Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Kristofer Ştrasserin siyasi məhbuslarla bağlı təqdim etdiyi siyahı iflasa uğrayandan sonra hüquq müdafiəçiləri siyasi məhbuslarla bağlı yeni siyahının hazırlanmasına başlayıblar. Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Modern.az-a bildirib ki, AŞPA-nın yaz iclasına kimi yeni siyahı hazır olacaq.
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, millət vəkili Çingiz Qənizadə bildirib ki, Ştrasserin şişirdilmiş, faktlara əsaslanmayan siyahısı iflasa uğrayıb. Onun sözlərinə görə, Monitorinq Qrupu Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Hüquq müdafiəçisi bildirib ki, onların siyahısında 8-10 məhbus var. “Amma həmişə demişəm ki, Avropa Şurasına siyahı təqdim edib onlara hansısa ölkəyə təzyiq etmək düzgün addım deyil. Biz hüquq müdafiə təşkilatlarının Monitorinq Qrupu olaraq hər şeyin ölkədə dialoqla həll olunmasının tərəfdarıyıq. Bu siyahı müvafiq qurumları ilə mütəmadi görüşlər zamanı qaldırılır. Siyahıda olan 10 nəfər barəsində danışıqlar aparılıb. Cənab prezidentə də sağ olsun ki, əfv fərmanında hər dəfə bu insanlardan kimisə əfv etməklə siyahıda olan insanların sayını azaldıb. Mətbuatda gedən məlumatlara görə də Novruz bayramı ərəfəsində də əfv fərmanı olacaq. Təşkilatımızda olan 10 nəfər siyahını da göndərmiş və bildirmişik ki, siyahıda olan 10 nəfərin azadlığa buraxılması müzakirə mövzusu olsun”.
Gültəkin Ələsgər