Modern.az

Tanınmış alim vəfat etdi

Tanınmış alim vəfat etdi

Allah rəhmət eləsi̇n

1 Noyabr 2021, 10:35

Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Edil Əli oğlu Eyvazov vəfat edib.

Bu barədə Modern.az-a onun yaxınları məlumat verib.

Edil Əli oğlu Eyvazov 1940-cı ilin 9 avqustunda Qubadlı rayonunun Tarovlu kəndində anadan olub.1957-ci ildə Qubadlı orta məktəbini, 1963-cü ildə isə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirib. Edil Eyvazov 1963-67-ci illərdə həmin universitetin kristallar fizikası kafedrasının aspirantı olub, 1967-ci ildə dielektriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə edib.

1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışıb.

Professor Edil Eyvazovun elmi araşdırmaları bərk cisimlərdə makroskopik və quruluş deffektlərinin, maqnit yarımkeçiricilərdə kinetik və maqnitorezonans hadisələrin tədqiqinə həsr olunub. O, xarici qüvvə sahələrinin təsiri ilə ion kristallarında dislokasiya zonalarının yaranma effektini aşkar edən alimlərdəndir. Bu effekt dislokasiya nəzəriyyəsi və radiasiya materialşünaslığı üçün xüsusilə əhəmiyyətlidir.

O, ilk olaraq maqnit keçid temperaturu otaq temperaturuna yaxın olan maqnitnizamlı materialların alınmasının kristallofiziki prinsipini müəyyən etmiş, onun rəhbərliyi altında bir sıra yeni maqnit materialları sintez edilmiş, bu maddələrdə maqnitorezonans və kinetik hadisələr müfəssəl öyrənilib. Bu qəbildən, onun ferromaqnit xrom halkoşpinellərin maqnit faza keçidi zamanı kinetik parametrlərin dəyişməsi, bu maddələrdə maqnit nizamının formalaşmasında altqəfəslərarası və altqəfəslərdaxili mübadilə qarşılıqlı təsirlərinin rolu və maqnit nizamlığının energetik spektrə təsirinə həsr olunmuş tədqiqatları xüsusi əhəmiyyət kəsb edir.

Professor Edil Eyvazov SSRİ EA-nın məruzə və xəbərlərində, Almaniyada nəşr olunan Phys. Stat Solidi, Ukrayna EA-nın xəbərləri,”Bərk cisimlər fizikası” və s. jurnallarda çap olunmuş 150-dən çox elmi məqalənin, həmçinin fizikanın təbliği və tədrisi ilə bağlı 16 kitabın müəllifidir.

Professor Edil Eyvazovun rəhbərliyi ilə 10-a yaxın namizədlik dissertasiyası müdafiə edilib. O, uzun illər namizədlik və doktorluq müdafiə şuralarına rəhbərlik edib.

Edil Eyvazov çoxsaylı beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib. O, müxtəlif dövrlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru,  fizika fakültəsinin dekanı və Mexanika və molekulyar fizika kafedrasının müdiri vəzifələrində çalışıb.

  Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür