Modern.az

İntizam Komissiyası polisi döyən deputatın məsələsinə baxacaq

İntizam Komissiyası polisi döyən deputatın məsələsinə baxacaq

Parlament

30 İyul 2021, 11:05

“Deputat Eldəniz Səlimovun polisi döyməsi faktı Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənibsə, Milli Məclisin İntizam komissiyası bu məsələyə baxacaq”.

 

Bunu Modern.az-a parlamentin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib. 

 

Onun sözlərinə görə, məsələnin mahiyyəti üzrə müvafiq qərar qəbul olunacaq.

 

“Heç bir deputat, səlahiyyətli şəxs statusundan istifadə edib qanunu pozmalı deyil. Statusundan asılı olmayaraq hər kəs qanun qarşısında cavab verməlidir. Baş verən bu hadisə ilə bağlı təəssüf hissi keçirirəm”, - deyə F.Ağamalı qeyd edib.

 

Xatırladaq ki, iyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktı təsdiqlənib.

 

“İnsident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib” - Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır