Modern.az

Deputatlara cavab verməyən məmurların SİYAHISI HAZIRLANACAQ

Deputatlara cavab verməyən məmurların SİYAHISI HAZIRLANACAQ

10 İyun 2021, 17:45

Zaman-zaman Milli Məclisin deputatları icra qurumlarının onların sorğularına cavab verməməsindən gileylənirlər. Hətta bir neçə deputat onların müraciətlərinə cavab verməyən məmurların siyahısını hazırlayacaqlarını da bildiriblər.


“Məmurlara verilən hökumət telefonunu vəzifəli şəxsdən başqası -  hətta köməkçisi belə istifadə edə bilməz. Hökumət telefonunu ona təhkim olunmuş şəxs götürmürsə, o vəzifə səlahiyyətlərini düzgün yerinə yetirmir”.

 

“Vəzifəsini yerinə yetirməyən məmur cəzalandırılmalıdır”

 

Bunu Modern.az-a deputatların müraciətlərinə cavab verməyən məmurların siyahısının tərtib olunması haqqında danışan deputat Tahir Kərimli deyib. O qeyd edib ki, məmura ali qanunvericilik hakimiyyətinin nümayəndəsi zəng edirsə, cavab vermirsə, bu hakimiyyət nümayəndəsinə, seçicilərə hörmətsizlikdir:


“Beləliklə, öz vəzifəsini yerinə yetirməyən məmur yuxarı instansiyalar tərəfindən tənbeh olunmalı, hətta cəzalandırılmalıdır.

Adi həyatda minlərlə belə hallar, faktlar olur. Polisə itaətsizlikdən, vəzifəsini yerinə yetirməməkdən və s. akt tərtib olunur.

Necə olur ki, qanunverici hakimiyyətin nümayəndəsinə qarşı belə hörmətsizlik edilir və cəzasız qalır? Bəzən məmurlar əsassız şəkildə iddia edirlər ki, zəng edən şəxsi istəyini, xahişini diqqətə çatdırır, guya, buna görə onlar məsələyə baxmırlar. Axı məmur telefonu açmadan, problemi dinləmədən necə bilə bilir ki, zəng edən deputat nə xahiş edəcək?

Əgər qanunverici hakimiyyət nümayəndələrinə hörmətsizlik edən məmurlar siyahıya alınsa, gərək hamısı o siyahıda olsun. Məgər hansısa məmur adı çəkə bilərik ki, buna əməl edir. Deputatın zəngini cavabsız qoymaq, onun müraciətinə baxmamaq kütləvi haldır. Nəinki nazirlər, hətta onların müavinləri də, digər vəzifəlilər də səlahiyyətlərini yerinə yetirmirlər. Ona görə, onlar intizam məsuliyyəti daşıyırlar”.

 

“Kimin pulu çoxdur, onun gücü də çoxdur, məmurlar bu prinsiplə işləyirlər...” 

 


Tahir Kərimli məmurların hətta deputatlara qarşı bu cür özbaşınalığa cəsarət etməsinin səbəblərini də açıqlayıb:


“Deputatlar ali hakimiyyətin nümayəndəsidir. Prezident dövlətin adından, deputatlar seçicilərin, xalqın adından danışa bilər, hakimlər isə dövlətin adından qərarlar qəbul edə bilər. Hakimiyyətin bu qolundan üstün təsisat yoxdur. Məmurlar, nazirlər Milli Məclis qarşısında məsuldurlar, hesabatlıdırlar. Təəssüf edirəm ki, müəyyən inersiya ilə, sovet dövründən qalan ənənələr hesabına onlar özlərini üstün hesab edirlər. Onlar səlahiyyət sahibidirlər, minlərlə işçiləri var, funksiyalarını həyata keçirmək üçün böyük vəsait ayrılır. Bütün bunlar nazirlərdə eqoizm yaradır. Belə imtiyazlar deputatın əlində yoxdur. Kimin pulu çoxdur, onun gücü də çoxdur. Məmurlar bu prinsiplə işləyirlər, hamıya belə münasibət göstərirlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır