Modern.az

Zakir Həsənovun generallarla birgə Türkiyə səfərinin MƏQSƏDİ...

Zakir Həsənovun generallarla birgə Türkiyə səfərinin MƏQSƏDİ...

16 Sentyabr 2021, 11:13

“Müdafiə Nazirliyinin rəhbər heyətinin Türkiyəyə səfəri, qardaş ölkədə görüşlər keçirməsi Şuşa bəyannaməsinin icrası istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirilə bilər”.

 

Bunu Modern.az-a hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfərindən danışarkən deyib.

 

Onun sözlərinə görə, hərbi rəhbərliyin Türkiyədə keçirdiyi görüşlər olduqca əhəmiyyətlidir:

 

“Bildiyimiz kimi, Türkiyənin Milli Müdafiə Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov sentyabrın 14-dən Türkiyədə səfərdədir. Bu səfərin məqsədi Azərbaycan və Türkiyə dövlətlərinin müdafiə nazirlikləri rəhbərlərinin bir sıra görüşləri ilə bərabər, həm də Konya şəhərində keçirilən “TurAz Şahini-2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəci günü”ndə iştirakdan ibarət idi. Bundan başqa Azərbaycan Müdafiə nazirinin müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general Kərim Vəliyev də hazırda Türkiyədə səfərdədir”.

 

 

Ekspert səfərin dostluq şəraitində davam edən əlaqələri üst səviyyəyə qaldırmaq məqsədi daşıdığını söyləyib:

 

“Demək olar ki, Azərbaycan Ordusunun ilk üç ən önəmli şəxsləri qardaş Türkiyədə həm təlimləri izləyib, həm də cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediliblər. Bu qəbul təbii ki, həm də iki ölkənin qardaşlıq, dostluq şəraitində davam edən əlaqələrini daha da gücləndirib, üst səviyyəyə qaldırmaq məqsədi daşıyır. Bu görüşlər mütəmadi olaraq keçirilir, keçən ilin sonunda da belə görüş baş tutmuşdu.

 

Görüşlərin əsas məqsədi iki dövlət arasında mövcud əlaqələrin inkişafı, həm də hərbi və digər sahələrdə əməkdaşlığın uğurla davam etdirilməsinə hesablanıb. Türkiyədə baş tutan səmərəli görüşləri Şuşa bəyannaməsinin icrası istiqamətində atılan uğurlu addımlardan biri kimi də dəyərləndirə bilərik.

 

Azərbaycan və Türkiyənin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının genişlənməsi yalnız iki ölkə üçün deyil, həmçinin regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir”. 

 

 

 

 
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə gediblər.
 
 
Səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirib, o cümlədən Konya şəhərində davam edən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.
 
 
Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev isə sentyabrın 12-dən qardaş Türkiyədə rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri baş tutub. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
 
 
 
 
 
Fidan İlqar
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı