Modern.az

Milli Məclis əcnəbilərlə bağlı qanun layihəsini qəbul etdi

Milli Məclis əcnəbilərlə bağlı qanun layihəsini qəbul etdi

Təhsil

5 Mart 2013, 18:00

Milli Məclis bu gün “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin” Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı qanun layihəsini qəbul edib. Modern.az xəbər verir ki, bu qanun layihəsinə görə, Azərbaycana gələn vətəndaşlığı olmayan əcnəbi şəxslər aidiyyatı yer üzrə qeydiyyata alınmalıdırlar. Ərizə daxil olduqdan sonra viza əsasında gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

Viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə və viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə qala bilərlər.

Bu isə Azərbaycana Gürcüstandan və Rusiyadan gələn azərbaycanlıların burada qalması ilə bağlı çoxdan bəri olan problemi həll etməyə imkan verəcək. Gürcüstanda ölkəmizə gələn vətəndaşlarımızın şikayətlərinin daxil olması ilə bağlı məlumatlar var idi. Bu qanun layihəsi həmin məsələləri tənzimləyə biləcək. Bu qanun birmənalı şəkildə qəbul olunmayıb. Bəzi deputatlar bu qanunu tənqid ediblər. Viza müddətinin azaldılması və vizada göstərilən müddətin dünyada yaşan soydaşlarımızın ölkəmizə gəlib getməsində problem yaradacağını əsas gətiriblər.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, bu qanunun qəbul olunacağı təqdirdə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın  bura gəlməsində ciddi problemlər yaşanacaq.

“Belə ki, Təbrizdən və digərlərindən xeyli sayda soydaşlarımız bayram vaxtı Azərbaycana gəlir. Burada yaxşı pul xərcləyirlər. Onlar çadralarını bir kənara tullayaraq burada yeyib-içib pul xərcləyirlər Azərbaycanın dünyavi sisteminin bütün imkanlarından istifadə edirlər. Bu qanunu qəbul etməklə əcnəbi vətəndaşlar burada özlərini total nəzrətdə hiss edəcəklər. Bu isə ölkəmiz haqqında yaxşı imic formalaşdırmayacaq”.-deyə deputat bildirib.

Q.Həsənquliyev qeyd edib ki, Ermənistan yanvardan Avropa Birliyinə üzv ölkələr üçün viza rejimini tamamilə qaldırdı.

“Biz də viza rejimini aradan qaldırmalıyıq ki, əcnəbilər Azərbaycana rahat gəlsinlər, pul xərcləsinlər.

Milli Məclisin üzvü Fazil Mustafa da bu qanunun soydaşlarımıza qarşı tətbiq edilməsinə qarşı çıxıb. O bildirib ki, xaricdə yaşayan azərbaycanlılarla, Avropa və Amerikalıları fərqləndirəcək məqam tapılmalıdır ki, soydaşlarımız sərbəst şəkildə Azərbaycana gəlib gedə bilsinlər.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu qanun heç bir azərbaycanlının qarşısında sədd çəkmir. Spikerin sözlərinə görə, bu qanun dünyada azərbaycanlı həmvətənlərimizin statuslarını da artırmağa yönəlib.

Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, bu qanunun qəbulu indiyə qədər Azərbaycanda qeydiyyatsız yaşayan bır sıra şəxslərin qeydiyyat məsələsinin həllinə kömək edəcək. O qeyd edib ki, 1990-cı illərdə Azərbayacana kütləvi şəkildə gəlmiş gürcüstanlı soydaşlarımız hazırda ciddi olaraq problemlərlə üzləşiblər.

“İndi onların uşaqları böyüyüblər, nə bir doğum haqqında şəhadətnamələri, nə də bir şəxsiyyət vəsiqələri var. Uşaqlar böyüyüb onları nə oxutdura, nə də məktəbə qoya bilirlər. Odur ki, vaxtında onlar qeydiyyat düşsəydilər, bu sənədləşmə həll olunsaydı, indi onlarla bağlı belə problemlər yaşanmazdı. Bu qanun layihəsi həmin problemlərin aradan qaldırılmasına xeyli kömək edəcək.

Deputat Rasim Musabəyov isə ikili vətəndaşlığı olan azərbaycanlıların problemlərinə diqqət çəkərək bildirib ki, qanunda bu məsələ ilə bağlı problemlər həll edilməlidir. O bildirb ki, Azərbaycan iki vətəndaşlığı tanımasa belə Rusiya pasportu olan 10 minlərlə azərbaycanlı var.

“Onlar Azərbaycana gələrkən ölkə vətəndaşı kimi, ölkəni tərk edərkən isə əcnəbi vətəndaş kimi tərk etməyə məcbur olurlar. Təklif edirəm ki, həmin soydaşlarımızın xüsusi olaraq hüquqlarının bir qanunda tənzimlənməsi tətbiq edilsin və bu məsələ həll edilsin”.

Müzakirələrdən sonra qanun səsə qoyulub və qəbul edilib.

Xəqani Səfəroğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı