Modern.az

Kəlbəcərin işğal günü Moskvada anılıb - FOTOLAR

Kəlbəcərin işğal günü Moskvada anılıb - FOTOLAR

Aktual

7 Aprel 2013, 14:14

Kəlbəcər rayonunun işğalının 20 illiyi ilə bağlı Moskvada anım mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, mərasimdə Rusiyada yaşayan azərbaycanlı ziyalılar, iş adamları, diaspor  nümayəndələri ilə yanaşı Moskvada məskunlaşmış  kəlbəcərlilərdə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi şair Nəsib Nəbioğlu mərasim iştirakçılarını salamlayıb.

Sonra Kəlbəcərin işğalı zamanı şəhid olan, Qarabağ uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  

Nəsib Nəbioğlu çıxışında bildirib ki, bu gün Azərbaycan  xalqı, ilk növbədə kəlbəcərlilər üçün çox ağır bir gündür. “Kəlbəcərin işğalından 20 - il ötməsinə baxmayaraq, torpaqlarımız işğal altında qalmaqdadır.  Kəlbəcərin işğalıyla bağlı  BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Amma bu və digər qətnamələr yerinə yetirilməyib və yetirilməyəcək. Bunlara inanmaq lazım deyil. ATƏT-n apardığı danışıqlar, bütün bunlar hamısı cəfəngiyyatdır. İndən belə hələ çox iyirmi illər gözləməli olacağıq. Biz 20-ildir ki, böyüklü-kiçikli məmurlarımız dilindən eşidirik ki, torpaqlarımızı istənilən yolla azad edəcəyik. Biz kəlbəcərlilər  də səbrlə torpaqlarımızın azad olduğunu gözləmişik. Ümidlə gözləmişik ki, Azərbaycan dövlətinin apardığı ardıcıl siyasət nəticəsində, ordumuzun döyüş bacarığı ilə Kəlbəcər və digər torpaqlar işğaldan azad ediləcək. Amma bu günə qədər bir qarış torpağımız işğalçılardan azad olmayıb. Biz yalnız hər il torpaqlarımız işğal olunmasının il dönümlərini,anım günlərini  qeyd edirik. Bu çox ağır bir haldır. İllər keçdikcə torpaqlarımızın geri qayıtmağına ümidimiz  azalır. Biz artıq ümidimizi itiririk. Azərbaycan  bölgədə qüdrətli bir dövlət kimi, güclü orduya malik  olan bir dövlət kimi  torpaqlarını azad etməlidir”.

Daha sonra “Ağsaqqallar cəmiyyətinin” sədri Məhəmməd Quliyev  Kəlbəcərin haqsız işğalından danışıb, onun təxribatların qurbanı olduğunu söyləyib. M.Quliyev Kəlbəcərin zəngin yeraltı, yerüstü sərvətlərindən söz açıb.

“Kəlbəcərin azad olunması məsələsi hələ də öz həllini tapmır. Getdikcə bu ərazilərdə Suriyadan, Livandan və digər ölkələrdən köçən erməniləri yerləşdirirlər. BMT və ATƏT prinsiplərinə məhəl qoymurlar”.

O, ermənilərin münaqişənin həllində maraqlı  olmadıqlarını bildirib. “Ermənilər bütün dünya  ictimaiyətini  aldadır və yalan danışmaqda  da davam edirlər. Ermənilərə heç bir güzəşt olmayacaq, torpaqlarımız  qeyd-şərtsiz azad  edilməlidir”,- deyə vurğulayıb.

Tarix elmləri namizədi, şair, publisist Əşrəf Hüseynli çıxışında qeyd edib ki, Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Ə.Hüseynli çıxışında tarixi faktlara istina edərək bu ərazilərdə heç vaxt ermənilərin yaşamadığını söyləyib. “Kəlbəcərdə Azərbaycanın tarixi ilə bağlı çox qədim abidələr var,  bütövlüklə bu tarixi abidələr  qədim yaşayış məskənləri Kəlbəcərin  məhz bizə mənsub olduğunu göstərir”.

“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov Kəlbəcərin zəngin sərvətindən, füsünkar təbiətindən, mərd insanlarından söz açıb. 

“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin üzvü şair,  Abbas Ağdabanlı  doğulduğu böyüyüb başa çatdığı Ağdaban kəndinin yandılmasından danışıb. Şair 14 nəfər yaxın qohumunun bir gecədə amansızcasına öldürüldüyünü qeyd edib.

Daha sonra tədbirdə  Kəlbəcərin işğalından bəhs edən videoçarxlar  nümayiş etdirilib.

Əslən Kəlbəcər rayonundan olan hacı Əbdüləziz Kəlbəcərdə və bütövlüklə Qarabağ uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar oxuyub.

Tədbirin sonunda Kəlbəcər və  Qarabağ şəhidlərinin ruhuna ehsan verilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür