Modern.az

Avro-2020-nin oyunlarına hansı telekanallarda baxırsınız? - Azarkeşlərdən maraqlı CAVABLAR

Avro-2020-nin oyunlarına hansı telekanallarda baxırsınız? - Azarkeşlərdən maraqlı CAVABLAR

Mədəni̇yyət

16 İyun 2021, 09:40

Futbol üzrə Avropa Çempionatı-2020-nin 6-cı günüdür. Bu gün qrup oyunlarında II tura start veriləcək. Çempionat irəlilədikcə, həyacan, gərginlik də artır...

Modern.az-ın məlumatına görə, Avropa Çempionatı-2020-nin oyunları bir sıra yerli və xarici telekanallarda yayımlandığından azərbaycanlı futbolsevərlərin matçlara tamaşa etmək üçün xeyli seçim imkanı var.

Maraqlıdır, azərbaycanlı azarkeşlər Avropa Çempionatının qarşılaşmalarını hansı telekanallardan izləyir? Bunu nə ilə izah edirlər?


Modern.az-ın əməkdaşı bir qrup azarkeşi sorğu edib.


Tanınmış jurnalist Etibar Cəbrayıloğlu Avro-2020-nin oyunlarını maraqla izlədiyini qeyd edib:


“Bəlli səbəblərdən bir il təxirə salınan və ilk dəfə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə keçirilən futbol üzrə Avropa Çempionatını maraqla izləyirəm. Qarşılaşmalara Rusiyanin Matç TV kanalından baxıram, Türkiyə millisinin oyunlarını isə TRT-dən izləməyi xoşlayıram. Ona görə ki, əcnəbi şərhçilər oyunları birbasa stadiondan şərh edirlər və daha peşəkardırlar”.


Keçmiş maliyyə naziri Saleh Məmmədov futbol həvəskarı olmadığını söyləyib:


“Futbol həvəskarı deyiləm. Cəmi iki dəfə futbola tamaşaçı kimi canlı olaraq baxmışam. Birincisi 80-ci illərin əvvəllərində Bakıda keçirilən “Neftçi” – “Ararat” oyunu olub.
İkinci dəfə isə İstanbulda “Fənərbaxça” ilə “Qalatasaray”ın final oyununda bələdiyyə başqanının dəvəti ilə bir rusiyalı qonaqla iştirak etdim. Həmin oyunda da mənə daha çox həvəskarların davranışları maraqlı gəlirdi. Sonda elə bir dava düşdü ki, gəl görəsən, yanımızda nə polis, nə nazirlər, nə bələdiyyə rəhbərliyi qaldı. Çox çətinliklə qonağı zirzəmidə bir saat gizlətdik, dava səngiyəndən sonra çıxdıq.

TV -lərin heç birinə baxmıram, sadəcə vaxt məhdudiyyəti var. Bu ilə bir neçə kitab plana salmışam, vaxtım çox az qalır. Vətən müharibəsi zamanı AzTV və İTV-yə davamlı baxırdım. Ümumiyyətlə, TV-ni iş otağımdan çıxarmışam. İnternet vasitəsilə CNN və EvroNews-u  hər gün 30 dəqiqə izləyirəm. Facebook və Twitter-lə Azərbaycan TV- lərinin bəzi verilişlərini izləyirəm”.


Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımlı oyunları daimi izlədiyini bildirib:


“Mən Avropa Çempionatını TRT-dən izləyirəm. Çünki peşəkar şərhləri olur, emosiyaları yerindədir. Orada 20 ildən çox izlədiyim şərhçilər var”.

 

Şair Baba Vəziroğlu Avro-2020-nin oyunlarını izləmədiyini deyib:


“Heç birini izləmirəm. Daha idmanla az maraqlanıram, indi hamımız dönüb siyasətçi olmuşuq. Çünki məmləkəti idman yox, siyasət xilas edir. Prezident İlham Əliyevin yürütdüyü agıllı, uzaqgörən “yol xəritəsi” ilə Azərbaycan bu gözəl günə gəlib yetişib”.

 

ARB 24 TV-nin Xəbərlər Departamentinin direktor müavini Aynur Nəsirova da oyunları izləmədiyini qeyd edib:


“Mənim futbola qarşı allergiyam olduğu üçün, çempionatı izləmirəm. Xəbərləri sonradan statuslardan alıram”.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Avro-2020-nin oyunlarının ona maraqlı gəlmədiyini deyib:


“Bəlkə sizə qəribə gələcək, lakin həqiqətən Avropa Çempionatını izləmirəm. Futbol artıq məni nə həyəcanlandırır, nə də maraqlandırır. Hazırda futboldan daha həyəcanlı hallar baş verir. Laçına, Şuşaya, Kəlbəcərə getmək, ermənilərin sınmağını izləmək”...

 

Hərbi ekspert Tərlan Eyvazov ümumiyyətlə futbol azarkeşi olmadığını söyləyib:


“Mən ümumən elə də fəal azarkes deyiləm. Lakin izləyəndə İdman Azərbaycan kanalında baxıram. Çünki o birilərə nisbətən daha keyfiyyətli nümayiş etdirilir”.


Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli deyir ki, beynəlxalq futbol oyunlarını illərdir Rusiya kanallarından izləyir:


“Bəzən qərəzli məqamlarla rastlaşsaqda, birmənalı olaraq Avropa və Dunya çempionatlarına və qitənin ən böyük klub futbol yarışmasına -  Çempionlar Liqasının oyunlarına Rusiya telekanallarından baxıram. Bəlkə də futbolu anladığım illər sovet dövrünə təsadüf etdiyindəndir. Ozerov, Maslaçenko, Pereturin, Maxaradze kimi şərhçiləri görmüşəm. Bəlkə də qulaq yaddaşındandır. Amma indinin özündə belə futbolu Rusiya telekanallarından izləyirəm. Rus şərhçilər oyunları daha peşəkar və dinamik aparırlar. Türklərdə bir az səs-küy çox olur.  Bununla yanaşı, mən deplasman - yəni rəqib meydanında sözünü təzə-təzə başa düşən insanam”.

 

Günaz.TV-nin redaktoru Elman Cəfərli 1984-cü ildən indiyə kimi Avropa Çempionatını izlədiyini söyləyib:


“Qitə birinciliyi Dünya Çempionatı qədər olmasa da, maraqlı turnirdir. Əvvəllər Avropa və Dünya çempionatlarını izləmək məsələsində çətinlik yaşanırdı. 2002-ci il Dünya Çempionatında belə bir böhran yaşanmışdı. İlk oyunları canlı izləmək mümkün olmadı. Lakin indi elə bir problem yoxdu. Seçim imkanları çoxdur.

Türkiyə millisinin oyunlarını türk kanallarından izləyirəm. Qalan oyunlara KATV kabel televiziyasının təqdim etdiyi Rusiyanın Matç TV, ORT kanallarından izləyirəm. İngilis dilini bilsəm futbola xarici kanallardan baxaram.

Mən türk və rus dillərini bilirəm. Heç bir futbol yarışına - UEFA Çempionlar Liqası, Avropa Liqasının oyunlarına Azərbaycan telekanallarından baxmıram.

Çünki aparıcıların əksəriyyəti naşı və diletantdır. Bizdə futbol şərhçiliyi ənənəsi olub. Valid Sənani, Çingiz İsmayılov və digərləri. Lakin bu sahə nədənsə inkişaf etmədi. Şərhçilər özfəaliyyətə çox yol verirlər, meydanı görmürlər. Bəzən mən adi ekrandan baxıb meydanı daha yaxşı görürəm

Şərhçilər futbolu azarkeşdən 2 dəfə çox bilməlidir. Bilənlər var. Sadəcə, onlar nədənsə oyunları şərh eləmir. Oyunları Rövşən Binnətli, Siyavuş Əliyev, Rəşad Rafiqoğlu şərh etsə, izləyərəm”.


APA TV-nin direktoru Cavid İsmayıl çempionatı yerli və türk kanallarından izlədiyini söyləyib:


“Futbol üzrə Avropa Çempionatını İctimai Televiziya və TRT-1 vasitəsilə seyr edirəm. Futbol həyəcan yaşadan idman növüdür. Futbol azarkeşi televizor ekranından o həyəcanı hiss etmək istəyir. Mən də aparıcıların o həyəcanı ötürmə qabiliyyətindən asılı olaraq kanalı dəyişirəm”.

 

Araşdırmaçı-yazar Dilqəm Əhməd futbolu izləmədiyini söyləyib.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş reaktoru Rəşad Məcid Avro-2020-nin oyunlarını Azərbaycanın İctimai Televiziyasından izlədiyini bildirib.

 

ATV-nin aparıcısı Murad Əzimzadə:


“Futbolu İlqar Mikayıloğlu və Asif Bağırovun şərhi ilə izləmək üçün darıxmışdım. Buna görə də çempionatı İTV-dən izləyirəm. Bununla yanaşı, bəzi oyunlara TRT-1-də baxıram.


AzTV-nin əməkdaşı Rasim Mədəd:


“Avropa çempionatı ilə işğaldan azad edilmiş rayonlar arasında keçirilən çempionat üst-üstə düşdüyü üçün oyunları tam izləyə bilmirəm. Əsasən "İdman Azərbaycan" telekanalından hesabları öyrənirəm və imkan olduqca oyunları tam izləməyə çalışıram...

Yeri gəlmişkən, özüm Qubadlıdan olsam da, püşkatma nəticəsində "Zəngilan" komandasını təmsil edirəm. Komandamız ilk oyunda "Kəlbəcər"i 11:2, "Ağdam"ı 4:3, "Şuşa"nı isə 5:0 hesabı ilə məğlub edib, 9 xalla qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yarımfinalda rəqibimiz "Füzuli" komandası olacaq. Oyun iyunun 19-da keçiriləcək.
Komandamızı Birinci və İkinci Qarabağ müharibəsinin veteranları,  onlarla yanaşı jurnalist veteranlar təmsil edir”.

Sabiq deputat Etibar Hüseynov:


“Avro-2020-nin oyunlarını adətən öz şərhçilərimizin təqdimatında İTV-də izləyirəm. Lakin hansı komandanın oynaması da fərq edir. Məsələn, Rusiya oynayırsa Rusiya telekanalından, Türkiyə oynasa Türkiyə kanallarından izləyirəm.

Yazıçı-dramaturq Firuz Mustafa:


“Təəssüf ki, televizorum yoxdur. Ona görə də cavab verməyə çətinlik çəkirəm!”.

Karikaturaçı rəssam Soltan Soltanlı:


“Futbol fanatı deyiləm. Açığı, mənim üçün telekanalın fərqi yoxdur. Bugünkü Türkiyə-Uels qarşılaşmasını izləməyə çalışacağam”.

Tanınmış jurnalist İlqar Əlfioğlu:

"Rusiya kanalında izləyirəm. Çünki normal və ağıllı futbol şərhi yalnız orada olur".


Nəzrin Vahid     

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür