Modern.az

Yaqub Zurufçuya “Xalq artisti” adı verilsin, nə qədər ki gec deyil...

Yaqub Zurufçuya “Xalq artisti” adı verilsin, nə qədər ki gec deyil...

Mədəni̇yyət

14 Sentyabr 2021, 13:32

Xalqımızın sevimli sənətkarı Yaqub Zurufçunun amansız xəstəliyə düçar olduğu bu ağır günlərdə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın onun müalicəsi üçün göstərdikləri xüsusi diqqət və qayğı dünya şöhrətli müğənnimizə böyük ehtiram və məhəbbətin təzahürü olaraq, onun sağalacağına ümidlərimizi artırır.

Ancaq milyonların sevimlisi olan, 1988-89-cu illərdə öz vətənpərvər, qəlbləri titrədib-coşduran azadlıq çağırışlı mahnıları ilə Azadlıq meydanında xalqın azadlıq ruhunun daha da güclənməsinə səbəb olmuş, tribunada - milyonların qarşısında diz çöküb "Ayrılıq" mahnısını göz yaşları içərisində, ürək yanğısı ilə oxumuş, Ulu öndərimiz Amerikanın Klivlend xəstəxanasında müalicə olunarkən ona böyük sevgi və ehtiramla baş çəkərək, dahi rəhbər üçün onun sevdiyi mahnıları ifa etmiş Yaqub Zurufçu (Ulu öndər o zaman Yaqub bəyin ona olan böyük məhəbbətindən, ifasından çox razı qalaraq, kövrəlmişdi...), çox təəssüf ki, bugünədək Azərbaycanın Xalq artisti adına layiq görülməyib.

Gizli deyil ki,  Mədəniyyət Nazirliyinin korrupsiyaya qurşanmış keçmiş rəhbərliyi tərəfindən dünya şöhrətli müğənnimiz həmişə bilərəkdən, qəsdən diqqətdən kənar saxlanılmışdır. Hətta sonuncu dəfə 27.5.2018-ci il tarixdə birdən-birə 33 nəfərə “Xalq artisti” fəxri adı verilsə də, Y.Zurufçudan yan keçilmişdi. O 33 nəfərin sırasında həmin fəxri ada həqiqətən layiq olanlarla yanaşı elələri də vardı ki,  Yaqub bəy öz "Ayrılığ"ı və digər vətənpərvərlik mahnıları ilə milyonların ürəklərini fəth edəndə onlar hələ azyaşlı uşaqlar idilər. Və bunu tam əminliklə demək olar ki, həmin 33 yeni Xalq artistinin hər biri bu gün də Yaqub Zurufçunun pərəstişkarları, fanatları olaraq qalırlar.  

Xalqımızın dahi rəhbəri, Ulu öndər Heydər Əliyev də Yaqub bəyin böyük sənətinin pərəstişkarı, ecazkar səsinin, mahnılarının məftunu, vurğunu olsa da, ona çox böyük hörmət bəsləsə də, keçmiş nazir Əbülfəs Qarayev gənc bir xanım müğənniyə “Əməkdar” adı verildikdən cəmi 3 il sonra ona “Xalq artisti” adı verilməsinə nail olsa da, Yaqub Zurufçu kimi böyük sənətkarı “unutmuşdu”, halbuki ona “Əməkdar artist” adı hələ 12 il əvvəl – 2009-cu ildə verilmişdi...

 

Bu gün sevimli sənətkarımız Yaqub Zurufçunun ağır günləridir, həyatı təhlükə qarşısındadır. Allah eləməsin, xalqımız onu itirə bilər. Yaxşı olardı ki, Yaqub bəyə qarşı illərlə yol verilmiş ədalətsizliyə son qoyulsun, milyonların sevimlisi olan dünya şöhrətli müğənnimizə onun bu agır günlərində çoxdan layiq olduğu “Xalq artisti” adı verilsin. Çox mərhəmətli, müdrik və qayğıkeş Prezidentimiz buna məmnuniyyətlə razı olar. (Səməd Vurğuna “Xalq şairi” adı ona ağır xəstə olduğu günlərdə verilmişdi).  

Yaqub Zurufçunun belə bir fəxri ada layiq görülməsi, bu adın ona gecikdirilmədən verilməsi olduqca ədalətli, özünə və ailəsinə böyük mənəvi dəstək olardı!

 

 

Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir