Modern.az

Aysel Əlizadə ilə Şahbaz Xuduoğlu arasında ərik qalmaqalı

Aysel Əlizadə ilə Şahbaz Xuduoğlu arasında ərik qalmaqalı

14 İyun 2021, 00:33

Yazıçı Aysel Əlizadə ilə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu arasında qalmaqal yaranıb.

 

Modern.az xəbər verir ki, buna səbəb A.Əlizadənin feysbuk hesabında yazdığı bir post olub.

 

Belə ki, yazıçı həmin postda qeyd edib ki, rəfiqəsi ilə bir binanın önündən keçərkən açıqlıqda ərik ağacı görüb və meyvəsini dərib.

 

"Birinci mərtəbədən kişi çıxıb üstümə qışqırdı. Elə sayğısız tonda elə nifrət dolu üz ifadəsi ilə danışırdı ki, ərik əlimdə ona mat-mat baxdım. İstədim vəziyyəti yumşaldım, olmadı. Gərginlik artdı. Eyvanın pilləkənindən düşüb təhdidlə üstümə cumdu. Rəfiqəm olmasa bəlkə də mənə əl qaldırardı. Bir ərikdən ötrü… Belə adamları çox görmüşük. Onlar ağacdan meyvə dərdikləri üçün uşaqları güdüb tutub döyürlər, bağırırlar. O meyvələr çürüyüb tökülsə də heç kimi ağaca yaxın buraxmırlar, bölüşmürlər. Kişi üstümə gələndə şok keçirdim. Həyəcanla 102-yə yığdım. Dərhal ərazi bölməsindən geri dönüş etdilər. Ərizə yazıb evə gəldim.

Şikayət etdim ki, dərs alsın, küçədə adamları təhdid etməsin”, - deyə A.Əlizadə yazıb.

 

Şahbaz Xuduoğlu isə yazıçının bu postuna şərh yazaraq, onu oğurluqda ittiham edib.

 

“Bizimkilər öyrəniblər özgənin ərİklərini yeməyi. Adam özü əkmədiyini, becərmədiyini yalnız bazardan almalıdır. Mən o kişiyə haqq verirəm. Ərik Bakıda çətin bitir. Daim su vermək lazımdır. İl boyu qulluq et, birdən çəpər dibindən keçən şairə ərik istəyir və iştahına məğlub olur. Məncə kişi düz edib. Sovet vərdişlərinə son verin. Başqasının əməyinə hörmət edin. Özünüz becmədiyinizi öz malınız hesab etməyin. Fərqi yoxdur, kitab olsun ya ərik” – yazan nəşriyyat direktoru daha sonra A.Əlizadənin polisə şikayət etdiyi kişiyə vəkillik edəcəyini bildirib: “Oğurluğa son qoymaq üçün o kişinin vəkili özüm olacam. Bu dövlət oğurluğu sevmir və bağışlamır. Hətta ərik oğurlayanları da”. 

 

Aysel Əlizadə isə cavabında “Dövlətdən oğurluq edib vergi ödəməyənləri vaxtında müdafiə etməsəydik, əməyimizə görə müqavilə tələb etsəydik, indi belə vəkillik cəsarəti tapmazdılar” yazıb.

 

Gənc yazıçı daha sonra yeni bir post yazaraq Şahbaz Xuduoğlunun onu dövlətlə şantaj etdiyini bildirib:

 

“Küçədə ərik dərdiyim üçün yaşadığım hadisəyə şərh yazıb ki, bu dövlət ərik oğrularını bağışlamır, o əriyə görə sənlə dalaşan kişinin vəkilliyini özüm edəcəm. Çox sevinirəm, adamların özlərini sonacan gizlədə bilməmələri üçün ikicə cümlə bəs edir. Kitab oğurluğu ilə bağlı Bizim Mediada gedən video köşəmə dözə bilməyib, olsun. Növbəti videoya da dözməz inşallah. Mən sizdən fərqli olaraq bu dövlətdən qorxmuram, Şahbaz bəy. Dövlət hamımızı çox yaxşı tanıyır. Bu dövlət məni heç kimin işverən xislətinə görə cəzalandırmaz. Bunu ağlınızın bir yerində saxlayın. Bir dəfə biri cəhd elədi, yaxşı olmadı”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...