Modern.az

“O, qələbənin sevincini öz əsgərləri ilə birlikdə yaşayan generaldır”

“O, qələbənin sevincini öz əsgərləri ilə birlikdə yaşayan generaldır”

23 İyul 2021, 16:58

“Kərim Vəliyev Müdafiə Nazirliyi sistemində döyüşkən general kimi həm Azərbaycan xalqının, həm də şəxsi heyətin rəğbətini qazanıb”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev general-leytenant Kərim Vəliyevin Baş Qərargah rəisi təyin olunmasına münasibət bildirərkən deyib.

 

Deputat xatırladıb ki, general K.Vəliyev Tovuz döyüşlərində və Vətən Müharibəsində daim ön cəbhədə şəxsi heyətin yanında olub:

 

“O, hər bir qələbənin sevincini öz əsgərləri ilə birlikdə yaşayan generaldır. Eyni zamanda Azərbaycan hərbisinin yetirdiyi generallardan həm tərbiyəsinə, davranışlarına görə fərqlənən, həm də general rütbəsinə uyan, bütün etapları keçərək bu mərtəbəyə yüksələn generaldır.

 

Ali Baş Komandan tərəfindən həyata keçirilən bu təyinat çox təqdirəlayiqdir. Gələcəkdə həm şəxsi heyət, həm də bütün Azərbaycan xalqı üçün Kərim Vəliyevin aparacağı siyasət mühüm əhəmiyyət kəsb edəcək. Bu gün dünyanın 50 döyüşkən ordusundan birinin Baş Qərargah rəisi olmaq özü böyük məsuliyyətdir. Çünki döyüşə-döyüşə gəlib bu həddə çatmış Azərbaycan Ordusunun ciddi bir generalı öz vəzifəsini tutdu”.

 

A.Nağıyev Baş Qərargah rəisinin post-müharibə dönəmində qazilərlə, şəhid ailələri ilə işləmək məsələsində də önəmli addımlar atacağını düşünür:

 

“Bu proseslərin həyata keçirilməsində Müdafiə Nazirliyinin rolu mühümdür. Cəmiyyətdə hörməti olan, ləyaqətlə Azərbaycan xalqına xidmət edən generalın Baş Qərargah rəisi olması xalqımız, eləcə də həssas kontingent tərəfindən müsbət qarşılanacaq”.

 

Xatıradaq ki, bu gün general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

 

Vətən müharibəsində iştirak edən general-leytenant Kərim Vəliyev “Zəfər” ordeni, Ağdamın, Qubadlının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı