Modern.az

Subsidiyanı təyinatı üzrə istifadə etməyənlər cərimələnəcək

Subsidiyanı təyinatı üzrə istifadə etməyənlər cərimələnəcək

Aktual

14 İyun 2021, 15:43

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilib.

 

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) Modern.az-a verilən məlumata görə, bu, Prezident İlham Əliyevin imzaladığı “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun”da və “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanununun tətbiqi barədə” Fərmana edilən dəyişiklikdə əksini tapıb.

 

Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 411-2-ci maddəyə əsasən, fermer tərəfindən “elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq ediləcək və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunacaq. Dəyişikliyə əsasən Kənd Təsərrüfatı Nazirliyinə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib.

 

Bununla yanaşı, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı Fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda edilən dəyişikliyə görə, hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 il müddətinə subsidiya ödənilməyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır