu cür addımları təxribat adlandırmaq olar. Bunu suveren bir ölkəyə Ermənistan tərəfinin təcavüzkar siyasətinin davamı kimi qiymətləndirmək olar“, – deyə XİN sözçüsü bildirib.

Nihadə Eyyubova
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir