Modern.az

Xaçmazda əhalinin 33 faizinə peyvənd vurulub

Xaçmazda əhalinin 33 faizinə peyvənd vurulub

Aktual

30 İyul 2021, 15:36

İyulun 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) birgə təşkilatçılığı ilə Qusar rayonunda ölkənin şimal bölgəsinin tibb işçiləri üçün COVID-19 infeksiyasına dair təlim keçirilib.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, “Azərbaycanda koronavirus pandemiyasına qarşı hazırlıq və tədbirlərin gücləndirilməsi” adlı təlimə Quba, Qusar, Xaçmaz rayon mərkəzi xəstəxanalarının və Quba Müalicə-Diaqnostika Mərkəzinin infeksion xəstəliklərlə mübarizədə iştirak etmiş tibb personalı cəlb olunub.

 

Tədbirdə təlimçi qismində KOAZ məzunları Ramil Alməmmədov və Hökumə Məmmədova çıxış edərək COVID-19 xəstəliyi ilə mübarizədə Koreya təcrübəsini tibb işçilərinin diqqətinə çatdırıb, əldə etdikləri bilik və bacarıqları onlarla bölüşüblər. Qeyd edək ki, hər iki təlimçi KOICA və Koreya Respublikasının Yonsei Universiteti tərəfindən 14-27 iyul 2020-ci il tarixlərində təşkil olunmuş “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” adlı kursun iştirakçısı olublar.

 

KOAZ məzunları tərəfindən hazırlanan təlim proqramına “COVID-19 infeksiyası - xəstəliyin idarə olunması, qorunma yolları, klinik xüsusiyyətləri”, “COVID-19 infeksiyasının diabet, piylənmə və demensiyada immun sisteminə və mitoxondrial dinamikaya təsiri” və “COVID‑19 infeksiyasının diaqnozu üçün mövcud və yenilikçi metodlar” adlı mövzular üzrə təqdimatlar daxil edilib.

 

Tədbirdə eyni zamanda Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi Telman Kazımov, KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Mun Conq Hyun, Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev və Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin koordinatoru Nərgiz Hacıyeva çıxış edib.

 

Agentliyin nümayəndəsi Ruslan Abdullayev qeyd edib ki, koronavirus infeksiyasının qarşısının alınmasında ixtisaslaşmış ölkələrdən biri olan Koreya Respublikası tərəfindən ölkəmizə göstərilən dəstək təqdirəlayiqdir. O, bildirib ki, pandemiya dövründə Azərbaycana dəstək çərçivəsində Koreya hökuməti tərəfindən ölkəmizə 350 min ədəd qoruyucu maska və 3 ədəd Səyyar COVID – 19 Müayinə Köşkü ianə edilib: “Bununla yanaşı, Koreyanın COVID-19 ilə mübarizədə əldə etdiyi təcrübənin Azərbaycanın tibb işçilərinə çatdırılması məqsədilə Agentliyin və KOICA-nın birgə təşkilatçılığı ilə mütəmadi olaraq təlimlər və görüşlər təşkil olunur”.

 

KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Mun Conq Hyun isə koronavirus pandemiyasına qalib gəlmək üçün tibbi xidmətlə bərabər ictimai fəallığın da vacib amil olduğunu vurğulayıb. Tədbir iştirakçılarına uğurlar arzu edən Hyun KOICA tərəfindən koronovirusla mübarizə prosesinə bundan sonra da dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi Telman Kazımov isə icra hakimiyyəti tərəfindən pandemiya dövründə əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verib. Onun sözlərinə görə, hazırda Qusar rayonunda əhalinin 33%-nə vaksin vurulub və vaksinasiya prosesinin təşkil olunması üçün rayonda 13 daimi fəaliyyət göstərən peyvənd məntəqəsi yaradılıb.

 

Son olaraq çıxış edən Agentliyin əməkdaşı Nərgiz Hacıyeva məlumat verib ki, ölkənin şimal bölgəsində təşkil olunan bu təlim qurumun pandemiya dövründə ən çox diqqət yetirdiyi sahələrdən biri olan maarifləndirmə tədbirlərinin tərkib hissədir və koronavirusla mübarizə prosesində tibb işçilərinin bilik və bacarıqlarının artırılması böyük əhəmiyyət kəsb edir. Hacıyeva əlavə edib ki, koronavirusla mübarizədə əhalinin peyvənd olunması bu mübarizənin ən effektiv yoludur: “Tibb işçilərinin əhalinin vaksinasiyanın əhəmiyyətinə dair məlumatlandırılmasında və bununla bağlı təbliğatın aparılmasında rolu böyükdür”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi