Modern.az

Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR

Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR

Parlament

23 Oktyabr 2021, 15:00

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Səfyar Musayevdir.

Səfyar Musayev I çağırış (1995-2000) Milli Məclisin üzvü olub.

Hakim Yeni Azərbaycan Partiyasının qurucularından olmuş Səfyar Musayev 1995-ci il noyabrın 12-də 74 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilmişdi. O, Milli Məclisin İnsan hüquqları komissiyasının sədri idi.

Səfyar Musayev deputat səlahiyyətlərini sonadək icra edə bilməmişdi. Xəstəlik səbəbindən 1999-cu ildə dünyasını dəyişən S.Musayevin deputat mandatını təhvil verməsinə hələ 1 il qalırdı.

S.Musayev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfərdən biridir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olan Səfyar müəllim mərhum dövlət başçısı Heydər Əliyevin ən sadiq silahdaşlarından idi.

O, Yeni Azərbaycan Partiyasının nüfuzlu şəxlərindən sayılırdı.


Səfyar Bəylər oğlu Musayev 1935-ci il iyulun 17-də Ermənistan Respublikası Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət ‎Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə ali təhsilini ‎fərqlənmə diplomu ilə başa vurmuşdu.

Əmək fəaliyyətinə 1958-ci ildə Basarkeçər rayonunun Çaxırlı kənd orta məktəbində müəllim kimi başlayan Səfyar Musayev, 1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin Basarkeçər, Marruni, Kamo və Krasnoselsk rayonları üzrə xüsusi müxbiri olub.

Elmə olan böyük marağı S.Musayevi 1962-ci ildə indiki Bakı Dövlət Universitetinin aspiranturasına gətirib çıxarmış, 1965-ci ildə tarix elmləri namizədi alimlik dərəcəsi almışdı. Həmin ildən universitetin Sov.İKP tarixi kafedrasının müəllimi olaraq pedaqoji fəaliyyətə başlamışdı. O, 1980-ci ildə ‎tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq ‎görülmüşdü.‎‎

1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri ‎seçilmiş və ömrünün son günlərinə kimi bu vəzifədə çalışmışdı. ‎

Professor Səfyar Musayev siyasi ‎tarix sahəsində geniş araşdırmalar aparan tədqiqatçılarından idi. Onun Azərbaycandakı ictimai-‎siyasi hərəkatlar və partiyalar, iqtisadi, tarixi və mədəni problemləri ‎elmi cəhətdən işıqlandıran monoqrafiyaları, məqalələri mətbuatda, kitablarda dərc olunub.

‎Sabiq deputat ömrünün 40 ilindən çoxunu BDU-da keçirib. Səfyar müəllimin rəhbərliyi altında ilk dəfə BDU-da siyasi tarix ‎kafedrası yaradılıb. Onun rəhbərliyi ilə 1991-‎ci ildə respublikada ilk dəfə “Siyasi tarix” dərsliyi də çap edilib.

S.Musayev 1992-ci ilin oktyabrında “Səs” qəzetində dərc ‎etdirdiyi “Mən niyə Əliyevçiyəm” adlı məqaləsində belə bir nəticəyə gəlirdi ki, Azərbaycanı bütün çətinliklərdən yalnız Heydər Əliyev xilas edə bilər.‎ Həmin illərdə Səfyar Musayev, Murtuz ‎Ələsgərov və Əli Əhmədovun rəhbərliyi ilə BDU-nun ‎siyasi tarix kafedrasında “Heydər Əliyevin müdafiəsi ‎mərkəzi” yaradılmış və Azərbaycanda yeni bir partiya ‎təsis edilməsi ideyası ortaya çıxmışdı.

Yeri gəlmişkən, hələ 1987-ci ildə Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılanda  onun portretini Sov.İKP MK Siyasi Büro üzvlərinin BDU-nun siyasi tarix kafedrasında asılmış şəkilləri sırasından çıxarmaq istəyiblər. Amma Səfyar Musayev buna mane olmuş və Heydər Əliyevin portreti SSRİ rəhbərlərinin şəkilləri sırasında saxlanılmışdı.

YAP 1992-ci il noyabrın 21-də Naxçıvan ‎şəhərində təsis edildikdən sonra mərhum Səfyar Musayevin rəhbərliyi ilə ‎BDU-nun ‎siyasi tarix kafedrasında 17 nəfərin iştirakı ilə partiyanın ilk ‎təşkilatı yaradılmışdı.


Səfyar Musayev “Ömür karvanı” kitabında “91-lər”in sırasında olmasını belə şərh edir:

“91 nəfər ziyalının Heydər Əliyevə müraciəti ehtiyacdan doğmuşdu və əslində, o müraciət təkcə onu imzalayanların ürəyindən yox, yeddi milyonluq xalqın, heysiyyəti tapdanmış yurd yerlərinin, qeyrəti sınağa çəkilmiş Vətənin, namusu tapdanmış Ana torpağın içindən qopan haray idi...
“91-lər” sırasında olmağımın əsas səbəbi məhz bu düşüncələrim, qənaətlərim idi. Və min-min şükürlər olsun ki, bu böyük insan bizim harayımızı cavabsız qoymadı, son məqamda batmaq anında olan Azərbaycanımızı xilas etdi".

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Yeni Azərbaycan Partiyasının tanınmış üzvlərinin müxtəlif sahələrdə önə çıxmasına səbəb olmuşdu. Səfyar Musayev 74 ‎saylı Goranboy-Naftalan seçki dairəsindən Milli ‎Məclisə deputat seçilmiş, parlamentin İnsan hüquqları daimi ‎komissiyasının, daha sonra isə Müstəqil Dövlətlər Birliyi Parlament ‎Assambleyasında Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri ‎təyin edilmişdi.

Səfyar ‎Musayev Azərbaycanın 1995-ci il 12 noyabrında qəbul olunan ilk ‎Konstitusiyasını hazırlayan 35 nəfərdən ibarət komissiyanın da üzvü olub. ‎

1995-ci ildə onun iştirakı ilə çapdan çıxmış “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” adlı monoqrafiya resbublika ictimaiyyəti tərəfinsənd maraqla qarşılanmışdı.

1995-ci il yanvarın 17-də anadan olmasının 60-cı ildönümü münasibətilə prezident Heydər Əliyev Səfyar Musayevi  təbrik etmək üçün onun evinə zəng edib. Sabiq deputat xatirələrində Heydər Əliyevin zəngini özünə qarşı böyük diqqət adlandırmışdı.

Milli Məclisdə Səfyar Musayevin rəhbərlik etdiyi İnsan hüquqları daimi ‎komissiyası 15-ə yaxın qanun layihəsi işləyib hazırlamış, bunlardan 8-i parlament tərəfindən qəbul edilmişdi.


Sabiq deputatın nəvəsi, indi onun yolunu YAP-da davam etdirən Fidan Hacıyeva babası ilə bağlı xatirələrində yazır:
 
“Babam Göyçə mahalının nüfuzlu ziyalılarından idi. Onun bir yolu və bir amalı olmuşdu: Heydər Əliyev yolu. Uşaqlıq çağlarından görürdüm ki, babam hər kəsə bu yolla getməyi tövsiyə edir, Heydər Əliyevin necə böyük şəxsiyyət olduğunu, xalqına necə şərəflə xidmət etdiyini söyləyirdi. 1992-ci ildə ölkəmiz çətinliklərlə üzləşəndə 91 nəfər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Aralarında babamın da olduğu ziyalılar yaradılacaq Yeni Azərbaycan Partiyasına məhz Heydər Əliyevin rəhbərlik etməsini istəyirdilər...

O vaxt babama mane olmaq istəyənlərə “yolum Heydər Əliyev yoludur, məni bu yoldan heç bir qüvvə çəkindirə bilməz” demişdi.

...6 yanvar 1999-cu il... Babamı bizdən alan o gün. Onun əbədiyyətə qovuşması nəinki bizi, hətta babamı tanıyan hər bir kəsi sarsıtdı. O vaxt mənim 11 yaşım vardı. Bayıra çıxıb izdihamı və insan axınını görəndə başa düşdüm ki, babam həqiqətən də bu Vətənə, xalqa layiqli bir insan olub. O, heç zaman insanları təbəqələrə bölməzdi, hər kəsə təmənnasız xidmət edərdi. Səfyar Musayevin etdiyi yaxşılıqları və xeyirxahlıqları nəinki bir məqaləyə, hətta bir kitaba belə yerləşdirmək qeyri-mümkündür.  Bütün Göyçə mahalı babamın başına toplaşardı. Hər kəs ondan məsləhət alar, tövsiyə və tapşırıqlarını dinləyərdi... 

...Babamın adı çəkilən hər bir məclisdə “Səfyar Musayev qeyrətli, mərd, sözünü deyən, xalqına, Vətəninə ləyaqətli şəxsiyyət olub” fikrini eşitmək mənim üçün çox qürurvericidi.
Onun həyat prinsipi ancaq insanlara yaxşılıq etmək idi”.


Səfyar Musayevin həmkəndlisi, BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasının professoru Sani Hacıyevin sabiq deputat barədə söylədikləri:

“Səfiyar müəllim haqqında yazmaq həm də cəsarət və məsuliyyət tələb edir... O, dəyərli ziyalı, yüksək tədqiqatçılıq qabiliyyətinə malik elm adamı, bacarıqlı təşkilatçı olmaqla yanaşı, həm də peşəkar pedaqoq idi. O, elmi pedaqoji fəaliyyəti dövründə tələbələrinə qarşı həmişə həssas, qayğıkeş yanaşmış, ləyaqətini hər şeydən uca tutan müəllim imici qazanmışdı. Məhz bu səbəbdəndir ki, o, xeyirxah əməlləri, insani keyfiyyətləri, mərhəməti və şəfqəti ilə bu gün də yetirmələrinin, tələbələrinin qəlbində yaşayır, xatirələrindən silinmir”.

S.Hacıyevin sözlərinə görə, Səfyar Musayev həm də iti qələmi olan publisist kimi iz qoyub:

“Onun elmi məqalələri, monoqrafiyaları ilə yanaşı, ictimai, siyasi səpkili publisistik yazıları da öz üslubu, fikir ayrılığı, orijinallığı ilə seçilirdi. Yazıların sadə, axıcı, lakonik dili, müqayisəli təhlil mədəniyyəti, dəmir məntiqi onun yaradıcılığını şərtləndirən əsas məziyyətlərdəndir. Qələmindən çıxan məqalələr siyasi, ideoloji, mənəvi mahiyyəti, məzmun konkretliyi daim siqqəti cəlb edir, elmi-fəlsəfi təhlili ilə seçilir. Səfyar Musayevin müxtəlif səpgili məqalələrindən milli ruh, türk dünyasına bağlılıq, vətənə sadiqlik, Göyçə həsrəti, Qarabağ dərdi boylanır"...

Səfyar Musayev 5 övlad atası idi. O, 1999-cu il yanvarın 6-da 64 yaşında vəfat edib. Sabiq deputatın dəfn mərasimində mərhum prezident Heydər Əliyev də iştirak etmişdi. Dəfn mərasimi isə Birinci Fəxri Xiyabanda keçirilmişdi...



A.Qorxmaz

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 
Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR 
Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!” 
Unudulan deputatlar: sərxoş sürücünün badına gedən Hikmət həkim…
Unudulan deputatlar: Elçibəyə rəqib olan, kabinetini AXC-yə verən, Heydər Əliyevin təriflədiyi Xalq YAZIÇISI 
Unudulan deputatlar: “Uşaqlarımdan muğayat olun” deyib vəfat edən partiya sədri - FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir