Müsəlman şərqində demokratik respublikanı Azərbaycan xalqı yaradıb

Müsəlman şərqində demokratik respublikanı Azərbaycan xalqı yaradıb

Parlament

26 May 2023, 15:07

Artıq ikinci ildir ki, 28 mayı xalqımız  Müstəqillik Günü kimi qeyd edir. Xatırladım ki, iki il əvvəl Milli Məclisin qəbul etdiyi 15 oktyabr 2021-ci il tarixli “Müstəqillik Günü” haqqında Qanunla mayın 28-nin Müstəqillik Günü elan edilməsi, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi qərara alınmışdır.  Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin,  müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq adla adlanması olduqca əhəmiyyətlidir. 

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Həmin vaxt  Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Cəmi 23 ay mövcud olsa da,  Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun təməlini qoymuşdur. Yəni, müstəqil  Azərbaycan dövləti artıq Çar Rusiyasının dağılması nəticəsində 104 il bundan əvvəl yaranmışdır.

 

Tarixdə baş verən hadisələr, təsdiq edir ki, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu əbədi, dönməz, sarsılmaz etmək daha  çətindir. Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti də belə çətin tarixi sınaqlarla üzləşmiş və müstəqilliyi cəmi 23 ay qoruya bilmişdir. Sonrakı hadisələr, Sovet Rusiyası qoşunlarının XI qırmızı ordu hissələrinin Bakıya hücumu, Xalq Cumhuriyyətinin süqutu və hakimiyyəti Azərbaycan kommunistlərinə təhvil verməsi, daha sonra Azərbaycanda Sovet Sosialist Respublikası qurulması, 1922-ci ildən 1936-cı ilə qədər Azərbaycanın ZSFSR-in tərkibində,  1936-cı ildə ZSFSR ləğv edildikdən sonra isə Azərbaycan SSR-nin  ayrıca müttəfiq respublika kimi SSRİ-nin tərkibinə daxil olması və 70 il çəkən sovet müstəmləkəsi dövrü tarixə yaxşı bəllidir. Xalqımız və Azərbaycan dövlətçiliyi həmin dövrdə çətin tarixi sınaqlara məruz qalsa da, çox şanslıyıq ki, bu dövr həm də Azərbaycan millətçiliyini və dövlətçiliyini məhv olmağa imkan verməyən dahi Heydər Əliyevi yetişdirmişdir. Məhz Ulu Öndərin uzun illər ərzində Azərbaycana rəhbərlik etməsi, rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ruhunu və milli dövlətçilik ideyasını sönməyə qoymayan uzaqgörən siyasəti xalqımızın SSRİ dağıldıqdan sonra yenidən müstəqilliyini bərpa etmək gücünün təməlində dayanır. 

 

SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunarkən Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Yəni, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. 

 

Xalqımız və dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini həmişə dərin hörmətlə anır. Biz həmişə fəxr edirik ki, ilk dəfə olaraq müsəlman şərqində demokratik respublikanı Azərbaycan xalqı yaradıb. Həm Ulu Öndərin, həm də cənab İlham Əliyevin hakimiyyəti dövründə qədim dövlətçilik ənənələrinə sahib çıxmaq, tariximizi nəsildən-nəslə ötürmək missiyasına böyük əhəmiyyət verilmişdir. Hamımız yaxşı xatırlayırıq ki, 2018-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızda dövlət səviyyəsində qeyd edilmişdir. Cənab Prezident 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalamışdır. 

 

Müstəqilliyimizi 18 oktyabr 1991-ci il tarixində bərpa etsək də, müsair müstəqil Azərbaycan dövlətinin yaradılmasını Ulu Öndər Heydər Əliyevə borclu olduğumuz Azərbaycan dövlətçiliyinin danılmaz həqiqətidir. Çünki ölkəmizdə qardaş qırğınına, vətəndaş müharibəsinə, xaosa son qoyan dahi şəxsiyyət Heydər Əliyev olmasaydı həmin dövrün rəhbərliyinin səriştəsizliyi, hakimiyyət uğrunda gedən mübarizələri  şübhəsiz ölkəni vətəndaş müharibəsinə aparacaq və müstəqilliyimiz yenidən itirilmək təhlükəsi altına düşəcəkdi. Xalqın tələbi ilə ümummilli liderimiz Ulu Öndər Heydər Əliyev 1993-cü il 15 iyun tarixində-xalqımız üçün əsl qurtuluş günündə hakimiyyətə gəldikdən sonra Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrilmişdir.

 

Ulu Öndərin hakimiyyətə gəlməsi ilə başlayan müstəqil Azərbaycanın inkişafı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər zirvəsinə yüksəlmişdir. Ölkəmizin üçrəngli bayrağı işğaldan azad olunmuş ərazilərimizdə dalğalanmaqla Azərbaycanın müstəqilliyinin, həm də bütün beynəlxalq hüquqla tanınmış ərazilərində tam bərpa olunmuş müstəqilliyinin sarsılmaz və əbədi olduğunu elan edir. 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı Zəfər müasir Azərbaycanın müstəqillik tarixinin zirvəsini təşkil edir. 

 

Bu gün müstəqil Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu iqtisadi siyasət, xüsusən son zamanlarda nəhəng enerji və nəqliyyat-tranzit layihələrində iştirakımız, hər il ölkəmizə gələn çoxsaylı rəsmi qonaqlar, dünya dövlətlərinin liderləri ilə keçirilən görüşlər, eləcə də cənab Prezidentin rəsmi səfərləri, Azərbaycanın ardıcıl 3 il dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsi, qardaş Türkiyə başda olmaqla Türk  dünyası dövlətləri ilə artan dostluq münasibətləri, Ermənistanla sülh danışıqları prosesində gündəliyi diktə edən tərəfin  Azərbaycan olması, ölkəmizin daxilində hökm sürən siyasi sabitlik, Böyük Qayıdışın sürətlə və ən yüksək səviyyədə tamamlanması istiqamətində aparılan işlər, ölkənin bütün sahələrində davam edən inkişaf və tərəqqi təsdiq edir ki, Azərbaycanın iqtisadi, diplomatik müstəqilliyi, enerji təhlükəsizliyi və milli təhlükəsizliyi tam təmin olunmuşdur. 

 

Xalqımızın mübarizlik ideyaları, azadlığımız, torpaqlarımız uğrunda canından keçməyə qadir olması artıq bütün dünyaya bəllidir, bu da bir daha sübut edir ki, müstəqilliyimiz sarsılmaz və əbədidir. Müstəqillik günü münasibəti ilə həm Cumhuriyyətin yaradıcılarını, həm də müasir Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə anır, hər bir azərbaycanlının Müstəqilik Gününü təbrik edirəm.  

 

Ziyafət Əsgərov

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ruben Vardanyan qadın paltarında Qarabağdan çıxmağa çalışıb