Modern.az

Orduda əsgər ölümləri - “Yalnız psixoloq əsgəri böhrandan çıxara bilməz” - Deputat

Orduda əsgər ölümləri - “Yalnız psixoloq əsgəri böhrandan çıxara bilməz” - Deputat

Aktual

7 Mart 2013, 09:26



Son illər əsgər ölümlərinin və intiharlarının qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələrində hərbi psixoloq ştatlarının yaradılmasına dair layihə hazırlanıb və artıq hökumətə təqdim olunub. Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edildikdən sonra orduda yeni – psixoloq ştatları yaradılacağı gözlənilir. İlk mərhələdə briqada və taborların psixoloqlarla komplektləşdirilməsi nəzərdə tutulur. Silahlı Qüvvələrdə hesab edirlər ki, hərbi psixoloq ştatlarının yaradılması ordudakı neqativ halların, xüsusilə də intiharların sayının azalmasına təsir göstərəcək.

Modern.az məsələ ilə bağlı rəsmi mövqe öyrənib.

Milli Məclisin Müdafiə məsələləri və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc isə hesab edir ki, hərbidə psixoloq ştatlarının yaradılması ilə əsgər ölümlərini sıfıra endirilməsini düşünmək sadəlövhlük olar. Onun sözlərinə görə, psixoloq ştatının yaradılması ilə orduda intiharların, əsgər ölümlərinin azalacağını fikirləşmək düz deyil.

Deputat hesab edir ki, kompleks tədbirlərə yönəlik işlər görülməlidir. Onun sözlərinə görə, orduya hazırlıq üçün dövlət proqramı qəbul olunmalı, sağlam şəxslər xidmətə cəlb olunmalı, eyni zamanda orduda idarəedicilik tətbiq olunmalıdır. Bundan başqa, orduda islahat edərək Avropa idarəçilik sistemində özünü göstərən struktur modelləri və tendensiyaları gətirmək olar.

Z. Oruc onu da bildirib ki, orduya ictimai nəzarət daha yeni əsaslarla qurulmalı, o cümlədən, parlamentdə ordu rəhbərliyinin hesabatlılığı təmin edilməlidir:

“Son dövrlər baş verən əsgər ölümləri ictimaiyyətdə də narahatlıqlar yaradır. Bu da başa düşüləndir. Odur ki, bu prosesin daha yüksək əsaslarla qurulmağına yönəlik təkliflər, baxışlar meydana çıxır. Tək bir ştatın yaradılması nəticəsində orduda mənəvi, psixoloji duruma təsir edəcək bir şey deyil, həm də kompleks tədbirlərə yönəlik işləməliyik. Sadəcə bir psixoloq ştatının yaradılması ilə fərqli mühitlərdən gəlmiş insanların yarana biləcək hər hansı böhrandan çıxaralacağını demək olmaz. Bununla da bütün problemlərin həll olunacağını zənn etmək yanlışdır. Düşünürəm ki, bu çox vacib tədbirdir. Keçmişdə “zampolit” adlandırılan və sovet hərbi idarəçiliyində özünü göstərən siyasi təlim üzrə müavinləri yalnız psixoloqların əvəz edəcəyi yanlışdır. Əlbəttə, ən adi iqtisadi strukturda, orta məktəbdə Qərb idarəçilik, iqtisadi, sosial sistemində psixoloq ştatları mövcuddur. Bu çox önəmlidir. Çünki şəxs fiziki cəhətdən sağlam ola bilər, amma hər hansı şəraitdə, döyüş anında ağır stress keçirə bilər. Bunları, eyni zamanda hər hansı qəddar hərəkətin qarşısını psixoloq ştatının yaradılması hesabına almaq olar. Amma digər problemləri həll etməmiş bütün ağırlığı, mənəvi və başqa xarakterli yükü bir insanın üzərinə qoyub, bununla da ordunun problemlərini həll edilməsini , əsgər ölümlərinin sıfıra endirilməsini düşünmək sadəlövhlük olar”.

Gültəkin Ələsgər 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır