Modern.az

12-ci birinci katib - Kamran Bağırovun Azərbaycandan getmiş xanımı danışmaq istəmir - FOTOLAR

12-ci birinci katib - Kamran Bağırovun Azərbaycandan getmiş xanımı danışmaq istəmir - FOTOLAR

Reportaj

24 Yanvar 2013, 13:49


Modern.az
saytının məlumatına görə, bu gün-24 yanvar tarixi Azərbaycanın sabiq rəhbəri, 1982-1988-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası  Mərkəzi Komitəsinin birinci katibi işləmiş Kamran Bağırovun doğum günüdür. K.Bağırovun Azərbaycana rəhbərlik etdiyi müddət keçmiş SSRİ-nin tarixinə durğunluq dövrü kimi düşüb. Kamran Bağırov Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 12-ci birinci katibi olub.

Kamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində orta ranqlı vəzifədə çalışdıqdan sonra, 1974-cü ildə  Sumqayıt şəhər komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilib.

1982-ci ildə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birici katibi postuna əyləşib. 1988-ci ilin əvvəlində ermənilər Qarabağda aktivləşərək separatçılıq hərəkatına başlayanda K.Bağırov demək olar ki, vəziyyətdən hər hansı bir çıxış yolu tapa bilmədi. SSRİ rəhbərliyi Azərbaycandakı hakimiyyətsizliyi görərək onu dəyişdirmək qərarına gəldi. Bu hadisə 1988-ci ilin mayında baş verdi. Bağırovu çıxarıb əvəzinə Əbdürrəhman Vəzirovu gətirdilər.
 
Sonradan Kamran Bağırovu Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri təyin etdilər və o, bir müddət bu vəzifədə çalışdı.

Sabiq rəhbər 25 oktyabr 2000-ci ildə 67 yaşında dünyasını dəyişib.

  Modern.az saytı bir müddət öncə Kamran Bağırovun ailəsi ilə bağlı araşdırma apararkən, yeni məlumatlar öyrənmişdi. Məlum olmuşdu ki, sabiq rəhbərin ailəsi uzun illərdir Azərbaycanın hüdudlarından çox-çox uzaqda yaşayır. Kamran Bağırovun həyat yoldaşı Tatyana Alekseyevna Bağırova artıq 9 ildir ki, Azərbaycandan xaricə köçüb. T.Bağırova Bakıdan köçərkən, buradakı evini də satıb və Avstraliyaya - oğlunun yanına gedib.

Modern.az-ın araşdırmasına görə, Kamran Bağırov Azərbaycanda vəzifədən gedəndən sonra onun oğlu Teymur Bağırov Avstraliyaya köçüb, orada mənzil alıb, özünə iş qurub.

Kamran Bağırov 25 oktyabr 2000-ci il (67 yaşında) dünyasını dəyişəndən bir neçə il sonra mərhumun həyat yoldaşı Tatyana xanım da Azərbaycanda qalmaq istəməyib, oğlunun yanına köçüb. Lakin Avstraliyada yaşayan Bağırovlar ailəsi bədbəxt hadisəylə üzləşib. Belə ki, 2011-ci ilin dekabrın 1-də Kamran Bağırovun oğlu Teymur Bağırov öz işini yerinə yetirərkən ayağı sürüşüb və laboratoriya üçün analiz götürdüyü göldə batıb. Mərhum, ixtisasca bioloq işləyirmiş. Teymur Bağırov 19 ilə yaxın imiş ki, Avstraliyada yaşayırmış...

Teymur Bağırov Kamran Bağırovun yeganə övladı olub. Onun həyat yoldaşı milliyətcə ukraynalıdır və bu nikahdan ailənin üç qız övladı dünyaya gəlib.
Mərhum Kamran Bağırovun həyat yoldaşı Tatyana Bağırova hazırda Avstraliyada nəvələri və gəlini ilə birgə yaşayır.

Modern.az saytı çox çətinliklə də olsa, mərhum K.Bağırov yaxın olmuş dostlarından birinin vasitəsilə Avstraliyada yaşayan Tatyana Bağırovanın əlaqə nömrəsini taparaq, ondan müsahibə almağa cəhd göstərib. Amma sabiq rəhbərin xanımı heç bir şey haqda danışmaq istəməyib.




A.Qorxmaz  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır