Modern.az

İtaliyada TAP boru kəmərindən bəhs edildi

İtaliyada TAP boru kəmərindən bəhs edildi

25 Oktyabr 2021, 20:11

“Sky” qlobal yayım şəbəkəsinin sahib olduğu İtaliyanın ikinci böyük xəbər kanalı “Sky TG24”də cari ilin əvvəlindən etibarən Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik (TAP) boru kəmərinin əhəmiyyətindən danışılıb.

 

Modern.az xəbər verir ki, süjetdə qitədə davam edən enerji böhranı, yaranan təbii qaz qıtlığı və artan qiymətlər fonunda İtaliyanın Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP boru kəməri sayəsində digər Avropa dövlətlərindən daha yaxşı vəziyyətdə olduğu bildirilib.

 

TAP-ın idarəetmə direktoru Luca Schieppati müsahibəsində deyib: “Yanvar-oktyabr aylarında İtaliya TAP-la 4,6 milyard kubmetr qaz idxal edib. Daha bir milyard kubmetr qaz Yunanıstan-Türkiyə sərhədini keçib və İtaliya ərazisinə göndərilib. İlin sonuna qədər İtaliyanın idxal edəcəyi qazın həcmi 7 milyard kubmetrə çatacaq. TAP İtaliyanın hazırda 70 milyard kubmetrdən bir qədər çox olan təbii qaz istehlakının 10 faizlik hissəsi təmin edəcək. Bu həcm hazırkı təbii qaz çatışmazlığı dövründə böyük töhfədir”.

 

L.Schieppati əlavə edib ki, TAP qarşıdakı 5 il ərzində mövcud infrastrukturlarla təbii qazla yanaşı, hidrogen və biometan da nəql edəcək. Boru kəməri sayəsində İtaliya ilə Şimali Avropa ölkələri arasında karbohidrogen qiymətindəki 10 faizlik fərq aradan qalxacaq.

 

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerjini mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır.

 

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.

 

Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağından hasil olunan təbii qazı Avropaya nəql edir. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

 

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırır. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.

 

Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

 

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi