Modern.az

Deputat Qadınlar bayramını şəhid anaları ilə birgə qeyd etdi - FOTOLAR

Deputat Qadınlar bayramını şəhid anaları ilə birgə qeyd etdi - FOTOLAR

7 Mart 2013, 11:32

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB və Respublika Şəhid Anaları Cəmiyyəti 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid anaları, şəhid xanımları, şəhidlərin  qız övladları üçün  tədbir keçirib. Tədbirdə xarici dövlətlərin ölkəmizdəki diplomatik korpus nümayəndələri, millət vəkilləri, ölkənin ictimai-siyasi xadimləri, ziyalıları, sənətçiləri iştirak edib.

Tədbirin açılışında çıxış edən Qənirə Paşayeva  bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. “Şəhidlərimiz kimi, onların anaları da bizim üçün çox qiymətlidirlər. Vətənimiz, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlər kimi şəhid anaları da müqəddəs və dəyərlidir. Çünki bu xanımlar vətənin çətin günündə onu müdafiə edən və uğrunda şəhid olan dəyərli oğullar, qızlar böyüdüb. Onların xatirəsi bizlər üçün əzizdir, - deyən millət vəkili Qənirə Paşayeva “Həyata küsmə” albomunun satışından əldə olunan gəlirlə cəmiyyətin saytının yaradılacağını və şəhidlərimizlə bağlı bəzi kitab və video materialların hazırlanacağını bildirib.   Tədbirdə Respublika Şəhid Anaları Cəmiyyətinin sədri, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova çıxış edib. O, millət vəkilinin atdığı bu humanist addımı alqışlayaraq təşəkkür edib. Tədbirdə iştirak edən Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyit Ahmet Arslan, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri  Saadettin  Topukçu çıxış edərək qadınları 8 Mart Beynəlxalq Qadınlar günü  münasibətilə  öz  təbriklərini dilə gətiriblər və şəhidlərimizə Allahdan rəhmət diləyiblər. 

Tədbirdə iştirak edən Türkiyənin opera ifaçısı Oya Ergün şəhid valideynlərinə başsağlığı verərək,  onları bayram münasibətilə təbrik edib.

Tədbir Azərbaycanın əməkdar artisti Elza Seyidcahanının şəhid ailələri üçün hazırladığı  xüsusi  konsert proqramı ilə davam edib. Səhnədə müğənnini “Şadan” qrupu müşayiət edib.








Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir